Əlbəttə, mən nəsnələr haqqında malik olduğum biliklərdən daha artıq biliklərə malik olmaq istərdim, amma mən biliyin nəyin bahasına başa gəldiyini bilirəm və onu belə baha qiymətə almaq istəməzdim. Və mən ömrümün qalan hissəsini ağır zəhmət içərisində yox, sakit tərzdə keçirmək istəyirəm. Mən elmin naminə də dəyərindən asılı olmayaraq nəyinsə üzərində baş sındırmaq istəmirəm. Mən əqli oyundan savayı, kitabdan başqa zövq almaq axtarışında deyiləm və yalnız bir elmlə — mənə yaxşı yaşamağı və yaxşı olmağı öyrədən özünü idraketmə elmi ilə məşğulam: Has meus ad metas sudet oportet equus (Məqsədə çatmaq üçün atım gərək var gücünü toplasın — Propersi).
Əgər mütaliə zamanı hansısa çətinliklə üzləşirəmsə, mən onun həlli üçün dəridən-qabıqdan çıxmıram. Sadəcə, onun öhdəsindən gəlmək üçün bir-iki cəhd göstərəndən sonra bundan yan keçirəm. Əgər mən bunun dərinliyinə varsaydım, yalnız vaxt itirəcək, özüm də bunların içində batıb qalacaqdım. Çünki mənim beynim elə qurulub ki, adətən, nəyisə bir dəfə oxuyan kimi qavrayıram. Nəyisə birinci oxunuşdan qavraya bilməmişəmsə, sonradan ciddi-cəhdlə bunun üstünə düşəndə daha pis anlamağa başlayıram. Mən hər şeyi şən ovqatla icra edirəm. Təkid və həddən artıq gərginlik şüuruma cansıxıcı təsir bağışlayır, məni yorur və kədər gətirir.
Sadəcə, maraqlı və əyləncəli olan yeni kitablardan əgər bu bölməyə daxil etmək olarsa, Bakkaçionun Dekameronun, Rablenin əsərlərinin və İon Sekundun "Öpüşlər" kitabının adını çəkə bilərəm. Amadis və bu cür əsərlərə gəldikdə onlar yalnız uşaq vaxtı mənim diqqətimi cəlb ediblər. Bəlkə, cəsarət edərək, bəlkə də, düşünmədən onu demək istəyirəm ki, mənim qocalan və ağırlaşan ürəyim təkcə ariosta deyil, həm də xeyirxah ovdiyə qarşı laqeydləşib. Onun nə vaxtsa məni heyrətə salan yüngülməcazlığı və şıltaq fantaziyası indi özünə cəlb etmir.
Mən hər şey haqda, hətta bəzən mənim anlamını üstələyən və baxışlarıma uyğun gəlməyənlər barədə öz fikrimi sərbəst şəkildə ifadə edə bilirəm.
Platonun «Akisiox» kimi zəif əsəri məndə ikrah doğuranda mənim şüurum müəllifin adını nəzərə alıb özünə etibar etmir: şüurum o qədər səthi deyil ki, özünü qədim dövrlərin nüfuzlu müəlliflərinə qarşı qoysun. Bu müəllifləri şüurumun himayədarı və müəllimi hesab edirəm və onlarla birlikdə səhv etməyə hazıram.
Lakin yarıda qalan söhbətimizə qayıdıb bunu deməliyəm: mənə həmişə elə gəlib ki, poeziyada ta qədimdən birinci yeri Vergili, Lukresi, Katul və Horasi tutur, xüsusilə də Vergilinin «Georgiklər» kitabını kamil poetik əsər hesab edirəm; bu əsəri «Eneida» ilə müqayisə edəndə görürük ki, sonuncuda elə yerlər var ki, əgər müəllifin asudə vaxtı olsaydı, üzərində bir qədər də işləyərdi. «Eneida»nın beşinci kitabı mənə bitkin görünür...
Mehriban Terensiyə, onun yazılarında latın dilinin məlahəti və zəifliyinə gəldikdə isə fikrimcə, insan qəlbinin incəliklərinin və əxlaqi durumunun düzgün təsəvvür etmək də o, əvəzsizdir; bizim əməllərimiz daimi məni məcbur edir ki, yenidən qayıdıb diqqətimi ona yönəldim. Onu nə qədər oxusam da, hər dəfə yeni-yeni zərif və incə çalarlarla üzləşirəm. O da mənim üçün sirr deyil ki, antik dövrün gözəl şairləri təkcə ispanların, yaxud petrarkaçıların təmtəraqlı və qeyri-adi üslubundan deyil, həm də sonrakı dövrün bütün poetik əsərləri üçün yaraşıq hesab olunan sadə incəliklərdən də uzaq olmağa çalışırlar.
Hər bir həssas adam antik dövrün şairlərində bu üslub xüsusiyyətlərini görəndə heyfislənir və o, Marsialın öz epiqramlarının sonunu bəzədiyi acıdil ibarələrdən daha çox Katullun epiqramlarının gözəlliyindən həzz alır. Məhz bu, məni Marsialın özü ilə bağlı söylədiyi fikri təkrar etməyə vadar etdi: minus illi ingenio labo randun fult, in cuius locum materiya sucesscrat (Şüurun süjetlə əvəz olunduğu yerdə əqli cəhd göstərməyə ehtiyac qalmırdı — Marsial, VIII fəslə giriş). Birinci növ şairlər heç bir əlavə cəhd göstərmədən asanlıqla öz istedadlarını ifadə edə bilirlər: onlar üçün nəyə gülmək lazım olduğu sualı yaranmır, onlar bundan ötrü, necə deyərlər, özlərini qıdıqlamırlar, yeni dövrün şairləri isə kənardan dəstəyə ehtiyac duyurlar. Onların istedadları aşağı olduqca, süjet onlar üçün daha çox əhəmiyyət daşıyır. Onlar atın üstündə gəzməyə can atırlar, çünki öz ayaqlarına əmin ola bilmirlər. Bu, bizdə keçirilən ziyafət gecələrində müşahidə etdiyimiz bəzi halları xatırladır; aşağı rütbəli adamlar bizim zadəganların gözəl davranışlarına malik olmadıqlarından, hansısa riskli tullantılara, ya da digər qeyri-adi hərəkət və fokuslarla fərqlənməyə çalışırlar...
Yuxarıda söylədiklərimin düzgünlüyünü yoxlamaq üçün «Eneida»nı "Çılğın Roland«la müqayisə etmək kifayətdir. Vergilinin şeiri qanad açıb göyün üzərində pərvazlanır və dönmədən öz yolunu davam edir; Tassoya gəldikdə isə, o, sanki, bir budaqdan o biri budağa — bir süjetdən o biri süjetə keçir; öz qanadlarına çox məsafəyə uçmaq üçün etibar edir, nəfəsinin çatmayacağından və gücünün tükənəcəyindən qorxaraq hər epizodun sonunda ayaq saxlamalı olur: Excursusgue breves tental (Yalnız qısa məsafəyə uçuş qərara alınır — Vergili — »Georgiklər").
Bu ədəbi janrlarda mənim çox sevdiyim müəlliflər bax bunlardır.
Digər mütaliə dairəmdə zövq xeyirlə daha çox uzlaşır, çünki bu kitabların gücünə minnətdar olaraq mən fikirlərimi və anlayışlarımı inkişaf etdirə bilirəm. Bura Plutarxın (fransız dilinə tərcümə ediləndən sonra) və Senekanın əsərləri daxildir.* Hər iki müəllif mənim üçün əhəmiyyətli üstünlüklərə malikdir: onlarda axtardığım elm sistematik şəkildə deyil, ayrı-ayrı oçerklərdə ifadə olunur. Bu səbəbdən onları oxuyub dərk etmək üçün mənim bacarmadığım xüsusi canfəşanlıq göstərmək lazım gəlmir...
Plutarx, Platonun dözümlü və vətəndaş cəmiyyətlərinə uyğun gələn görüşlərinin, Seneka isə cəmiyyət üçün xeyli dərəcədə narahat, amma, zənnimcə, fərdi adamlar üçün daha uyğun və daha dayanıqlı olan tarixi epikürçü görüşlərin tərəfdarıdır. Görünür, Seneka öz dövrünün tiranlığını məlum həddə qədər tənqid edir. Belə ki, Yuli Sezarın alicənab qatillərinin işi ilə bağlı yürütdüyü mühakimələrin onun tərəfindən məcburi deyilən fikirlər olduğuna inanıram: Plutarx isə ifadələrində tam sərbəstdir. Senekanın yazısı canlı və dəqiqdir, Plutarxın yazısı isə məzmunludur. Seneka sizi daha çox həyəcanlandırır, Plutarx isə daha çox qane edir və daha yaxşı mükafatlandırır. Plutarx bizi ardınca aparır, Seneka isə bizi arxadan itələyib irəli qovur.
Siserona gəldikdə isə onun əxlaq fəlsəfəsini yozan əsərləri mənim məqsədlərimə xidmət edə bilər. Lakin düzünü və açığını desəm (utanmaq hissini itirəndə adam özünü əldə saxlaya bilmir), onun yazı manerası, bütün buna oxşar yazılar kimi, mənə darıxdırıcı təsir bağışlayır. Doğrudan da, yarımbaşlıqlar, ön sözlər, müəyyənləşdirmələr, söz yaradıcılığı onun yazısının böyük bir qismini təşkil edir və burada məsələnin məğzinin təşkil edən əhəmiyyətli nə varsa, bu üzücü hazırlıqların içində itib-batır. Onu mütaliə etməyə mənim üçün çox olan bir saat vaxt sərf edəndən sonra, ondan əhəmiyyətli nə götürdüyümü düşünəndə, əksərən, heç nə qazanmadığım məlum olur. Çünki o, yeritdiyi fikirlər üçün zəmin yaratmır və mənim axtardığım düyün nöqtəsinə yetişmir.
Ali, yaxud bəlağətli natiq olmaqdan daha çox müdrik olmaq istəyən bir insan kimi, mənim üçün bu məntiqi və Aristotelsayağı dözümlərin heç bir əhəmiyyəti yoxdur: mən sonuncu, ən vacib nöqtədən başlanılmasını istəyirəm; zövqün və həmçinin ölümün nə olduğu barədə mənim kifayət qədər anlayışım var. Qoy müəlliflər buna görə vaxt sərf eləyib eşələnməsinlər, hər şeydən əvvəl mənə bunların öhdəsindən gəlməyi öyrədəcək inandırıcı və tutarlı dəlillər gətirilməsini gözləyirəm. Nə qrammatik fəndgirliyə, nə uğurlu söz birləşmələrinə, nə də xırdalıqlara ehtiyac yoxdur. Mən məsələnin məğzinə toxunacaq mühakimələri oxumaq istəyirəm. Siseron isə yalnız bunların ətrafında fırlanmaqla məşğuldur. Onun yazı manerası məktəb, vəkil çıxışı, dini xütbələr üçün yararlıdır, çünki bu işlər icra olunan zaman biz mürgüləsək də, deyilənlərin ümumi mənasını tuta bilərik. Min yolla dil tökə-tökə öz tərəfinə çəkə biləcəyin hakimlə, qandırmaqdan ötrü hər şeyi təfərrüatı ilə aydınlaşdırmaq lazım gələn uşaqlarla və savadı aşağı adamlarla bu cür danışmaq lazımdır...
Tarixçilər mənim sevimli mütaliə dairəmə (Montenin tarixi əsərləri mütaliə etmək sevgisini onun özündə olan Yuli Sezarın «Qall müharibəsi haqqında», Kvintkursinin «Tarix» və xüsusilə də, Nikol Jilin «Annallar» kitablarının nüsxələrinin səhifələrində yazdığı çoxsaylı qeydlər sübut edir.) daxildirlər, onların yazdıqları həm maraqlı, həm də yüngül qavranılan olur. Xüsusilə, nəzərə alsaq ki, mənim dərk etmək istədiyim adam onların yazılarında başqa mənbələrdən fərqli olaraq daha parlaq və daha bütöv şəkildə təqdim olunur; biz onun daxili keyfiyyətlərinin müxtəlifliyini və gerçəkliyini həm bütöv, həm də təfərrüatı ilə görürük. Mənə tərcümeyi-halı yazan tarixçilər yaxındır, çünki onlar hadisədən daha çox niyyəti əks etdirirlər. Bundan başqa, xaricdə onların deyil, daha çox daxildə baş verənlərin üzərində dayanırlar. Buna görə də Plutarx mənim zövqümü oxşayan tarixçidir. Çox təəssüf edirəm ki, bizdə onlarla Diogen, Layersilər yoxdur. Ya da heç olmasa, geniş və sanballı bir nəfər yoxdur. Bəşəriyyəti dahi müəllimlərin təlimləri ilə yanaşı, onların həyatı da maraqlandırır.