“Ədalət xoşbəxtliyə gedən yoldur”- Sokrat

“Ədalət xoşbəxtliyə gedən yoldur”- Sokrat

Sual vermək sənəti, Sokrat ironiyası.Universitet müəllimlərimdən biri sual vermək də biliyin göstəricisidir demişdi və verdiyimiz suallara görə də bizi qiymətləndirirdi. Sokrat da belə edərdi. Ancaq Sokratın sual vermək məqsədi başqa idi. O sual verərkən qarşısındakından az bildiyini göstərsə də, əslində ondan çox bilirdi və verdiyi suallarla bunu sübut etməyə çalışırdı. Bu Sokrat ironiyası adlanır. Platonun “Respublika” əsərində birinci kitabında Sokrat Sefalus, Polomarkus və Trasimarkusa ilk baxışdan asan görünən “Ədalət nədir?” sualını verir.

Sefalusa görə, ədalət insan yetkin yaşa çatdığında və öz ehtiraslarından azad olduğunda əldə etdiyi rahatlıqdır. O deyirdi ki, borclarını ödəyən və həmişə həqiqəti söyləyən insan ədalətlidir. Sokrat onu ifşa edir və bildirir ki, borclarını ödəmək və hər zaman həqiqəti dəmək ədələtli olmaq deyil. Bəzən dostunu ölümdən qurtarmaq məqsədi ilə yalan deyən insan doğrunu deyənə nisbətən daha ədalətli olmuş olur. Polomarkusa görə isə, ədalətli insan dostlarına qarşı yaxşılıq, düşmənlərinə qarşı pislik edən insandır. Sokrat isə qeyd edir ki, ədələtli şəxs heç vaxt pis şey etməməlidir.
Trasimarkus isə ədaləti dövlətin siyasi strukturu ilə bağlayır. O ədlətin hökmdarın verdiyi qanunlarla tənzimləndiyini deyir, burdan belə nəticəyə gəlir ki, ədalət güclünün maraqlarına xidmət edir. Sokratın Trasimarkusa cavabı daha düşündürücüdür. O deyir ki hər bir peşənin öz marağı var. Həkimin marağı onun xəstələrinin sağlamlığı olduğu üçün, idarə edənin marağı da əhalinin rifahı olmalıdır. Bu halda idarə edən öz maraqlarından deyil xalqın maraqlarından irəli gələn qanunlar verir və bu zaman da ədalət güclünün maraqlarına xidmət etmir.

Ədalətli Filosof.
Sokrat özünü filosof adlandırırdı. Filosof sözünün mənası –müdrikliyi sevən adam deməkdir. Sokrat haqda deyirlər ki, “o, fəlsəfən göydən yerə endirdi, onu şəhərlərdə yerləşdirdi, evlərdə tanışdırdı, həyatı, əxlaqı, yaxşını və pisi öyrənməyə vadar etdi.” Onun ən məşhur kəlməsi “Təkcə onu bilirəm ki, heç nəyi bilmirəm” olub. Bununla o demək istəyirdi ki, filosof hər zaman axtarışda olmalıdır, öyrənməyi dayandırmamlıdır.
Sokrat daxili ilahi səsin – vicdanın insanı idarə etdiyini deyirdi. Nəyin yaxşı olduğunu bilən adam yaxşılıq edəcək. Heç bir kəs bilərəkdən pislik etməz. Və yalnız düzgün əməllər edən adam mükəmməl adam ola bilər.

Sokrat vs Oşo, vicdan yoxsa azadlıq.Sokrat yaxşı və pisin aydın və ümumqəbul edilən dəyərlərini tapmaqda maraqlı idi. Hindistanlı mistik Oşo isə qeyd edirdi ki, vicdan, insanı çərçivələyən və onun tam inkişafını sərhədləyən bir mexanizmdir. O, Sokratdan fərqli olaraq doğrunun yanlışdan ayırmağı cəmiyyətlə əlaqələndiridi. Sokrat isə bunun insan zəkasının məhsulu olduğu fikrində idi. Kim haqlıdır? Sokrat vicdanla hərəkət etməyən insan xoşbəxt olmaz təsviri ilə, ya Oşo vicdanın bizim həbsxanamız olduğunu qeyd etməklə. Zənnimcə hər ikisi haqlıdır.

Sokrat bildirirdi ki, hər şeyin mükəmməllik məqsədi var. Gözün məqsədi görməkdir, qulağınkı eşitmək, ruhun məqsədi isə xoşbəxt olmaqdır. O qeyd edirdi ki, əgər göz korlanarsa o görə bilməz, eləcə də ruh korlandıqda xoşbəxt ola bilməz. Bununla o demək istəyirdi ki, ruh düzgün əməlllərlə xoşbəxtliyə nail ola bilər. Əslində düşünsək ki, hər bir insanın öz doğrusu var o zaman öz ruhunun doğrularını və ürəyinin səsini dinləyən şəxs həqiqətən xoşbəxt biridir. Oşo da razılaşar ki, ruhun doğruları ədalət və müdriklikdirsə və o bu yolla xoşbəxtlik tapırsa o zaman o insan o cür də xoşbəxt olmalıdır.
Nəzərə almalıyıq ki, Sokrat bir filosof idi və o yalnız yaşamın bir yolunu tanıyırdı – müdirlik və ədalət. Bir yeniyetmə üçün xoşbəxlik azadlıq ola bilər, kasıb üçün varlanmaq, varlı üçün rahatlıq. İnsanlar öz doğrularını özləri müəyyən edirlər. Sokrat mükəmməl insan dedikdə haqlı idi. Lakin, filosof mükəmməl bir insan təsviridirsə, digər insanların da filosof olması nə qədər vacibdir. Sokrat bunu tərənnüm vasitəsi ilə edirdi, meydanlara çıxır insanları düşündürməyə vadar edirdi. Onlara çoxlu suallar verirdi, taki həqiqəti göstərənə kimi, insanlara çatdırmağa çalışırdı ki, “ədalət xoşbəxtliyə gedən yoldur”.

Müəllif: Günay Quliyeva
Top