Ursula Le Quin. Omelası tərk edənlər.

Ursula Le Quin. Omelası tərk edənlər.

Qaranquşları diksindirərək uçuran zəng sədaları ilə Omelasa, dənizin nurlandıraraq ucaltdığı şəhərə Yay Festivalı qədəm qoydu. Limandakı gəmilər əlvan bayraqlarla bəzədilib. Küçələrdə qırmızı damlı və rəngarəng divarlı evlərin arası ilə, torpağını yosun örtmüş köhnə bağçaların cığırları ilə, çoxlu ağacların olduğu xiyabanlarla böyük parkları və ictimai binaları ötərək bayram əhval-ruhiyyəli insan topluları hərəkət edir. Bəzi yerlərdə bu əsl təntənəli yürüşdür: çəhrayi, bənövşəyi və boz rənglərdə olan ağır, uzun mantiya geyinmiş qocalar; ciddi görünüşlü ustalar; qucaqlarında balaca uşaqları ilə şən, ancaq aşağı səslə gəzərək danışan qadınlar. Qonqlar və tamburinlərin səsləndiyi digər küçələrdə isə insanlar rəqs edirlər və yürüş böyük rəqsə çevrilir. Sevincək tərzdə uşaqlar o tərəf, bu tərəfə qaçışır və onların səs-küyü uçuşan qaranquşlar kimi musiqidən və nəğmələrdən daha yuxarı qalxır. Bütün yürüşlər şəhərin şimalında yerləşən “Yaşıl Sahə” adlanan böyük çəmənliyə axışır, harayakı, aydın səma altında öz ayaqları palçığa batmış, uzun elastik qolları olan çılpaq oğlan və qızlar ipə-sapa yatmayan atlarını yarışdan öncə məşq etdirirlər. Atlarda heç bir qoşqu yoxdur, yalnız kəmsiz qısa cilovları var.Bunun əvəzinə onların yalları gümüşü, qızılı və yaşıl lentlərlə hörülərək bəzədilmişdir. Atlar burunlarını genişləndirir və şahə qalxırdılar, aydın görünür ki, atlar həyəcanlıdır, bu isə atların bizim mərasimlərimizi özlərininki kimi qəbul edən yegənə heyvanlar olması ilə bağlı ola bilər. Şimala və qərbə doğru uzaqda boğazda yerləşən Omelası yarı əhatə edən dağlar ucalır. Səhər havası o qədər təmizdir ki, mavi səmanın altında çox-çox mil uzaqda bəyaz qızıltək yanan hələ də başıqarlı “On Səkkiz Pik” zirvələri görsənir. Cıdır yolu üzərində olan bayraqları zaman-zaman çırpınmağa məcbur edəcək qədər külək var idi. Nəhəng yaşıl vadinin sükutunda gah yaxından, gah da uzaqdan gələn, lakin getdikcə güclənən şəhər küçələrində gəzişənlərin musiqi sədaları eşidilir. Havada bəzən, sanki oyanıb, toparlanıb və zənglərin şən sədaları ilə işıldayan məstedici zərif bir şirinlik var.
Sevinc! Sevinc barədə necə danışmaq olar? Omelas sakinlərini necə təsvir etmək olar?
Onlar xoşbəxt olsalar da, hər şey göründüyü qədər sadə deyil. İndi biz şən sözləri bir o qədər də çox işlətmirik. Təbəssümlər də keçmişə gedir. İnsanlar bu cür təsviri gördükdə, adətən kifayət qədər aydın nəticələrə gəlirlər. İnsanlar onlara indi nəcib cəngavərlərin əhatəsində olan, öz əzəmətli atında və ya əzələli qullarının çiynidə qızıl suyuna batırılmış kəcavəyə oturan kral haqqında danışılacağını gözləyirlər. Lakin Omelas sakinlərinin kralı yoxdur. Orada qılıncdan istifadə etmirlər və qul saxlamırlar. Onlar barbar deyillər. Mən onların cəmiyyətinin qayda və qanunlarını bilmirəm, lakin güman edirəm ki, bunların sayı olduqca azdır. Şəhər sakinləri monarxiya və quldarlıq olmadan keçinə bildikləri kimi, fond birjası, reklam, gizli polis və nüvə bombası olmadan da yaşaya bilirlər. Lakin mən yenə də təkrarlayım ki, bu sadəlikdən irəli gəlmir, onlar mülayim çoban, nəcib vəhşilər və sakit utopiyaçılar deyillər. Onlar sizinlə biz olduğumuzdan heç də daha az mürəkkəb deyillər. Məsələ ondadır ki, bizim xoşbəxtliyi çox axmaq bir nəslə saymaq kimi xırdaçı və “təcrübəli” adamlardan ilhamlanaraq əldə etdiyimiz pis vərdişimiz var. Təkcə ağrı intellektual, yalnız şər maraqlıdır. Şərin bayağılığını, ağrınınsa ifratca darıxdırıcılığını qəbul etmək isə rəssamların xəyanətidir sadəcə. Onlara qalib gələ bilmirsənsə, onlara qoşul. Ağrı varsa, təkrar et. Lakin məyusluğu yüksəltmək – həzzi qınamaq, zorakılığı qəbul etmək isə — qalan hər şeyi itirmək deməkdir. Və biz demək olar ki, itirdik: biz artıq nə xoşbəxt insanı təsvir edə, nə də sevinci qeyd edə bilirik. Sizə Omelas insanlarından necə danışa bilərəm? Onlar sadəlöhv və xoşbəxt uşaqlar deyirlər, halbuki onların uşaqları doğrudan da xoşbəxtdirlər. Onlar həyatlarını heç də pis sürməyən yetkin, intelligent, ehtiraslı böyük adamlardı. Möcüzə! Lakin mən bu həyatı daha yaxşı təsvir etmək istərdim. Kaş ki, sizi inandıra bilərdim. Mənim təsvirimdə Omelas nağıllardakı şəhər kimidir: çox illər əvvəl və uzaq diyarlarda biri var idi, biri yox idi. Bəlkə də daha yaxşı olar ki, siz özünüz öz zövqünüzcə onu xəyal edəsiniz, əlbətdə bu sizi qane edirsə, çünki çox güman ki mənim təsvirim heç də hamınızı razı salmayacaq. Məsələn, texnologiyadan başlayaq? Düşünürəm ki Omelasda küçələrdə maşınlar, onların üzərində isə helikopterlər yoxdur: bu nəticəyə şəhərdə xoşbəxt insanların yaşamasından gəlmək olar.  Xoşbəxtlik gərəkli olanın; artıq olub, lakin təhlükəli olmayanın və təhlükəli olanın bir-birindən ədalətli şəkildə fərqləndirilməsinə əsaslanır. Orta kateqoriyadan, başqa sözlə desək nə ki artıqdır, ancaq təhlükəli deyil, nə ki rahatlıq, ərköyünlük, cah-calal və s. sayılır, onlarda, ola bilsin ki mərkəzləşdirilmiş qızdırıcı, metro, qabyuyan aqreqatlar və bizdə hələ kəşf edilməyən çoxsaylı digər möhtəşəm əşyalar: havada pərvazlanan işıq mənbələri, yanacaqsız energetika, zökəmdən imtinasız sağaldan dərmanlar var. Bəlkə də bunların heç biri onlarda yoxdu, bu elə də vacib deyil. Siz necə istəyirsinizsə, elə olsun. Şəxsən mən fikirləşirəm ki, sahil kənarında yerləşən qonşu şəhərlərin sakinləri Omelasa Festival öncəsi həddindən yüksək sürətli qatarlarda və ikimərtəbəli tramvaylarda gəlirdilər, həmçinin mənə elə gəlir ki, Omelasdakı vağzal şəhərin ən gözəl binasıdır, baxmayaraq ki, o, möhtəşəm Fermer Bazarından daha sadə görsənir. Lakin hətta qatarların mövcudluğunu ehtimal etsək belə, qorxuram ki Omelas yenə də kiməsə çox firavan yer kimi görsənə bilər. Təbəssümlər, zınqrovlar, paradlar, atlar və sair və ilaxır. Belədirsə, bura orgiyanı da əlavə edin. Əgər bu kömək edəcəksə, tərəddüd etməyin. Ancaq gəlin artıq orqazm keçirən və tanrıyla vəhdəd yaratmaq istəyən istənilən kişi və ya qadınla cütləşməyə hazır olan çılpaq gözəl kahin və kahinələrin çıxdıqları məbədlərsiz ötüşək. Bu mənim ağlıma gələn ilk şey oldu, lakin icazə verin Omelasda heç bir məbəd olmasın:ən azından kahinlərin olduğu məbəd. Din – yaxşı, qoy olsun, ancaq ruhanilik – yox. Eyni uğurla çılpaq gözəl gənc insanlar sadəcə küçələrdə gəzərək, özlərini sanki tanrı suflesi kimi əzabkeşin aclığının yatızdırılması və ya cismani çılğınlıq üçün də təqdim edə bilərlər. Qoy onlar yürüyüşə qoşulsunlar. Qoy cütlüklərin üzərində tamburinlər çalınsın və qonqlar nəfsin təntənəliyindən xəbər versin və qoy (heç və az önəmli olmayan detal) uşaqları – bu məftunedici ayinin nəticələrini – hamı sevsin və onların qayğılarına qalsınlar. Bir şeydən əminəm – Omelasda günah nədir bilmirlər. Lakin orada daha nə olmalıdır? İlkin olaraq mən düşünürdüm ki, orada məstedici vasitələr də olmayacaq, ancaq bu artıq puritanlıqdır. Xoşlayanlar üçün qoy şəhərin küçələrini həfif dərəcədə hiss olunacaq qədər, lakin qalıcı bir druz ətiri bürüsün, hansı ki öncə ağıla və əzalara qeyri-adi yüngüllük və hisslərin parlaqlarını bəxş etsin, bir neçə saat sonra isə insanı xəyali fikirlər aparsın, və nəhayət kainatın ən dərin və gizli sirrlərinin heyrətamiz gözəl görüntüləri olsun, ayini və vərdişi olmayan sevgi oyunlarınından alınan həzzin insana bəxş etdiyi güc kimi. Daha mülayim zövz üçün, düşünürəm ki, Omelasda pivə olmalıdır. Daha nə? Daha nə sevinc şəhərində olmalıdı? Sözsüz ki hünər bayramı üçün qələbə hissi. Ancaq necə ki biz ruhanilərsiz keçindik, gəlin eləcə də əsgərlərsiz də keçinək. Uğurlu qətliamdan doğan sevinc axı sevinc deyil. Burada o keçməz: bu qorxulu və bayağıdır.Burada daha çox  hər hansı ortaq xarici düşmənə qarşı yox, bütün insanların qəlblərində ən gözəl və ədalətli olan sərhədsiz və səxavətli razılıq, genişqəlbliliyin zəfəri sükt gətirən yayın füsünkarlığı ilə vəhdətdə olacaq: bu Omelas insanların qəlblərini həyəcandıran şeydir və onların qeyd etdiyi qələbə də –  həyatın qələbəsidir. Əslində düşünmürəm ki, onların çoxunun Omelasa ehtiyacı var.
Demək olar ki, yürüşdəki hər kəs artıq Yaşıl Sahəyə çatdı. Tacirlərin qırmızı-mavi çadrlarından gələn heyrətamiz yemək qoxusunu külək ətrafa yayırdı. Uçaqların cazibədar üzləri şirniyyatlarla bulaşıb, hətta ixtiyarın yumşaq ağsaqqalına da qurabiyyə qırıntıları ilişib. Gənc oğlan və qızlar at üzərində start xəttinin ətrafında topalaşırdılar. Balacaboy, kök, gülən qarı səbətdən gül paylayır, hündür gənc insanlar isə bu gülləri günəşdə parıldayan saçlarına hörürlər. Doqquz-on yaşlarında oğlan insan izdihamından azca kənarda tək oturub, taxta fleyta ifa edir. İnsanlar ona qulaq asmaq üçün ayaq saxlayırlar, lakin onunla söhbət etmirlər, çünki o, bir saniyə də olsun ifasına ara vermir, hətta incə təranəsinin şirin seyirinə əsr düşərək, onun yanından ötən insanların fərqinə belə varmır.
O, taxta fleytanı tutann əllərini aşağı salaraq, ifasını bitirir.
Sanki bu balaca gizli sükut bir siqnal oldu, qəflətən start xəttinin yanındakı pavilyondan şeypur səsi eşidilməyə başlayır: hökmran, qəmli və təsirli. Atlar şahə qalxıb, bu səsə kişnəmələri ilə cavab verirlər. Sakit üzlü çaparlaratlarının boyunlarını tumarlayıb, onlara “Sakit, sakit mənim gözəlim, mənim ümidim...” pıçıldayaraq, onları sakitləşirdirlər. Start xəttində onlar cərgələrlər düzülürlər. Yol boyunca yığılışan insan kütlələri isə sanki külək zamanı çəmənlikdəki ot və güllər kimi idilər. Yay festivalı başladı.
Siz inandınız? Siz festivalı, şəhəri, sevinci qəbul etdiniz? Yox? O zaman icazə verin sizə daha bir şey danışım.
Omelasın gözəl ictimai binalarının birinin zirzəmisində və ya ola bilsin ki, şəhərin şəxsi evlərinin birinin çaxır anbarında bir otaq var. Otağın bir bağlı qapısı var və heç pəncərəsi yoxdur. Zirzəminin o biri tərəfində olan hörümçək toru basmış pəncərədən gələn işıq tozlanaraq taxtalar arasındakı çatlardan otağa sızırdı. Balaca otağın küncündə paslı vedrənin yanında bir cüt cod, çirklə doymuş, üfunətli başlıqları olan bir cüt döşəmə ağacı var. Zirzəmilərin döşəmələrində adətən olduğu kimi torpaq döşəməyə toxunanda bir qədər nəmlik hiss edirsən. Otağın 3 addım uzunluğu, 2 addım eni var: bu daha çox döşəmə ağacı üçün dolab və ya alətlər üçün nəzərdə tutulmuş atılmış otaq idi. Otaqda bir UŞAQ oturub. Bu oğlan və ya qız ola bilər. İlk baxışdan ona altı yaş vermək olar, lakin əslində onun, demək olar ki, on yaşı var. O, kəmağıllıdır. Bəlkə də O qüsurlu doğulub və ya O, qorxudan, doyunca yeməməkdən və nəvazişsizlikdən kəmağıllı olub. Vedrədən və döşəmə ağacından aralıda küncdə çömbəlib oturaraq, O, hərdən burnunu eşir və ya özünün ayaq barmaqlarına və ya cinsi orqanına toxunur. Döşəmə ağaclarından O qorxur. Onlar sadəcə vahiməlidirlər. O, gözlərini bağlayır, lakin bilir ki, döşəmə ağacları hələdə oradadırlar; qapı da bağlıdır; heç kim də gəlməyəcək. Qapı həmişə bağlıdır və doğrudan da heç kim gəlmir, təkcə bunu saymasaq ki, bəzən (UŞAQzamanı və vaxtın axını anlayışlarını bilmir) qapı gurultu ilə açılır və bu qapının arxasından isə bəzən bir, bəzən isə bir neçə şəxs görsənə bilər. Onlardan biri gəlib, UŞAĞI təpiklə vura bilər ki, ayağa qalxsın. Digərləri isə heç vaxt UŞAĞA yaxın getmirlər, sadəcə ONA qorxu və ikrah dolusu gözlərlə baxırlar.Tez-bazar kasa yeməklə, dolça su ilə doldurulur, qapı yenidən bağlanılır və gözlər itir. Qapıdakı insanlar heç vaxt heç nə danışmırlar, lakin heç də həmişə anbarda yaşamayan və günəş işiğını və anasının səsini xatırlayan UŞAQ bəzən danışır. “Mən yaxşı uşaq olacağam” – O, deyir. “Xahiş edirəm, buraxın məni. Mən yaxşı uşaq olacağam”. Onlar heç vaxt cavab verirlər. Əvvəllər UŞAQ gecələr kömək çağıraraq qışqırır və çox ağlayırdı, lakin indi O ancaq zırıldayır və getdikcə daha az danışmağa başlayır. O, o qədər arıqdır ki, onun ayağında baldırları görünmür, onun qarnı acından şişib; O, gün ərzində yarım kasa yağlı qarğıdalı şorbası yeyir. O, lütdür. ONUN yanı və ayaqları həmişə çürümüş qoturlarla bağlı olur, çünki O, həmişə öz nəcizinin içində oturur.
Onların hamısı bilir ki O, oradadır, bütün Omelas insanları bilir.Onların bəziləri ONA baxmağa gəlirlər, bəziləri isə sadəcə ONUN varlığı haqqında məlumatlı olmaqla kifayətlənirlər. Hamı bilir ki, O, orada qalmalıdır. Bəziləri bunun niyəsini başa düşür, bəziləri isə yox, lakin onların hamısı anlayır ki, onlarınn xoşbəxtliyi, şəhərlərinin gözəlliyi, dostluqlarının zərifliyi uşaqlarının sağlamlığı, alimlərinin müdrikliyi, sənətkarların qabiliyyəti, hətta sahələrində məhsuldarlıq və xoş hava şəraitləri də tamamilə bu UŞAĞIN dəhşətli əzablarından asılıdır.
Bunu uşaqlara adətən onların səkkiz – on iki yaşları olanda başa salırlar, nə zaman ki böyüklərə elə gəlir ki, uşaqlar bunu anlamağı bacaracaqlar; və UŞAĞIN yanına gələnlərin əksəriyyəti gənc insanlar olur, halbuki kifayət qədər böyük insan da UŞAĞI görməyə gəlirlər, daha doğrusu geri qayıdırlar. Tamaşaçılara öncədən nə dərəcədə yaxşı izah edilməsindən asılı olmayaraq, onların hamısı həmişə tamaşa zamanı sarsıntı və nifrət hissləri keçirirlər.Onlarözlərinin üstün olduğunu düşündükləri üçün nifrət hiss duyurdular. Bütün izahlara baxmayaraq, onlar qəzəb, hiddət, güclülük hiss edirlər. Onlar UŞAQ üçün nəsə etmək istəyərdilər. Lakin onların edə biləcəyi bir şey yoxdur. Əgər UŞAQ bu murdar yerdən gün işığına çıxarılsa idi, əgər onun altını təmizləsəydilər, onu yedizdirsəydilər, ona təskinlik versəydilər, bu həqiqətən də çox yaxşı olardı; lakin əgər bu edilsəydi, həmin gün və həmin saatda Omelasın çiçəklənməsi, gözəlliyi, heyrətamizliyi solacaqdır və məhv olacaqdır. Şərtlər belədir. Omelasdakı hər bir həyatda bütün yaxşılığı və gözəlliyi bu tək, kiçik düzəlişə dəyişmək: minlərlə insanın xoşbəxtliyinin üzərindən bir nəfərin xoşbəxtlik şansına görə xətt çəkmək: bu əslində günahı divarlar arasında saxlamaq olardı.
Şərtlər ciddi və qətidirlər: UŞAĞA hətta xoş söz də demək olmaz.
Adətən insanlar UŞAĞI görəndən, bu dəhşətli paradoksla üz-üzə gələndən sonra evə gözyaşları və ya gözyaşısız qəzəb içində qayıdırlar.Onlar bu barədə bir neçə həftə və ya il fikirləşə bilərlər. Lakin zamanla insanlar başa düşməyə başlayır ki, əgər UŞAĞI azad etmək mümkün olsaydı belə, O bu azadlıqdan çox  xeyir görməyəcək: sözsüz ki istidən və yeməkdən bir qədər bulanıq həzz alacaq, bəlkə də azacıq daha çox. O, əsl sevinci başa düşmək üçün çox yararsız və kəmağıllıdır. O, çox uzun müddət qorxu içində yaşadığından, qorxudan bir də azad olmayacaqdır. ONUN vərdişləri insani davranışa cavab vermək üçün çox kobuddurlar. Əlsində bu qədər müddətdən sonra O, çox güman ki ONU qoruyan divarlarsız və gözlərinin vərdiş etdiyi qaranlıqsız və oturduğu ifrazatları olmasa daha da bədbəxt olar.Onlar reallığı dəhşətli ədalətini dərk etməyə və bunu qəbul etməyə başlayanda, onların gözyaşı acı ədalətsizliyə görə quruyur. Ancaq yenə də məhz onların gözyaşı və qəzəbi, onların comərdliyinin sınanılması, və acizliklərinin qəbullanmaları, ola bilsin ki, onların həyatlarının büsatının həqiqi səbəbidir.Onlarınkı heç də məzmunsuz, məsuliyyəti olmayan bir xoşbəxtlik deyil. Onlar bilir ki, onlar da UŞAQ kimi azad deyillər. Onlar həmdərdliliyi bilirlər.Məhz UŞAĞIN mövcudluğu və onların ONUN varlığı barədə bilmələri onarın memarlığına alicənablıq, onların musiqisinə kəskinlik və elmlərinə bir dərinlik verir. Və UŞAĞA görədir ki, onlar uşaqlarla mehriban davranırlar. Onlar bilirlər ki, əgər qaranlıqda zırıldayan zəlil uşaq olmasaydı, gənc çaparlar bütün əsrarəngliyi ilə yayın ilk səhərinin parlaq gün şüaları altında yarışa hazırlaşarkən,digər fleytaçı şən musiqi ifa edə bilməzdi.
İndi siz bunlara inanırsınız? Məgər onlar daha inandırıcı olmadılar? Lakin daha bir şey var sizə danışmaq üçün, bax bu artıq həqiqətən inanılmazdır. Zaman-zaman UŞAĞIN yanına gedən yeniyetmə qızlardan və ya oğlanlarn biri gözyaşları və ya qəzəb içində evə qayıtmır, əslində ümumiyyətlə evə qayıtmır. Bəzən xeyli yaşlı kişi və ya qadın bir-iki gün sakitliyə qapılırlar, sonra isə evi tərk edirlər. Bu insanlar küçəyə çıxıb, küçə ilə yalnız gəzirlər. Onlar gəzməyə davam edərək Omelasın gözəl darvazalarından da çıxırlar. Onlar Omelasın kənd yerlərini də keçib gedirlər. Onların hər biri yalnız gəzir, istər gənc oğlan ya qız, kişi ya da qadın olsun. Gecə düşür; səyyah kənd küçələrini ötüb keçməlidir, sarı pəncərəli evlərin arasından çöllərin qaranlığına çıxmalıdılar. Hər kəs tək başına qərbə ya da şimala dağlara tərəf gedir. Onlar gedirlər və gedirlər. Onlar Omelası tərk edirlər, onlar qaranlığa doğru gedirlər və qayıtmırlar. Onların getdiyi istiqamətdə olan yer, xoşbəxtlik şəhərində də daha az xəyal edilə bilən yerdir. Mən ümumiyyətlə bunu təsvir edə bilmirəm. Bəlkə də bu yer heç mövcud deyil. Ancaq görünür ki, bilirlər hara getdiklərini onlar – Omelası tərk edənlər.
 Tərcümə edən — Cavidan Hacıyev
Top