İdarəetmədəki əskikliklər haqqında | Mişel Monten

İdarəetmədəki əskikliklər haqqında | Mişel Monten

Mühakimələrindən çox əmin olduğum atam, bir gün təcrübələrinə əsasən, şəhərlərdə insanların öz ehtiyaclarını bildirəcəyi, istəklərini bir vəzifəli adama qeyd etdirəcəkləri bəzi yerlərin təyin olunmasının lazım olduğunu demişdi. Burada "İncilərimi satmaq istəyirəm" yaxud, "İnci satın almaq istəyirəm" kimi qeydlər ediləcək, məsələn, Parisə getmək üçün yol yoldaşı axtaran, yaxud müəyyən xüsusiyyətlərə malik bir işçi axtaran hər adam bura müraciət edə biləcəkdi.

Hər kəs öz ehtiyacına görə bura qeyd etdirə biləcəkdi. Mənə görə bu qarşılıqlı razılaşma imkanları insanlar arasındakı əlaqələri olduqca düzəldər. Çünki hər vaxt bir-birimizə ehtiyacımız olan vaxtlar vardır və dil tapa biləcəyimiz bir adam tapmamaq insanı böyük çətinlyə salır.

Atamın ailə idarəsi ilə bağlı çox bəyəndiyim bir üsulu var idi. Mən bunu davam etməyi bacarmadım. Bir mühasibin köməyinə ehtiyac olmadan pulla bağlı qeydləri, başqa katibə işlərini görən bir xidmətçiyə evdə baş tutan, qeyd olunmağa dəyən vacib hadisələrlə əlaqəli bir gündəlik tutdurardı. Evin tarixini işıqlandıracaq bütün hadisələr günbəgün bu dəftərdə qeyd olunurdu.

Zaman xatirələri silməyə başlayandan sonra bu dəftəri oxumaq çox xoş olur, həm də müxtəlif mövzularda qərarsız qalmağımızı əngəlləyir. Bu hadisə nə vaxt başladı? Nə vaxt qurtardı? Evimizdən hansı görkəmli şəxsiyyətlər olub? Nə qədər müddət qaldılar? Səyahətlərimiz, evliliyimiz, ölümlər, əldə etdiyimiz yaxşı yaxud bəd xəbərlər, — kəsəsi hər şey. Bu köhnə bir vərdişdir, amma hesab edirəm ki, hamı bu işi görməlidir. Mən davam eləmədiyim üçün özümə çox hirslənirəm.

Tərcümə edən: Fərid Hüseyn
Top