Pifaqor və pifaqorçular

Pifaqor və pifaqorçular

Qədim yunan mütəfəkkiri Pifaqoras (Pythagoras) (e.ə. 580-500) Samos adasında anadan olmuşdur. Sonra o, Cənubi İtaliyaya köçüb, orada Kroton şəhərində dini ittifaq (təriqət) yaratmışdı. Pifaqorasın özündən heç bir əsər qalmamışdır. Buna görə də Pifaqoras və onun ardıcıllarının dünyagörüşü yalnız nisbi təsvir edilə bilər. Onlar tərəfindən hansı fikirlərin irəli sürülməsi haqqında dəqiq məlumat yoxdur. Məlumdur ki, e.ə. V-IV əsrlərdə pifaqorçuluq ideyaları təkmilləşdirilib, yeni keyfiyyət və məzmun almışdı, oraya çoxlu yeni ideyalar daxil olunmuşdu. Yalnız onu demək olar ki, Pifaqorasın yaşadığı dövrdə, onun təliminin ümumi nəzəriyyəsi, ondan sonra isə, pifaqorçuluğun fəlsəfəsi yaranmışdı. Daha sonra isə pifaqorçuluq yeni platonçuların fəlsəfəsi ilə birləşib, onun daxilində ərimişdi.
Rəvayətlərə görə, Krotona gələndən sonra, Pifaqoras dini-fəlsəfi «Pifaqorçular ittifaqı» yaratmışdı. Bu ittifaqın yaradılmasında məqsəd — ən istedadlı və ağıllı adamları birləşdirərək, onları cəmiyyəti idarə etmə iqtidarında olan qüvvəyə çevirməkdən ibarət olmuşdu. Bu adamlar həm elmi, həm də əxlaqi cəhətdən başqalarından seçilərək, cəmiyyətin aristokrat təbəqəsini təşkil etməli idilər. Məhz bu cür fəaliyyətlərinin nəticəsində, pifaqorçular Krotonda tanınmışdılar.
«Pifaqorçular ittifaqı» gizli dini-fəlsəfi təşkilat idi, onun daxili həyatı haqqında heç kəsə məlumat verilmirdi. İttifaqa yeni üzvlər, yalnız sınaqlardan keçəndən sonra qəbul edilirdilər. Bunun üçün xüsusi dini mərasim də keçirilirdi.
Məlumdur ki, Pifaqoras bir sıra əxlaqi və mənəvi prinsiplər irəli sürmüşdür. O deyirdi ki, insan nadanlıqdan, ailə ixtilaflarından, fitnədən, biclikdən aralanıb, üç ideala can atmalıdır: gözəllik və şərəfə; həyatda faydalı olan şeyə; ləzzətli və həzz verici şeylərə. Bu ifadələrdə əxlaqsızlıq deyil, möminlik nəzərdə tutulur.
Pifaqorçular çox sərt həyat tərzi çərçivəsində yaşayırdılar. Səhər tezdən yuxudan ayılırdılar, idmanla məşğul olurdular. Gün ərzində hansı işlərin görülməsini planlaşdırırdılar və daim əmək fəaliyyətində idilər. Axşamlar isə, bir yerdə yığılıb, keçdiyi günə yekun vururdular və tanrılarına ibadət edirdilər. Heyvan ətini yemirdilər, cadulara qarşı ayinlər tərtib etmişdilər. Eyni zamanda pifaqorçular zehni əməyə də böyük əhəmiyyət verirdilər. Onlar təbabət, psixoterapiya, riyaziyyat və başqa elmləri inkişaf etdirirdilər. Pifaqorusun özünə bir neçə elmi ixtira aid edirlər. Onun ən böyük ixtiralarından biri həndəsədə düzbucaqlı üçbucağın hipotenuza ilə katetlərin münasibətləri haqqında teoremdir.
Pifaqorçularda biliyin iki növü vardır: «akusmata» (eşidilən) — müəllimlərdən şagirdlərə verilən şifahi və dəlilsiz biliklər; «matemata» (elm, bilik) — biliyin özü.
İctimai həyatda pifaqorçular hakimiyyət problemlərinə diqqət yetirirdilər və cəmiyyətin hakimiyyətsiz qalmasını yol verilməz hesab edirdilər. Ən ali hakimiyyət tanrılara məxsusdur. Onları tanımaq və onlara ibadət etmək hamının borcudur. Tanrılardan sonra, hökmdarlara, böyüklərə, ata-anaya və sonda qanunlara tabe olmaq lazımdır.
Pifaqoras həm də «kosmos» anlayışını müasir mənada, yəni bütün dünyanı əhatə edən fəza kimi başa düşürdü, onun qanunauyğunluğu və ahəngdə olması haqqında danışırdı. Dünyanın və kosmosun gözəlliyi, yalnız düzgün, intizamlı həyat tərzi sürən insanlar üçün açdır. Kosmosun ahəngini insan həyatına keçirmək pifaqorçuların ideallarından biri idi.
Pifaqorçuların kosmoqoniyasına görə, dünya bir kürədir, sonsuz və əbədi boşluqlardan yaranıb və o boşluqlarla nəfəs alır. Bu nəfəs alma nəticəsində dünya genişlənir və bölünür, göy cisimləri, hərəkət və zaman yaranır. Dünyanın mərkəzində od, Zevsin evi, təbiətin qanunu Prinsipi yerləşir. Sonra isə, oddan yaranmış yer, planetlər və ulduzlar gəlir. Onlar odun ətrafında yerləşir. Göründüyü kimi, pifaqorçular yeri kainatın mərkəzi hesab etmirdilər və onu kürə şəklində təsəvvür edirdilər.
Pifaqoras ruhların bir bədəndən başqa bədənlərə köçməsinə inanırdı. O hesab edirdi ki, hər şey müəyyən müddətdən sonra yenidən dünyaya gəlir. Ruh günahlara görə bədəndə qalmağa məhkumdur. Həyatın ən başlıca məqsədi, onu bədən əsarətindən qurtarmaqdan və başqa bədənlərə köçməyə imkan verməməkdən ibarətdir. Buna nail olmaq üçün, pifaqorçuların həyat tərzini yaşamaq lazımdır.
Pifaqoras təliminin tərkib hissəsi olan rəqəmlərin mistikası xüsusi maraq doğurur. Onların inanclarına görə, rəqəmlər əşyalarda əks olunur, hətta şeylər rəqəmlərin obrazlarıdır, onlar hər şeyin əsası və səbəbidir. Bu təkcə cismi olan şeylərə deyil, həm də mücərrəd anlayışlara aiddir. Hər şey, o cümlədən dini, etik, sosial və s. problemlər riyazi mahiyyət daşıyır.
Rəqəmlər həndəsi mənada başa düşülürdü. Belə ki, nöqtə — vahiddir; iki nöqtədən düz xətt alınır; üç nöqtə — artıq müstəvidir. Burada müxtəlif həndəsi fiqurlar haqqında anlayışlar yaranır.
Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə»  kitabı
Top