Madam ki, ölümün qarşısını almaq mümkün deyil, onda ürəyi nə vaxt istəyir, gəlsin. Sokrata deyəndə ki: «Otuz Zalım səni ölümə məhkum etdi», «Təbiət da onları!» cavabını vermişdi.
Bütün dərdlərin qurtardığı yerə gedəcəyik deyə dərd çəkmək necə də axmaqlıqdır! Necə ki, doğulmağımız bizim üçün hər şeyin doğuşu oldusa, ölümümüz də hər şeyin ölümü olacaq. Elə isə, daha yüz il yaşaya bilməyəcəyik deyə ağlamaq, yüz il əvvəl yaşamadığımıza görə ağlamaq qədər dəlilikdir.
Ölüm başqa bir həyatın qaynağıdır. Bu həyata gələrkən də ağladıq, əziyyət çəkdik; bu həyata da əvvəlki formamızı soyunaraq girdik. Bircə dəfə başımıza gələcək hadisə böyük dərd sayıla bilməz. Bir anda baş verib sona çatan bir şey üçün bu qədər çox qorxu hiss etmək ağıllı işdirmi?
Ölüm uzun ömürlə qısa ömür arasındakı ayrı-seçkiliyi aradan qaldırır, çünki yaşamayanlar üçün zamanın uzunu-qısası yoxdur. Aristotel, Hypanis çayında yalnız bir gün ömrü olan kiçik canlıların yaşadığından bəhs edirdi. Bu heyvanların səhər saat səkkizdə öləni gənc, axşam saat beşdə ölən yaşlı ölmüş sayılırmış. Belə bir ömürün bəxtlisi ilə bəxtsizini müəyyənləşdirmək hansımıza gülünc gəlməz? Amma sonsuzluqla müqayisədə, dağların, çayların, ulduzların, ağacların, hətta bəzi heyvanların ömrü ilə müqayisədə bizim həyatımızın uzunu da, qısası da bu qədər gülüncdür…
Bunu təbiət belə istəyir. O, bizə deyir: «Bu dünyaya necə gəldinizsə, eləcə də çıxıb gedin. Ölümdən həyata keçərkən çəkmədiyiniz qayğını, həyatdan ölümə keçərkən də çəkməyin. Ölümünüz varlıq nizamının, dünya həyatının şərtlərindən biridir.
Inter se mortales mutua viviunt
Et quasi oursores vitae lampada tradunt. (Lukretsi Kar)
İnsanlar bir-birini yaşadaraq yaşayar
Və həyat məşəlini, bir-birinə təhvil verər marafonçular kimi.
Həyat işinizə yaramadısa, əbəs yerə keçdisə, onu itirməkdən niyə qorxursunuz? Bundan artıq yaşayıb nə edəcəksiniz? Yoxsa sizin xətriniz üçün kainatın bu gözəl nizamını dəyişdirəcəyəm?
Ölmək yaradılışınızın şərtidir, ölüm sizin mayanızdadır: ondan qaçmaq, öz-özündən qaçmaqdır. Sizin bu səfasını sürdüyünüz varlıqda həyat qədər ölümün də yeri vardır. Dünyaya gəldiyiniz gündən etibarən bir tərəfdən yaşamağa, digər tərəfdən də ölməyə başlayırsınız.
Prima, Quae vkam dedit, hora carpsit. (Seneka)
Bizə verdiyi həyatı gəmirməyə başlayar ilk saatımız.
Nascentes morimur, finisque ab origine pendet. (Manliy)
Doğumla ölüm başlayar, son günümüz ilk günümüzün nəticəsidir.
Yaşadığınız hər an həyatdan azalmış, xərclənmiş andır. Ömrünüzün gündəlik işi ölüm evini qurmaqdır. Həyatın içində ikən ölümün də içindəsiniz; çünki həyatdan çıxınca ölümdən də çıxmış olursunuz. Ya da istəsəniz, belə deyək: Həyatdan sonra ölüm gəlir; amma həyatda ikən ölməyə davam edirsiniz. Ölümün ölməkdə olana etdiyi isə, ölmüş olana etdiyindən daha ağrılı, daha dərin, daha canyandırıcıdır. Həyatdan umduğunuz qazancı əldə etdinizsə, doya-doya yaşadınızsa, gülə-gülə gedin.
Cur non ut plenus vitae conviva recedis?
Cur amplius addere quaeris
Rursum quod pereat male, et ingratum occidat omne. (Lukretsi)
Nə üçün həyat süfrəsindən, qarnı doymuş bir çağırışçı kimi durub gedə bilmirsən?
Nə üçün günlərinə yenə səfalət içində yaşanacaq; yenə boş-boşuna keçib gedəcək başqa günlər qatmaq istəyirsən?
Həyat özlüyündən nə yaxşı, nə də pisdir: Ona yaxşılığı da, pisliyi də qatan sizsiniz. Bir gün yaşadınızsa, hər şeyi görmüş sayılırsınız. Bir gün bütün günlərə bərabərdir. Başqa bir gündüz, başqa bir gecə yoxdur axı. Atalarınızın gördüyü, nəvələrinizin görəcəyi hər zaman bu günəş, bu ay, bu ulduzlar, bu nizamdır.
Non alium videre patres:
Aliumve nepotes Aspicient. (Lukretsi)
Atalarınız başqa cürünü görmədi.
Nəvələriniz başqa cürünü görməyəcək.
Mənim komediyam, bütün pərdələri və səhnələriylə, nəhayət, bir ildə oynanıb, sona çatar. Dörd mövsümünün necə keçdiyinə bir baxın: dünyanın uşaqlığını, gəncliyini, yetginliyini və yaşlılığını onlarda görərsiniz. Dünyanın tamaşası bu qədərdir. Mövsümlər bitdimi, yenidən başlamaqdan başqa bir bacarıq göstərə bilməzlər. Bu hər zaman belə gəlib, belə də gedəcək.
Versamur ibidem atque insumus usque. (Lukretsi)
İnsan özünü əhatələyən çevrənin içində fırlanıb dayanır.
Atque in se sua per vestigia volvitur annus. (Vergili)
İl həmişə öz izləri üstündə fırlanır.
Dünyanı sizə qoyub gedənlər kimi, siz də onu başqalarına qoyub gedin. Hər zaman bərabər olmağınız mənim ədalətimin əsasıdır. Hər kəsin asılı olduğu şərtlərdən asılı olmaqdan kim təəssüflənər? Bundan əlavə, nə qədər yaşayırsınız yaşayın, ölümlə keçirəcəyiniz zamanı dəyişdirə bilməzsiniz: Ölümdən sonrası həmişə eynidir. Beşiktə ikən ölsəydiniz, o qorxduğunuz məzarın içində yenə də o qədər qalacaqdınız.
Licet, quod vis vivendo vincere secla,
Mors aeterna tamen nihlominus illa manebit. (Lukretsi)
Neçə əsr yaşayırsınız yaşayın,
Ölüm yenə sonsuz olacaq.
Onsuz da mən sizi elə bir hala salacağım ki, artıq heç bir ağrı duymayacaqsınız.
In vera nescis nullum fore morto alium te.
Qui possit vivus tibi te i;agere peremptum, stansque jacentem. (Lukretsi)
Bilmirsinizmi ki; öldükdən sonra başqa bir mənliyiniz sağ qalıb sizin ölümünüzə yanmayacaq, ölünüzün başı üstündə dayanıb ağlamayacaq?
Bu doymadığınız həyatı artıq axtarmayacaqsınız:
Nec sibi enim quisquam tum se vitamque requirit.
Nec desiderium nostri nos afficit ullum. (Lukretsi)
O zaman nə həyatı axtararıq; nə də özümüzü;
Varlığımızdan heç bir şeyə həsrətimiz qalmaz.
Heçdən daha az nəsə olsaydı, ölüm heçdən daha az qorxulacaq bir şeydir deyilə bilərdi.
Mufto mortem minus ad nos esse putandum
Si minus esse potest quam quod nihil esse videmus. (Lukretsi)
Ölüm sizə nə sağkən pislik edər, nə də ölüykən; sağkən etməz, çünki həyatdasınız; ölüykən etməz, çünki həyatda deyilsiniz.
Heç kim həyatından əvvəl ölmüş sayılmaz; çünki sizdən geridə qalan zaman da, sizdən əvvəlki zaman kimi sizin deyildir: ondan da nəsə itirmiş olmursunuz.
Respice enim quam nil ad nos ante acta vetutas
Temporis aeterni fuerit. (Lukretsi)
Bizdən əvvəlki zamanları düşün
Bizim üçün onlar yoxmuş kimidir.
Həyatınız harada sona çatsa, orada tamam olmuşdur. Həyatın dəyəri uzun yaşamaqda deyil, yaxşı yaşamaqdadır: elə uzun yaşayanlar var ki, çox az yaşayıblar. Bunu başa düşməyə gecikməyin: doya-doya yaşamaq illərin çoxluğundan deyil, sizin gücünüzdən aslıdır. Hər gün getdiyiniz yerə (ölümə-tər.) elə bilirsiniz ki, nə vaxtsa çatmayacaqsınız? Ovuna bilmək üçün dost-tanış istəyirsinizsə, hər kəs sizin getdiyiniz yerə getmirmi?
Omnia te vita perfuncta sequentur. (Lukretsi)
Ömrün sona çatdıqda, hər şey səninlə yox olacaq.
Hər kəs eyni axının içində süründürülmürmü? Sizinlə birlikdə yaşlanmayan bir şey varmı? Sizin öldüyünüz anda minlərlə insan, minlərlə heyvan, minlərlə başqa varlıqlar da ölmürmü? Madam ki, geri dönə bilməzsiniz, nə üçün qaçmağa çalışırsınız? Bir çox insanın ölməklə, dərdlərindən xilas olduğunu görübsünüz, amma kimsənin ölməklə daha pis olduğunu görmüsünüzmü?
Öz görmədiyiniz, başqasından da eşitmədiyiniz bir şeyə pis demək necə də böyük bir saflıqdır! Nə üçün məndən və taledən şikayətlənirsiniz? Yoxsa sizə pislik edirəm mən? Siz məni idarə edəcəksiniz, yoxsa mən sizi? Öldüyünüz zaman yaşa dolmamış da olsanız, həyatınız dolmuş olur. İnsanın kiçiyi də böyüyü kimi bir insandır. İnsanların nə özləri, nə də həyatları arşınla ölçülə bilməz.
Xiron, atası Saturndan, zaman və müddət tanrısından, ölümsüzlüyün şərtlərini öyrəndikdə ölümsüz olmaq istəməmişdir. Sonsuz həyatın necə dözülməz olacağını bir düşünün. Ölüm olmasaydı, sizi ondan məhrum etdim deyə məni lənətləyəcəkdiniz. Həyatınıza, bilərəkdən bir az acılıq qatdım; nə həyatdan, nə də ölümdən qaçmadan mənim istədiyim bir ölçüylə yaşaya bilməyiniz üçün həyata və ölümə şirin ilə acı arasında bir konsistensiya verdim. İlk müdrikiniz olan Falesə, yaşamaqla ölməyin eyni olduğunu öyrətdim.
Birisi ondan: „Madam ki, yaşamaq əbəsdir nə üçün ölmürsən?“ deyə soruşduqda, o da: „İkisi də birdir, onun üçün“, deyə cavab vermişdir. Su, hava, torpaq, od və mənim bu qurğumun digər bütün elementləri həm yaşamağınıza, həm də ölümünüzə gətirib çıxararlar. Son gününüzdən nə üçün bu qədər qorxursunuz? O gün, sizi öldürməkdə o biri günlərinizdən daha artıq bir iş görmür! Yorğunluğu yaradan son addım deyil, son addımda yorğunluq yalnız meydana çıxar. Bütün günlər ölümə gedər, sonuncu gün çatar.»
Budur təbiət anamızın bizə verdiyi gözəl öyüdlər… Adətən düşünürəm: görəsən nə üçün müharibələrdə öz ölümümüz də, başqalarının ölümü də bizə evlərimizdəki ölümdən daha az qorxunc gəlir? Elə olmasaydı, ordu həkimlərlə, ağlayıb-sızlayanlarla dolardı. Görəsən, nə üçün ölüm hər yerdə eyni olduğu halda kəndlilər və yoxsul insanlar ona daha mətin bir ruhla dözürlər? Mənə elə gəlir ki, bizi qorxudan ölümdən daha çox bizim cənazə izdihamlarıyla, solğun üzlərlə ölümə verdiyimiz qorxunc görünüşdür…
Uşaqlar sevdiklərini belə, maska taxmış gördükdə, qorxarlar. Biz də eləyik. İnsanların və hər şeyin üzündən maskanı çıxarıb atmalıyıq.
Tərcümə: Malik Məmmədli