“
Qadınların üzünü boyayıb dəyişdirənlər çox az ziyan vururlar, belə ki, qadınların təbii sifətini görməmək elə də böyük itki deyil. Bizim gözlərimizi deyil, şüurumuzu aldatmaq, nəsnələrin mahiyyətini dəyişdirmək, təhrif etmək istəyən adamlar qat-qat ziyanlıdırlar”.
Mişel de Monten haqqında deyilir ki, o, Avropaya sərbəst düşünməyi öyrədən ilk adamdır. Amma Mişel həmçinin düşüncələrinə görə insanları gericiliyə səsləyən biri kimi də tanımlanır.
Həyatı
Monten 28 fevral 1533-cü ildə anadan olub. 1535-ci ildə fransızca bilməyən Horstanus adlı bir alman müəllimə “təhvil verilib”. Bu müəllim ona latın dilində danışmağı öyrədib. 1539-cu ildə 6 yaşında ikən Guyenne kollecində təhsilə başlayıb, burada 7 il təhsil alıb, latın şeirini mənimsəyib, qismən yunanca öyrənib. 1546-cı ildə Bordoda ədəbiyyat fakultəsində, 1548-də Tuluzada hüquq məktəbində təhsil alıb.
1554-cü ildə Bordonun meri olan atası Pyer Eykem İtaliya ilə müharibələrdə iştirak edib, “de Monten” zadəgan tituluna layiq görülüb. Anası Antuanetta de Lopez Araqonda məskunlaşan yəhudi ailəsindən idi. Monten Tuluza Universitetini bitirdikdən sonra 21 yaşında məhkəmədə vəzifə alıb.
Monten 1562-ci ildə protestantlara qarşı savaş üçün kralın ordusuna qoşulub. 1565-də ailə həyatı qurub, 1568-də atasını itirib. Atasının mirası 5 oğlan, üç qız arasında bölünüb. 1570-ci ildə Bordo bələdiyyəsindən istefa verərək öz hücrəsinə çəkilib və kitabxanasına latınca bu sözləri yazıb:
“1571-ci il. Monten 38 yaşında. Doğum ildönümündən bir gün öncə; məclisdəki vəzifəsindən bezmiş; fəqət sapsağlam kitabları arasına dönür və geri qalan günlərini orada səssizlik içində keçirməyə qərar verir”.
1572-ci ildə 38 yaşında ikən üç kitabdan ibarət “Esselər” əsərini yazmağa başlayıb.
İlk iki kitab 1580-ci ildə işıq üzü görüb. 1580-1581-ci illərdə yazıçı İsveçrə, Almaniya, Avstriya və İtaliyaya səyahətə çıxıb. 1582-ci ildə Bordoda bələdiyyə sədri seçilib. Səyahət zamanı qələmə aldığı “Yol qeydləri” yalnız 1774-cü ildə çap olunub.
Esse yaradıcısı sayılan yazıçı 13 sentyabr 1592-ci ildə vəfat edib.
Özünü tanı
“İnsanlardan qaçmaqla iş bitmir, yerini dəyişmək də bunun üçün kifayət etmir, gərək daxilimizdə kök salan kütlə xislətindən qurtulaq; gərək özümüzlə vidalaşaq və bundan sonra özümüzü yenidən kəşf edək”.
Monten belə düşünürdü. İnsanın özünü tanıması onun üçün başlıca meyar idi. Monten üçün həmçinin özünü tanıtmaq da önəmli idi. Əsərlərini də dostlarına, qohumlarına, tanışlarına öldükdən sonra özünü öz dilindən tanıtmaq, yaddaşlarda qalmaq üçün yazırdı.
Monten yazırdı ki, “mən sadə, təbii, gündəlik görkəmimdə, sərbəst və bərbəzəksiz görünmək istəyirəm, çünki kiminsə deyil, özümün şəklini çəkirəm”.
Montenin düşündüyü bəşəri anlayışların öncəliyində ölüm dayanırdı. O, axır-əvvəl rastımıza çıxacaq ən təbii hadisəni məğrurcasına qarşılamağı məsləhət bilir. Çünki zatən bu baş verəcək.
“Yalnız bir kərə baş verən şey üzücü ola bilməz. Bir anın içində baş verəcək hadisə qarşısında bu qədər uzun-uzadı qorxub əsməyin mənası varmı? Əgər hər bir halda sonda ölüm dayanırsa, çox yaşamaqla az yaşamağın arasında fərq ola bilərmi?”.
Montenin ölüm haqqında dediyi təbiətin ən acı gerçəkliyidir, amma bu fakt bu qədər sadələşdirmək həmçinin pessimizmə sürükləmək deməkdir. Monten Aristotelə istinad edərək bir günlük yaşayan kiçik həşəratlarla insanın, insanla səma cisimlərinin ömürlərini müqayisə edir.
Montenə görə, bir insan xoşbəxt demək üçün onun bütün həyatının parçalarına, xüsusən son anına diqqət etmək lazımdır: “İnsanı, onun taleyinə düşən pyesin son və əlbəttə ki, daha çətin pərdəsini oynayıb qurtardığını görməyənə kimi, xoşbəxt hesab etmək düzgün olmaz”.
Son an Monten üçün önəmlidir.
Xeyirxahlıqdakı amal nədir?
Monten düşünür ki, hətta xeyirxahlığın özündə belə son məqsəd ləzzətdir.
““Biz özümüz üçün yox, cəmiyyət üçün doğulmuşuq” kimi gəlişi gözəl kəlama, qoy, onu başqaları ilə birgə eyni havaya oynayanlar doyunca təkrar etsinlər. Əgər onların zərrə qədər də olsa vicdanları varsa, etiraf etsinlər ki, imtiyazlar, vəzifələr və digər mənsəb dalınca heç də cəmiyyətə xidmət etmək məqsədilə deyil, daha çox ictimai işlərdən fayda götürmək üçün qaçırlar”.
Monten vəzifə, imtiyaz üçün insanları idarə etmək istəyənlərin gerçək üzünün məhz şəxsi mənfəət, maraqlar olduğunu söyləyirdi. Necə ki, bugün də belədir, sabah da belə olacaq.
Monten düşünürdü ki, adətən, yüksək mənsəbə yetənlər o qədər də qabiliyyətli insanlar olmurlar, tale öz səxavətini heç də ən ləyaqətli olanlara göstərmir. Üstəlik yüksək mənsəbdə olanlar arasındakı qarşılıqlı münasibətlərin dostluğa görə deyil, marağa görə olduğunu xatırladır. Xüsusən, hökmdara tərif yağdıranların ona olan səmimi münasibətdən doğmadığını deyir. Bununla bağlı o, imperator Yuliandan sitat gətirir: “Əgər bu təriflər, mənim ədalətsiz hərəkətimi mühakimə və məzəmmət edənlər tərəfindən səsləndirilsəydi, böyük məmnuniyyətlə bununla fəxr edərdim”.
Monten qanunların aliliyinə inanırdı, dəyişikliklərin özü ilə bərabər faciələr gətirəcəyini düşünürdü. O, hər cür yeniliyə inamını itirmişdi, çünki öz dönəmində yeniliklərin məhvedici tərəflərini görmüşdü.
Mishel-Monten-Qapaq“İnqilabların xeyri onları yaradanlara qismət olmur; onlar sadəcə suyu qarışdırıb bulandırırlar, balıqları isə bu sudan başqaları tutur”.
“Qanunlar doğru olduqları üçün deyil, qanun olduqları üçün qüvvədə qalırlar” deyən Monten dövlətin, qanunların güclülüyündən yana idi. O, dəyişiliklərdən daha çox, onun gətirdiyi xaosdan ehtiyat edirdi. Çünki onun dönəmində, yeniliklər hər zaman qarışıqlıqlarla müşayiət olunmuşdu. Amma eyni zamanda məhkəmələrdə qanunların alış-verişinə qarşı idi:
“Məhkəmə qərarının pul kisəsi ilə alındığı bir mühitdə yaşayan xalqı görməkdən daha əcaib heç nə ola bilməz”. Monten həmçinin zamanı qabaqlayaraq insanlara verilən işgəncələrə də qarşı çıxır, işgəncə növlərinin ən təhlükəli ixtiralar olduğunu yazır.
Parisə sevgi
Montenə görə, hər bir insanın arvadı, uşağı, pulu, sağlamlığı yerində olmalıdır, amma bütün xoşbəxtliyini bunlara bağlamamalıdır. Bunların arxasında yalnız özünün olduğu, dərdləşdiyi, özgür düşünə bildiyi bir köşəsi olmalıdır. Çünki əvvəlki sahib olduqlarını itirdikdə bu hal onun üçün yeni olmasın, faciəyə çevrilməsin.
Paris bir fransız olaraq Monten üçün önəmli idi: “Fransaya nə qədər hirslənsəm də, Parisə pis gözlə baxa bilmərəm, uşaqlıqdan bəri ürəyim ona bağlıdır. O, mənim içimdə ən gözəl şeylərlə bir aradadır. Sonralar başqa gözəl şəhərlər gördükcə, onun gözəlliyinə daha dərin bir sevgiylə bağlandım”.
Türklər haqqında
Monten “Esse”lərdə Amerikanın kəşfindən, oradakı insanlara tətbiq edilən “alış-veriş”dən yazır, həmçinin qədim dünyada yaşayan hökmdarlardan tutmuş müasiri olduğu dönəmin krallarına, sultanlarına qədər hər mövzudan ilginc detalları bizə təqdim edir. Bu baxımdan Montenin türklər haqqında nələr düşündüyünə də diqqət edək.
Monten Fatih Mehmetin adına çıxılan, tarixçilər arasında dartışmalı olan, saxta olduğu ehtimalı yüksək olan bir məktubdan söz edir. Fatihin Papa II Piyə yazdığı məktubdan sitat verir: “İtaliyalıların mənə düşmən olmalarına şaşıram. Biz də italiyalılar kimi troyalıların nəslindənik. Yunanlardan Hektorun intiqamını almaq mənim qədər onların da üzərinə düşür. Onlar isə mənə qarşı yunanların tərəfini tuturlar”.
Həyat eşqi ilə bağlı yazdığı düşüncələrdə Monten Əmir Teymurun cüzamlı xəstələrə qarşı etdiyi hərəkətləri qınayır:
“Teymurləng cüzamlılara qarşı tətbiq etdiyi zalımlığı insansevərlik kimi qələmə verirdi. Hər rastlaşdığı cüzamlını öldürməklə onları acı çəkməkdən qurtardığını düşünürdü. Halbuki, onlar ölməkdənsə, üç qat artıq cüzamla yaşamağa razı idilər”.
Türk ordusunun nizam-intizamlılığını örnək göstərən Monten yazır ki, türklərdə barış zamanı kasıbın malını mənimsəyənin cəzası bir neçə kötək olsa da, savaş vaxtı bunu edənlər ağır cəzalandırılırdı. Pulunu ödəmədən bir yumurta götürməyin cəzası 50 zopa idi. Buna misal olaraq Monten Sultan Səlimlə bağlı oxuduğu kitablardan nümunə gətirir:
“Misiri tutduğu zaman Şam şəhərini əhatə edən bolluq və gözəllik dolu bağlara əsgərlərin heç birinin əli dəyməmişdi, üstəlik bağlı deyil, açıq olduqları halda”.
Kitablar haqqında
“Nadanlığın iki cür olduğunu söyləməyə tam əsasımız var: biri savadsızlıqdır, elmdən əvvəl gəlir, ikincisi lovğalıqdır, elmdən sonra gəlir”.
Monten isə ona yaxşı yaşamağı və yaxşı ölməyi öyrədəcək özünüdərk elmi ilə məşğul olduğunu yazır.
Monten maraqlı və əyləncəli kitablar kimi Bakkaççonun “Dekameron”unu, İoann Sekundun “Öpüşlər”ini, Rablenin əsərlərini qeyd edir: “Mənə həmişə elə gəlib ki, poeziyada ta qədimdən birinci yeri Vergili, Lukresi, Katull və Horasi tutur, xüsusilə də Vergilinin “Georgiklər” kitabı…”
Monten sevdiyi müəlliflər arasında esselərdə sitat gətirdiyi Plutarx, Siseron, Senekanın adını çəkir.
Montendən sonra
Monten özündən sonrakı fikir adamlarının formalaşmasına birbaşa təsir edib. Monteskü, Russo, Bodler kimi nəhənglər ondan qidalanıb.
Monteskü onun haqqında yazıb: “Yazarların çoxunda yazan adamı görürəm, Montendə isə düşünən adamı”.
P.S. Yazıda Nadir Bədəlovun tərcümə etdiyi Montenin “Ləyaqətlə yaşamaq qabiliyyəti haqqında” və Sabahattin Eyuboğlunun tərcüməsində türkcə “Denemeler” (“Esselər”) kitabından istifadə olunub.
Dilqəm Əhməd