Yaxşı insanların etdikləri pisliklər

Yaxşı insanların etdikləri pisliklər

1.
Yüz il əvvəl hamının çox pis insan kimi tanıdığı Ceremi Bentam adlı bir filosof yaşayıb. Uşaq olanda onun adını ilk dəfə eşitdiyim anı heç vaxt unutmamışam. Bu, Bentamın insanların ölmüş nənələrindən şorba bişirmələri lazımlığını iddia etdiyi barədə müqəddəs ata Sidney Smitin sözlərini eşitdiyim an idi. Belə bir şey, mənə aşpazlıq yönündən olduğu kimi, əxlaq baxımından da dadsız görünmüşdü. Buna görə Bentam haqqında pis fikirdə idim. Bu sözlərin, hörmətli insanların xeyirxahlıq uğrunda deməyə vərdiş etdikləri məsuliyyətsiz yalanlardan biri olduğunu sonralar başa düşdüm. Bundan başqa, Bentama qarşı həqiqi ittihamın nə olduğunu da anladım. Təqribən belə bir şey idi:

O, «yaxşı» insanı yaxşılıq edən insanla eyniləşdirmişdi. Ağlı başında olan bir oxucunun dərhal başa düşəcəyi kimi, bu eyniləşdirmə həqiqi əxlaq prinsiplərini alt-üst edən fikir idi. “Yaxşılıq ondan faydalanan insana duyulan sevgidən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilməyib, yox əgər əxlaq prinsiplərindən qaynaqlanırsa, deməli xeyirxahlıq naminə edilib” deyən Kantın düşüncəsi daha alidir. Eyni qaydalar, təbii ki, əks istiqamətdə, qəddar davranışlara da yol aça bilər. Xeyirxah olmağın mükafatının xeyirxahlığın özü olduğunu bilirik. Bundan yəqin bu nəticə çıxır ki, ona dözmək də onun cəzasını meydana gətirir. Bu səbəbdən Kant, Bentamdan daha ali bir moralistdir və xeyirxahlığı xeyirxahlıq olduğu üçün sevdiyini söyləyən hamı onun tərəfini saxlayır.

Bentamın öz “yaxşı insan” tərifinə uyğun yaşadığı həqiqətdir: o, çox yaxşılıqlar edib. On doqquzuncu əsrin ortaları, qırx il boyunca İngiltərədə maddi, fikri və əxlaqi baxımdan inanılmaz dərəcədə irəliləyiş müşahidə olunduğu illərdir. Bu dövrün əvvəllərində, daha öncə aristokratları təmsil edən Parlamenti, orta sinifi təmsil edən vəziyyətə gətirən “İslahat Qanunu” çıxmışdır.

Qanun, İngiltərədə demokratiyaya doğru atılan addımların ən çətini olmuşdur. Ardınca da Yamaykada quldarlığın ləğv olunması kimi başqa əhəmiyyətli islahatlar aparılmışdır. Bu dövrün əvvəlində adi oğurluğun cəzası asılaraq edam olunmaq idi. Çox keçmədən ölüm cəzası yalnız insan öldürmə və vətənə xəyanət cinayətlərinə tətbiq olundu. Qida qiymətlərini qorxunc səfalətə gətirib çıxaracaq ölçüdə artıran “Əkinçilik Qanunları” 1846-cı ildə qüvvədən düşdü. 1870-ci ildə icbari təhsil qanunu qüvvəyə mindi. Bu gün Viktoriya dövrünü pisləmək dəbdədir; amma mən arzu eləyirəm ki, bizim dövrümüzdə onlarının dövründə edilənlərin yarısı qədər yaxşı işlər görülsün. Ancaq indiki mövzumuz bunlar deyil. Toxunmaq istədiyim məqam budur: o illərdəki inkişafın böyük bir hissəsinin Bentamın təsiri sayəsində reallaşdığı qəbul olunmalıdır. Keçən əsrin ikinci yarısında İngiltərədə yaşayan insanların ondan doqquzunun, Bentam olmasaydı, yaşaya biləcəklərindən daha xoşbəxt yaşadıqlarına şübhə yoxdur. Onun fəlsəfəsi elə sadə idi ki, sanki ona etdiklərinin səbəbi kimi baxırdı. Bizlər, indiki daha maariflənmiş dövrümüzdə, onun fikirlərinin əbəs olduğunu görə bilərik. Ancaq, Bentamın çox da xeyirxah sayılmayan praqmatizm prinsipini rədd etmə səbəblərinə nəzər salmaq bizi ürəkləndirə bilər.

2.
Hamımız “yaxşı” insan dedikdə nə başa düşdüyümüzü bilirik. İdeal yaxşı insan içki içmir, siqaret çəkmir, söyüş söymür, təkcə kişilərin olduğu yığıncaqda belə sanki qadınlar var kimi danışır, kilsəyə vaxtı-vaxtında gedir, istənilən mövzu barədə özünəməxusus fikirləri olur. Haqsızlığa nifrət edir, günahkarı cəzalandırmağın bizim ağrılı vəzifəmiz olduğunu qəbul edir. O, yanlış düşünməyə daha çox nifrət edir və fikirləşir ki, gəncləri, əsasən, orta yaşlı, uğur qazanmış həmvətənlərinin mənimsədiyi yanaşmaların doğru olub-olmadığını öyrənməyə çalışan şəxslərdən qorumaq dövlətin vəzifəsidir.

Ürəklə peşə fəaliyyətini həyata keçirməklə yanaşı, xeyirxah işlərə də vaxt ayırır: vətənpərvərliyi və hərbi təlimi təşviq edir, işçilərin və onların uşaqlarının çalışqan, soyuqqanlı və xeyirxah olmaqlarını dəstəkləyir və bunu, o mövzulardakı uğursuzluqlarının cəzalandırılmasını alqışlayır, mümkündür ki hər hansı bir universitetin idarə heyətinin üzvüdür və zərərli fikirləri olan professorlara vəzifə verməyərək təhsilə istiqamətlənəcək hörmətsizliyin qarşısını alır. Sübhəsiz, onun hər şeydən daha çox, dar mənada “şəxsi əxlaqı” mükəmməldir.

Bu mənada «yaxşı» insanın, ümumiyyətlə, «pis» bir insandan daha çox yaxşılıq etdiyinə şübhə etmək olar. «Pis» insan dedikdə, yuxarıda bəhs etdiyimiz insanın əksi olan şəxsi nəzərdə tuturam. «Pis» insan siqaret çəkir, arada bir içki də içir; hətta yüngülvari narahat ediləndə ağzından nalayiq ifadələr də çıxara bilər. Onun söhbətləri elədir ki, onlardan həmişə hər yerdə danışmaq olmaz; bəzən hava yaxşı olanda bazar günləri kilsəyə getmək əvəzinə təbiət qoynunda gəzişir. Zərərli fikirlərə də sahibdir. Məsələn, sülh istəyirsinizsə, müharibəyə yox, sülhə hazırlaşmağın lazım olduğunu düşünə bilər. İnsanların etdiyi yanlışlara münasibəti, maşını qəzaya uğrayanda olduğu kimi, elmidir. Moizə və həbs cəzası partlamış avtomobil şininin təmirinə necə köməklik edirsə, pis vərdişləri düzəltməyə də o cür köməklik edir. Yanlış düşüncə barəsində daha da tərsdir. Onun fikrincə «yanlış düşünmə» sadəcə düşünmək, «doğru düşünmə» də sözləri tutuquşu kimi təkrarlamaqdır. Bu vəziyyət, onun hər cür qəribə fikirləri olan şəxslərə yaxınlıq duymasına gətirib çıxarır.

İş saatları istisna olmaqla, onlar yalnız xoşu gələn şeylərlə məşğul olmur, və ya daha pisi, iqtidar sahiblərinin rahatlığına toxunmayan bəzi qarşısı alına bilən pisliklər barədə narahatlıq yaradıb aranı qarışdırırlar. Və hətta ola bilər ki, "şəxsi əxlaq" barədə bəzi qüsurlarını, həqiqətən xeyirxah olan şəxslər kimi ehtiyatla gizlətməz; özünü, dürüst olmağın yaxşı bir nümunə olmaqdan daha yaxşı olduğu kimi səhv düşüncə ilə müdafiə edir. Sıravi və hörmətli bir vətəndaşın haqqında danışdığımız bu xüsusiyyətlərin bir və ya bir neçəsinə sahib bir insan haqqındakı qənaəti mənfidir; bu səbəbdən hakim, müəllim və ya qubernator kimi geniş səlahiyyətli vəzifələr tutmalarına icazə verilmir. Bu cür işlərdə çalışmaq ancaq «yaxşı» insanların üzünə açıqdır.

Bütün bu vəziyyət son zamanlara xasdır. Kromvelin vaxtında, Puritanların az davam edən hakimiyyəti dövründə vəziyyət belə idi və onlar tərəfindən Amerikaya aşılanmamışdı. İngiltərədə yenə ortaya çıxması onunla əlaqədar idi ki, Fransız İnqilabından sonra Yakobinizmə — yəni indilərdə Bolşevizm adlandıra biləcəyimiz məvhuma — qarşı mübarizədə faydalı ola bilərdi. Vordsvortun həyatı bu dəyişikliyə misal çəkilə bilər.

Cavanlığında Fransız İnqilabına meyilli olmuş, Fransaya getmiş, gözəl şerlər yazmış və evlilikdən kənar bir qızı olmuşdu. Bu dövrdə o, «pis» insan idi. Sonradan «yaxşı» oldu; qızını başlı-başına buraxıb getdi, doğru prinsiplərə yiyələndi və pis şerlər yazdı. Kolricin həyatında da bunabənzər bir dəyişiklik oldu: “pis” olduğu dövrdə “Kubilay xan”ı, “yaxşı” olduğu dövrdə isə teoloji yazılar yazdı.

Yaxşı şerlər yazdığı vaxtlar «yaxşı» olan bir şair nümunəsi tapmaq çətindir. Dante zərərli fikirləri təbliğ etdiyi üçün ölkədən xaric edilmişdi. Sonetlərinə baxaraq hökm verilsə, amerikan immiqrant bürosunun səlahiyyətli nümayəndələrinə görə Şekspirin Nyu Yorka ayağını basmasına icazə verilə bilməzdi. «Yaxşı» insanın təbiətində hökumətə meyililik olmalıdır. Buna görə Kromvelin hökmranlığı dövründə Milton yaxşı, ondan əvvəl və sonrakı dövrlərdə isə pis insan sayılırdı, ancaq əslində şerlərin çoxunu bolşevik olmaqda təqsirləndirilərək edam edilməkdən tasadüf nəticəsində xilas olduqdan sonra yazmışdır. Don, müqəddəs Paul kilsəsinin ruhani başçısı olduqdan sonra xeyirxah oldu, ancaq bütün şerlərini bundan əvvəl yazılmışdı və buna görə, təyinatı skandala səbəb olmuşdu. Suinbörn cavanlığında, azadlıq üçün döyüşənləri tərifləyən “Şəfəqdən əvvəlki mahnılar”ı (“Songs Before Sunrise”) yazdığı dövrdə “pis” insan idi. Qocalığında, şiddətli təcavüzlərə qarşı azadlıqlarını müdafiə etdikləri üçün Boerlərə qarşı olduqca təhqiramiz yazılar yazdığı vaxt isə xeyirxah bir insan idi. Nümunələri artırmağa ehtiyac yoxdur; indiki vaxtda etibarlı olan xeyirxahlıq ölçülərinin yaxşı şer yazmaqla uyğun gəlmədiyinə işarə edən kifayət qədər söz var.

Eyni şey başqa sahələrdə də keçərlidir. Hamımız bilirik ki, Qalileo və Darvin pis şəxslər idi. Ölümündən yüz il sonraya qədər Spinozanın çoxlu günahların sahibi olduğu düşünülürdü. Dekart təqiblərin qorxusundan xaricə qaçmışdı. Ucdantutma bütün renessans rəssamları pis insanlar idi. Daha yüngül mövzulara gəlincə, qarşısı alına bilən ölümlərə qarşı çıxanlar mütləq pis şəxslər sayılırdı. Mən Londonun bir hissəsi çox varlı, bir hissəsi də çox kasıb olan bölgəsində yaşamışam. Burada körpə ölümü nisbətləri anormal dərəcədə yüksəkdir və varlılar rüşvət və ya qorxutma yoluyla yerli idarəetməni əllərində saxlayırlar. Varlılar güclərini əhaliyə və uşaqlara ayrılan səhiyyə büdcəsini azaltmağa və az maaşla part-taym işləyəcək tibb bacıları işə götürməyə nail olmaq üçün istifadə edirlər.

Varlıların süfrəsinin zənginliyini kasıbın uşaqlarının həyatından daha vacib hesab etməyən heç kim o bölgədəki önəmli şəxslərin hörmətini qazana bilməz.

Dünyanın hər yerində eyni qaydalar keçərlidir. Bunlardan nəticə çıxararaq, bir insanı “yaxşı” bir insan edən xüsusiyyətləri ümumiləşdirə bilərik: Yaxşı insanlar o şəxslərdir ki, onların düşüncələri və davranışları iqtidar sahiblərinə xoş gəlir.

3.
Keçmişdə pis olduqları halda, təəssüf ki, aliliyə ucalmış insanların üzərində dayanmağımız xeyli kədərli oldu. İndi də, daha ürəkaçan bir mövzu olan xeyirxah insanlara keçək.

3-cü Corc tipik bir xeyirxah insan idi. Pitt (1783-1801 və 1804-1806-cı illərində baş nazir olan İngilis dövlət rəsmisi) ondan katoliklərə azadlıq verməsini istəyəndə — o dövrdə katoliklərin səsvermə hüuquqları yox idi — tacqoyma mərasimində verdiyi anda zidd getməmək üçün bunu rədd etdi. Onlara azadlıq verməyin yaxşı bir şey olduğu səbəbinə uyaraq yanlışığa yol verməkdən haqlı olaraq uzaq durdu. Ona görə məsələ xeyirli olub-olmamaq deyil, mücərrəd olaraq «doğru» olub-olmamaq idi. Amerikanın müstəqillik istəyinə gətirib çıxaran siyasətdə onun payı böyükdür; ancaq müdaxiləsi həmişə ən uca məqsədlərdən qaynaqlanmışdır. Eyni sözlər, qatı dindar və sona qədər Tanrının öz tərəfində olduğuna səmimiliklə inanmış və — bildiyim qədəriylə — fərdi pisliklərdən tamamilə təmizlənmiş bir insan olan sabiq Kayzer üçün də deyilə bilər. Amma yenə də, indiki dövrdə insanların incidilməsinə ondan daha çox səbəb olmuş başqa bir insan tapmaq asan deyil.

Yaxşı insanlar siyasətçilərə bəzi xeyirlər verirlər. Bu xeyirlərin birincisi başqalarının şübhə oyandırmadan işlərini icra etmələrinə imkan verən bir duman pərdəsi meydana gətirmələridir. Yaxşı insan yoldaşlarının qaranlıq işlər görə biləcəyini ağılına gətirmir; bu onun yaxşı tərəfidir. İctimaiyyət də insanın pisləri gizlətmək üçün etdiyi yaxşılıqlardan istifadə edə biləcəyini heç vaxt düşünmür; bu da onun xeyirli tərəfidir. İctimai gəlirlərin, onlara layiq olan varlıların əlinə keçməsinə etiraz edən dar düşüncəli xalqın müzakirə predmeti olduğu hər situasiyada bu iki xüsusiyyətin yaxşı insanı son dərəcə cəzbedici edəcəyi məlum məsələdir. Mənə deyilənə görə — amma mən qətiyyən razılaşmıram — yaxşı insan olan və bu məqsədə görə hərəkət edən bir Amerika Prezidenti var imiş. İngiltərədə də Ceyms Vaytteykerin məşhurluğunun pik vaxtlarda, ətrafı xeyirxahlıqları ilə onun hesabı anlamadığının anlaşılmasına mane olan əsilzadələr ilə dolu idi. Yaxşı insanın işə yaradığı başqa bir sahə də arzu olunmayan şəxsləri skandallarla siyasətdən uzaq saxlaya bilməsidir. Yüz insandan doxsan doqquzu əxlaq qaydalarını pozur; ancaq bu həqiqət əksərən gün işığına çıxmır.

Doxsan doqquzuncu insanın etdiyi ortaya çıxanda, yüz insan içində həqiqətən günahsız olan bir insan ürəkdən duyduğu nifrəti dilə gətirir; o biri doxsan səkkiz insan da, özlərindən də şübhələnə bilərlər deyə, onun arxasınca gedirlər. Buna görə xoşuna gəlməyən fikirləri olan bir kimsə siyasətə atılırsa, cəmiyyətin ənənəvi təşkilatlarını qorumağı məqsəd hesab edən şəxslər, aşkar ediləndə yeni siyasətçinin karyerasını sona çatdıracaq bir şey tapana qədər o kimsənin şəxsi həyatının tarixini araşdırmaları kifayətdir. Beləliklə üç variantları olacaq: həqiqətləri açıqlayaraq onun utanc buludu içində hər kəsdən uzaqlaşmasını təmin etmək və ya həqiqətləri açıqlamaqla təhdid edib onu siyasətdən uzaq durmağa məcbur etmək yaxud şantaj yolu ilə özlərinə yaxşı bir gəlir təmin etmək. Bu variantlardan ilk ikisi ictimaiyyəti, üçüncüsü isə ictimaiyyətin maraqlarını qoruyanları qoruyur. Bu səbəblə hər üçünü də tərifləməyə dəyər, hər üçünü də mümkün edən yaxşı insanların varlığıdır.

İndi isə məsələn zöhrəvi xəstəlik mövzusuna toxunaq. Məlumdur ki, əvvəlcədən tədbirlər görməklə bu xəstəliyin, demək olar ki, tamamilə qarşısını almaq mümkündür. Ancaq yaxşı insanların səyləri nəticəsində bu məlumatı bilmək mümkün olduqca az insana nəsib olur və reallaşdırılmasına hər cür maneə yaradılır. Nəticədə günah yenə «təbii» cəzasına ilə baş-başa qalır və yenə İncilin əmrlərinə uyğun olaraq, uşaqlar atalarının günahlarının cəzasını çəkməyə davam edirlər. Bunun əksi olsaydı, vəziyyət necə də qorxulu olardı. Çünki əgər günah cəzalandırılmasa, etdiyi hərəkət günah deyilmiş kimi davranacaq qədər əxlaqsız şəxslər meydana çıxa bilərdi və əgər cəza günahsızlara da şamil olunmasa idi, o cür qorxulu olmazdı. Bu səbəbdən, elm insanlarının ordan burdan əldə etdikləri məlumatlara baxmayaraq, təbiətin bizlər hələ cəhalət dövründə olarkən qoyduğu sərt cəza qanunlarının bu gün belə işləməsini təmin edən bu yaxşı insanlara nə qədər minnətdar olsaq, azdır.

Düzgün fikir yürən hər kəs bilir ki, ağrılara səbəb olub-olmamasından asılı olmayaraq, pis hərəkət pis bir şeydir. Ancaq hamının bir nəfər kimi əxlaq qaydalarına uyğun davranması mümkün olmadığına görə, fəzilətin təmin edilmədi baxımından, ağrının günahı izləməsi çox arzulanan şeydir. İnsanların elmdən əvvəlki dövrlərdə günahlara biçilən cəzalardan uzaq durmaq yollarını öyrənmələrinə maneə olmaq lazımdır. Xeyirxah insanlar bizləri bu təhlükəli məlumatlardan qoruya bilməsələr də, fiziki və əqli sağlamlığın qorunması barədə nə qədər çox məlumata sahib ola biləcəyimizi düşünmək məni dəhşətə gətirir. Yaxşı insanlar bir də özlərini öldürməklə xeyirxah iş görə bilərlər. Almaniya Çinin Şantunq əyalətini iki missionerin orada öldürülməsi sayəsində ələ keçirmişdir. Fikrimcə, Sarayevoda öldürülən Franz Ferdinand yaxşı insan idi, ona nə qədər minnətdar olsaq, azdır! Əgər o cür ölməsəydi,müharibə başlamayacaqdı, dünya demokratiya üçün etibarlı olmazdı, militarizm devrilməzdi, biz də indi İspaniya, İtaliya, Macarıstan, Bolqarıstan və Rusiyadakı hərbi despotizmin şahidi olmaqdan məhrum olardıq.

Zarafat bir yana, ictimaiyyət tərəfindən ümumiyyətlə qəbul olunan «yaxşılıq» meyarları dünyanı daha xoşbəxt etmək üçün düşünülmüş şeylər deyil. Bunun müxtəlif səbəbləri vardır; əsası da ənənədir.

Ondan sonrakı pillədə ən güclü səbəb olaraq hegemon siniflərin sahib olduğu haqsız güc dayanır. Belə görünür ki, primitiv əxlaq qaydaları tabu anlayışından çıxıb, bunlar başlanğıcda tamamilə xürafat halında idilər və tamamilə zərərsiz olan bəzi hərəkətlərin — məsələn qəbilə başçısının qabından yemək yemək — naməlum yollarla fəlakətə gətirib çıxardıqları düşünülərək qadağan olunmuşdu. Qadağalar bu şəkildə başladı və başlanğıcda heç bir əsas olmadan fərz edilən səbəblər unudulandan sonra da insanların hisslərinə təsirini davam etdirdi. İndiki vaxtda etibarlı olan əxlaq qaydalarının böyük hissəsi hələ də bu qəbildəndir: bəzi davranış formaları, təsirlərinin pis olub-olmadıqlarından asılı olmayaraq, insanda dəhşət hissi oyadır. Bir çox hadisədə insanı dəhşətə gətirən bu davranış həqiqətən də zərərlidir, zərərli olmasaydı, əxlaq meyarlarımızda dəyişiklik etməyin lazım olduğu daha geniş şəkildə qəbul olunardı.

Məsələn, mədəni cəmiyyətdə cinayətə münasibət yaxşı deyil, ancaq cinayətin qadağan olunmasının səbəbi, tamamilə xürafatdır. Öldürülən insanın qanının — və ya daha sonra qarabasmasının — qisas almaq istəyəcəyi və yalnız günahkarı yox, ona yaxınlıq göstərən hamını cəzalandıracağı düşünülürdü. Cinayətin qadağan olunmasının xürafat xüsusiyyəti buradan da aydın olur ki, müəyyən dini ayinlərlə “qan günahı”-ndan təmizlənmək mümkün idi. Başlanğıcda bu ayinlərin məqsədi isə, qarabasmanın onu tanımaması üçün günahkarın qılıq dəyişdirməsini təmin etmək idi. Ən azından Ser J. G. Frazerin nəzəriyyəsi belədir. Peşmanlığın günahı «təmizləməsindən» danışarkən etdiyimiz məcaz çox qədim zamanlarda qan ləkələrini təmizləmək üçün yuyulma hadisəsindən qaynaqlanır. «Cinayət» və «günah» kimi anlayışların qədim dövrlərdəki bu ayin ilə əlaqəli emosional yaxınlığı vardır.

Rasional əxlaq qaydası cinayət məsələlərində belə hadisəyə fərqli tərəfdən baxacaq, xəstəlik üçün olduğu kimi, cinayət, cəza və kəffarə əvəzinə, qarşısını alma və yaxşılaşdırma ilə məşğul olacaq. İndiki vaxtda əxlaq qanunları xürafat və rasionalizmin qəribə birliyidir. Cinayət qədimi günahdır, uzun illərdir ki, ona nifrət və qorxunun meydana gətirdiyi bir duman pərdəsinin arxasından baxırıq. Saxtakarlıq müasir günahdır, ona rasional baxış bucağı ilə yanaşırıq. Saxtakarları cəzalandırırıq, amma onları, caniləri qəribə varlıqlar hesab etdiyimiz kimi, özümüzdən kənarlaşdırmırıq. Nəzəriyyədə necə düşünsək də, ictimai həyatda xeyirxahlığı, bir şey etmək yox, etməmək hesab edirik. «Günah» olaraq adlandırılan şeylərdən uzaq duran bir kimsə, başqalarının xeyirinə heç nə etməsə də, yaxşı insandır. İncildə təlqin edilən münasibət, şübhəsiz, bu deyil: «Qonşunu özünü sevdiyin kimi sev» yaxşı direktivdir. Ancaq bütün xristian cəmiyyətlərdə bu əmrə əməl edən insan sıxışdırılır. Ən azından yoxsulluq, əsasən həbs və bəzən ölümlə cəzalandırılır. Dünya haqsızlıqlarla doludur. Mükafatları və cəzaları verəcək mövqedə olanlar da bu haqsızlıqlardan xeyir güdürlər. Mükafatlar bərabərsizlik üçün çox ustalıqla səbəblər tapana, cəzalar isə ona çarə axtarana verilir. Qonşusunu səmimiyyətlə sevən şəxsin ictimaiyyətin tənqidindən uzun müddət uzaq dura biləcəyi ölkə tanımıram. Fransada müharibədən əvvəl bu ölkənin ən yaxşı vətəndaşı olan Jan Jor öldürülmüş, qatilə isə xidməti borcunu yerinə yetirdiyi səbəbiylə, bəraət qazandırılmışdı. Bu çox təəccüblü bir nümunədir, ancaq bu cür hadisələr dünyanın hər tərəfində baş verir.

Ənənəvi əxlaqı müdafiə edənlər onun mükəmməl olmadığını bəzən qəbul edirlər, ancaq hər hansı bir tənqidin əxlaqı başdan-ayağa çökdürəcəyini irəli sürürlər. Tənqid müsbət və yaxşılığa doğrudursa, bu çökmə baş verməyəcək. Bentama qayıtsaq, o əxlaq qaydalarının əsasında «maksimal sayda insanın maksimal xoşbəxtliyi» prinsipinin durmalı olduğunu müdafiə edirdi. Bu prinsipə görə davranan şəxs, ənənəvi qaydalara əməl edən bir insana nisbətən daha çətin həyat yaşayacaq.

O, əzilmişlərə arxa dayanacaq və beləcə güclülərin düşmənçiliyinə hədəf olacaq. Güc sahibi olanların gizlətmək istədiyi həqiqətləri açıqlayacaq, köməyə ehtiyacı olanları köməkdən məhrum etmək üçün uydurulmuş yalanları rədd edəcək. Belə bir davranış həqiqi əxlaqın çöküşünə gətirib çıxarmır. Qəbul edilmiş əxlaq həmişə mənfi və təzyiq göstərən surətə malik olmuşdur. O, «etməyəcəksən» deyir və qaydaların qadağan etmədiyi hərəkətlərin təsirini araşdırmağa ehtiyac görmür. Bütün böyük mistiklər və din təlimçiləri belə bir əxlaq anlayışına boş yerə qarşı gəliblər: davamçıları onların ən aydın bəyanatlarına belə maraq göstərməyiblər. Buna görə də onların metodlarının böyük miqyasda yaxşılaşmağa gətirib çıxarması elə də mümkün görünmür.

Düşüncə və elmdəki inkişafın bu mövzuya töhvəsi, güman edirəm ki, daha ümid verici olacaq. İnsanlar yavaş-yavaş dərk edəcəklər ki, əlamətləri haqsızlıq və nifrətə söykənən dünya, xoşbəxtliyi yaratma ehtimalı böyük olan bir dünya ola bilməz. Son döyüş az sayda insana bu dərsi keçib; əgər bərabətliklə nəticələnməsəydi, daha çox şey öyrədə bilərdi. Bizlərə lazım olan, həyat sevinci, inkişafın gətirəcəyi xoşbəxtlik və müsbət müvəffəqiyyətlər üzərində qurulmuş bir əxlaqdır, qadağan və təzyiq üzərində qurulmuş yox. Bir insan əgər xoşbəxtdirsə, sevinclidirsə, comərddirsə və başqalarının xoşbəxtliyinə sevinirsə, «yaxşı» insan sayılmalıdır. Bu vəziyyətdə, xırda qəbahətlərə çox da əhəmiyyət verilməməlidir. Lakin istismar və qəddarlıq yoluyla sərvət qazanan bir insana, indi "əxlaqsız" olaraq xarakterizə etdiyimiz kəslər kimi baxmalıyıq. Nizamlı olaraq kilsəyə getsə də, pisliklə əldə etdiyi qazancının bir hissəsini ictimai məqsədlərinə xərcləsə də, eyni cür qiymətləndirilməlidir.

Bunu təmin etmək üçün vacib şəxslər arasında hələ də etibarlı olan xürafat və təzyiqin qarışığı olan “xeyirxaqlıq” əvəzinə əxlaq problemlərinə rasional yanaşma gətirmək lazımdır. İndiki zamanda məntiqli düşüncə ciddiyə alınmır, ancaq mən yenə də yolundan dönməyən bir rasionalist olaraq qalıram. Məntiq zəif güc ola bilər, ancaq dəyişməzdir və eyni istiqamətdə işləyir. Məntiqsizliyin gücləri isə boşuna didişərək bir birini məhv edir. Bu səbəbdən məntiqsizlikdən yaranan hər cür hiddət məntiq tərəfdarlarının güclənmələrinə səbəb olur və insanlığın yeganə həqiqi dostlarının onlar olduğunu təkrar-təkrar göstərir.

Bertran Rassel “Skeptik esselər”
Tərcümə: Orxan Əmrullayev

literaz.com
Top