Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir.
-Bəyazid Bistami
Hələ də o dünyadan salamlar gətirən ölülərə rast gəlinmədiyindən insanlar əcəl zənginin necə çalınacağı barədə çoxlu mülahizələr yürüdürlər. Yaşadığı tarixi dövrdən, mühitdən asılı olmayaraq hər bir insan ölüm barədə düşünür. Ölümün hüquqi və bioloji tərifləri verilsə də, fəlsəfi cəhətdən ölümə vahid tərif vermək mümkün deyil. Məsələn, Oşo ölümü meditasiyaya bənzədir. Xristianlıqda ölüm Adəmlə Həvvaya törətdikləri günaha görə verilən cəza, İslamda insanın qəbirdə axirətə qədər bərzax halında gözlədiyi vəziyyətdir. Sokrat fəlsəfəni ölüm elmi adlandırdığına baxmayaraq, Vitqenşteyn ölümü ümumiyyətlə qeyri-həyati təcrübə sayırdı.
Ölüm bərədə yazan filosoflardan biri Cef Mason olmuşdur. Masonda xərçəng xəstəliyi tapılandan sonra yazdığı qeydlərində o, ölüm barədə danışan filosofun və qeyri-filosofun eyni pillədə durduqlarını bildirmişdir. Cef deyirdi ki, ölümdə ekspert yoxdur deyə insanların ölüm barədə deyə biləcəkləri yeganə şey ölümün real və ya qeyri-real olmasını fərz etmək olardı. Əgər ölüm realdırsa – bu həyatın sonudur, əgər real deyilsə — bu digər həyata portaldır. Belə pluralizmin səbəbi hər kəsin ölümü özünəməxsus anlaması ilə bağlıdır. Bu fikirlərin hər biri özünə görə düzdür, lakin heç bir fikir tam dolğun deyil və bəlkə də heç zaman olmayacaq. Bu fikirlər bir növ kor insanların fil haqqında mübahisələrinə bənzəyir. Buna səbəb bizim ölümümüzü özümüzün görməməyimizdir. Epikürün sözləri ilə desək “biz yaşayarkən ölüm yoxdur, ölüm gələndə isə biz olmuruq”.
Digər bir mübahisə doğuran məqam ölməklə yaşamamağın ekvivalent anlayış olub olmamaları barədədir. Laboratoriya şəraitində dondurulmuş insan embrionları yaşamır, lakin onlar ölməyiblər də, çünki labüd şərait yaradıldıqda onlar yenə də həyati funksiyalarını bərpa edəcəklər. Bu səbəbdən bəzi filosofların fikrincə “ölüm” kateqoriyası “yaşam” sözü ilə deyil, “doğuluş” anlayışı ilə antonim təşkil edir. Bəzi qərb ədəbiyyatlarında ölümü anlamağın 3 üsulu göstərilir: 1) animalizm, 2) personalizm, 3) mayndizm. Animalizm – insan ölmünü hər hansı bir canlının ölümü kimi qəbul edərək, bunu heyvan ölümünə bənzədir. Onların fikrincə tam ölüm cəsəd tələf olandan sonra baş verir. Personalizm – insan ölümünü onun psixoloji fərdiliyi, insanlar arasında münasibət prizmasından izah edir. Mayndizm isə insanın ölümünü düşünən orqanın tələfi ilə ölçür. Bu cür izahda bədəni ölmüş, lakin beyni digər insana köçürülmüş biri yaşayan hesab edilir.
Ancaq istənilən halda 21 qram ruhu almaq üçün ölüm bizimlə nə şahmat oynayacaq, nə də şəxsi köməkçimiz cildinə girib bizi aparacaq. Ölüm xəbərsiz gəlir. Bu səbəbdən insanlarda hər zaman ölüm qorxusu olub. Bunu yenməyin yolları arasında, ölümə növbəti həyata qapı kimi baxaraq ölümsüzlüyə inanmaq da olar, ölümün mütləq son olacağına və aqoniyanın müvəqqəti ağrı olmasına inanmaq da olar. Hər şey insanın həyatı necə dərk etməsindən asılıdır. Əslində isə insana ölməkdən daha çox ölüm haqqında düşünməsi qorxulu gəlir. Seneka bu səbəbdən ölümün ətrafındakı qışqırığın ölümdən daha qorxuludur demişdir.
İslamda ölüm xüsusi məna kəsb edir. Tək onu qeyd etmək kifayətdir ki, Quranda ölüm barədə 164 dəfə danışılır. İslamda, ölənin ruhu bərzax aləminə (ölümdən sonra insanın sorğu-sual olunacağı günə qədər qərar tutacağı yerə və ya vəziyyət) düşür (əl-Muminun, sürəsi 99 — 100). Ruh hər şeyi anlayır və hiss edir. Əgər insan günah işlədibsə, bu mərhələdə onu “qəbir əzabı” gözləyir, əksinə, saleh insan olubsa, xoşbəxtliyə qovuşur. Qiyamət günündə hər kəs əbədi aqibətini biləcək və bununla da bu vaxt kəsiyi bitəcək. Bu səbəbdən məad (hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək) insanları təfəkküri-mövtü (ölümü düşünmək) tərk etməməyə çağırır. Məhəmməd peyğəmbər özü bu dünyanı uzun bir səfər zamanı insanın dibində oturduğu ağac kölgəsinə bənzədir. Ölüm də doğuluş kimi haqqdır. İslamın bədəvi düşüncələrinə bir çox yenilik gətirmişdir ki, onlardan biri də ölümdən sonrakı həyatın insanın yerdəki əməllərindən asılı olması barədə ideyalar olmuşdur. İnsan yaranışdan fani, ölümlüdür. Lakin axirətdə hər kəs yaşadığı zaman etdiklərinə görə cavab verəcək və “Məhəmməd, sən də ölümlüsən hər kəs kimi” (əz-Zümər sürəsi, 30) sözləri bunu göstərir ki, həmin anda heç kimə istisna edilməyəcək. Ölüm bir növ insanın davranışını balanslaşdıran bir meyardır, o, insanı öz həddini aşmaması üçün bir ölçü vahidi ola bilər. Ümumiyyətlə İslamda “insan” kateqoriyası 3 yerə bölünür: 1) Allaha aid olan hissəsi (bura onun ruhu aiddir), 2) insanın özü üçün olan hissəsi (bura insanın əməlləri aiddir) və 3) qurdlar üçün olan hissəsi (bura insanın bədəni aiddir). Bu səbəbdən insan Allah üçün olan hissəsi – ruhunun təmizliyinə xüsusi diqqət yetirməlidir. Bu isə qalan 2 hissənin də təmizliyi sayəsində mümkündür.
Ölüm fəlsəfəsində özünəməxsus fikirləri ilə seçilən filosoflar içərisində İslam mütəfəkkirlərinin də yer tutması bununla əlaqədardır. İslamda ölən insanın ruhunun Cənnətə və ya Cəhənnəmə düşəcəyi deyilsə də, bəzi baxışlarda (məsələn, ibn Sina, Nasir Xosrov, Sicistani) ruhun və zəkanın insan ölümündən sonra Dünya Ruhuna və Dünya Zəkasına qovuşulacağı deyilərək, ruhun insan ölümündən sonra öz individuallığını itirəcəyi fikri irəli sürülür. Lakin bu fikrin nisbətən geniş yayıldığı İsmaililərin özlərində də bu fikrlə heç də hamı razılaşmırdı (ən çox da İxvan əs-Səfa razı deyildilər). Onlar ruhun ölümdən sonra da fərdiliyini qoruduğuna inanırdılar. Zəkaya gəldikdə isə İslamda deyilir ki, insan olduqca zəka var. İslam teologiyası bədənlə ruhu vəhdətdə götürürərək, qəbr dünyasında onların ölümsüz olacağını deyirdi. Lakin ruhun ölümlülüyü barədə bəzi filosofların fikirləri İslam teologiyasındakı analoji fikirlərdən bir qədər fərqlənir. Məsələn, əl-Fərabi düşünürdü ki, ruhun substansiyası materiyadan ayrıdır və bədən öləndən sonra da o, qalır. Buna baxmayaraq, elə əl-Fərabi öz növbəti fikirlərinə ruhun bədəndən asılı olduğunu deyir. Filosofun fikrincə, Yaradan ruhu qəbul edə biləcək nəsə (bədən) olandan sonra ruhu yaradır. Ruh bədəndən əvvəl mövcud ola bilməz və bədən öləndən sonra başqa bədənə köçə bilməz. Mütəfəkkir ruh haqqında danışarkən xeyirxah və nadan insanların ruhlarını fərqləndirirdi. Onun sözlərinə görə xeyirxah insan öləndən sonra ruhu ölümsüz olur, nadanlar öləndə isə ruhları tələf olur. İbn Rüşdün fikrincə isə fərdi ruh ölümlüdür, ölümsüz olan ümumbəşəri universal zəkadır. İbn Sina fərdi zəkalı ruhun ölümsüzlüyünə inanırdı.
Xülasə
Ölüm haqqında bir çox fəlsəfi fikirlər deyilməsinə baxmayaraq, bizim şüurlu şəkildə yaşamağa və ölməyə yalnız 1 şansımız var. Əgər həqiqətən reinkarnasiya varsa da belə, bizim öncəki həyatlarımızı xatırlamamağımız həyatı ilk dəfə imiş kimi yaşamağımıza gətirir. Bu isə bizə həyatımızı “boşuna israf etməməyə” çağırır. Həyatı sevərək, carpe diem yaşamaq lazımdır. Yalnız bu halda bizə verilən limitli vaxt kəsiyi əl-Fərabinin təbirincə desək, bizi ölümsüz edəcək, necə ki Cəfər Cabbarlını, Mübariz İbrahimovun, Asəf Zeynallını və yüzlərlə əbədi gənc soydaşlarımızı etdi.
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli
Hüseyn Cavid.
Резюме
Хотя о смерти сказано много философских мыслей, но у нас всего 1 шанс для сознательной жизни и смерти. И даже если реинкарнация и впрямь существует, то тот факт, что мы не помним прежние жизни, создает у нас ощущение, что мы живем впервые. А это призывает нас “не тратит жизнь впустую”. Нужно жить любя жизнь, carpe diem. И только в таком случае данный нам лимитный временной отрезок, выражаясь словами аль-Фараби, сделает нас бессмертными, как сделал таковыми Джафара Джаббарлы, Мубариза Ибрагимова, Асефа Зейналлы и еще многих наших вечно молодых соотечественников.
Бывает смерть – ценнее жизни,
А также жизнь – земли сыра
Гусейн Джавид
Summary
Although, lots of philosophical thoughts about the death have been expressed, we have only a chance to live and die consciously. Even if reincarnation exists, we live our life as for the first time, because we don’t remember our previous lifes. It calls us not to wasteour life in vain. Our life must be full of life and enjoyment of the pleasures of the moment without concern for the future. Only in this case limited period of time given to us can make us immortal (Al-Farabi), as it made Jafar Jabbarli, Mubariz Ibrahimov, Asef Zeynalli and lots of other young compatriots. Let’s finish with subscript translation of a poem by Huseyn Javid:
There is a Death as valuable as a Life
There is a Life more poisoned than a Death
— Huseyn Javid
Mənbə:
- Stanford Encyclopedia of Philosophy/ Death
- История средневековой арабо-исламской философии, Е.А. Фролова/ http://www.e-reading.club/
- Ölüme dair.../ http://felsefe-alemi.blogspot.com/
- Həyat: ölümün bu üzündə, o üzündə/ https://kayzen.az/
Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının magistrantı Hacıyev Cavidan Natiq oğlu
Bakı Dövlət Universiteti
Açar sözlər: Ölüm, insan, cənnət, ruh,
Ключевые слова: Смерть, человек, рай, душа
Keywords: Death, human, paradise, spirit