Şərq ailəsi və Şərq qadını

Şərq ailəsi və Şərq qadını

Şərq ailəsində qadın
Əvvəla, mənim mövqeyim ona əsaslanır ki, mən Şərqin qədimliyini ideallaşdırmaq fikrində deyiləm. Şərqdə nigah, ailə mÜnasibətləri istər Yaponiyada, istər Hindistanda, istər Yaxın Şərqdə, müsəlman svilizasiyasında – mən burda ideal bir şey görmürəm. Bu, əsas etibarı ilə köləlik prinsipləri üzərində qurulan bir ailədir. Yenə də qeyd edirəm, istər Çin olsun, istər Yaxin Şərq olsun, kişinin üstünlüyü- qadının tabeçiliyi üzrə qurulan ailələrdir. Və uzun əsrlərdir bu belə davam edir, əslində, qadının bu qapalı dairədən çıxmağa şansı da olmayıb. Bütün cəmiyyət də onu itələyib ailəsinə ki, “otur oturduğun yerdə.”

Qərblilərin niyə belə marağı var şərq ailələrinə, eyni zamanda müsəlman ölkələrinə? Ona görə ki, ordakı qadınlar hələ köhnə süurun daşıyıcılarıdır, onlar ailəyə gəlirlər, onların dözüm imkanları çoxdur, hər şeyə səbir edirlər. Amma misalçün, sosioloqlar bilirlər ki, Şərqdən Qərbə köçən ailələrdə, o cümlədən müsəlman ailələri olsun, istəyir lap Çin ailələri olsun, Qərbə gəlib çatan kimi bir müddət sonra boşanmalar onların da ailələrində baş verir. Bu niyə görə belədir? Qərbin özünün bu sahədə narahatçılığı var. Qərb son əsrlərdə çoxlu sosial ekpermentlər edir, müşahidələr aparır, bu çox yaxşıdır. Əsrlərlə yığılıb qalmış problemləri, qadınların azadlığı məsələsini müzakirə edir.

Bu ayıbdır ki, qadının fiziki və bəzən intellektual baxımdan kişiylə ayaqlaşa bilməməsi səbəbindən bütün sivilizasiya patriarxat rəng altında quruldu? Və Avropa bunu təhlil eləyir. Amma o, təhlil etdikcə zaman dəyişir, yeni ailə idealını formalaşdırmağa imkan tapa bilmir və daxili bir şok keçirir.

Qərb ona görə bir qədər ehtiyatlı olsun deyə, hardasa özünü sığortalasın deyə, Şərqə müraciət eləyir ki, bəlkə, orda ideal bir model vardır. Mən hesab edirəm ki, Şərqdə ideal ailə modeli yoxdur.Yaxşı bir şeylər olubsa da, bunu davam etdirmək lazım idi, həyat həmişə davam etməlidir. Bu gün biz yaşayırıqsa, yeni ailə modeli haqqında fikriləşməliyik, öz həyatımızı yeni, dəyişən həyata uyğun olaraq hesablamalıyıq.

Türklərdə ailə və qadın
Azərbaycan türklərinin qadına münasibəti digər Şərq xalqlarının münasibətindən fərqlənir, çünki türklər köçəri həyat sürüblər. Köçəri həyat tərzi sürəndə sənə qul-kölə lazım deyil, sənə yoldaş lazımdır, at üstündə gedən və sənə kömək edən. Fikir verin ki, türklərdə quldarlıq da olmayıbdır, quldarlıq oturaq svilizasiyalarda olur. Türkün həyat tərzi ona imkan verməyib ki, qadınını çox da kölələşdirsin, o, onun yoldaşı idi, onunla birlikdə döyüşürdü. Misal üçün, Dədə Qorqudu yada sala bilərik. Bunlar mobil xalq idilər, onlara kölə lazım deyildi, kölə istənilən vaxt mobil xalqın içindən qaçıb gedə bilər. Burda sədaqət prinsipləri, hamının birlikdə işləməyi lazım idi, ona gorə türk ailəsində bəzi spesifik fərqlər var idi. Bilirsiz, qadın ilə kişi arasında fərq var.


Qadın daha çox zəriflik xüsusiyyətini özündə əks etdirir, gözəllik, məlahət. Yəni, insanlıq keyfiyyətlətinin bu tərəflərini özündə daha qabarıq şəkildə əks etdirir. Kişi də daha çox möhkəmlik, sərtlik, dəyanət. Bu çinlilərin bir yaxşı fəlsəfəsi var, “İn-yan” fəlsəfəsi. Bütöv dairənin içərisində qadın və kişi başlanğıclarının harmoniyasını veriblər. Orda maraqlı bir nüans var ki, qadın başlanğıcının içində kişilik cücərir, kişi başlanğıcının içində isə qadınlıq cücərir. Əslində hər bir kişi daxilində bir qədər qadında olan insani keyfiyyətləri də özündə daşımalıdır. Yoxsa o, çox kobud bir adama dönər. Kişidə bir qədər zəriflik olmasa, o, heç vaxt həqiqəti dərk edə bilməz, o heç vaxt musiqiçi ola bilməz, o harmoniyanı duya bilməz. Eyni zamanda, həqiqəti qorumaq üçün qadına da bir qədər sərtlik, dəyanət lazımdır. Bəşər özünü elə yaratdı ki, bütün fərqlər problemə çevrildi: dəri fərqləri, dil fərqlər problem yaratdı. Mədəniyyət fərqləri, cins fərqləri, din fərqləri… Allah müxtəlifliyi sevir, amma insan muxtəlifliyə dözə bilmir və bundan çeşidli problemlər çıxarır.

Qloballaşmanın təsiri necə olacaq bizim ailələrə?
Qloballaşma inteqrasiya stiuasiyasi yaradır, xalqlar bu vaxta qədər olmadıqları qədər birbirinə yaxın olublar. Mədəniyyətlərin də bir-birinə sirayət etmə imkanları çoxalıb. İnternet, tv, tərcümələr, kinolar, musiqilər vasitəsiylə bu təsirlər bir-birindən öyrənmə situasiyası yaradır. Biz nədənsə qərbdən texnika götürməyi, onlardan texnologiya öyrənməyi xoşlayırıq, amma Qərbin sosial və hardasa ekzistensial sahədəki müşahidələrini əsasən, cəmiyyətdə birmənalı olaraq itələmə mövqeyindən yanaşırıq. “Bu yaxşı deyil”!

Məsələn, müasir ailədə kişi qadın bərabərliyi məsələsi, yəni, kişinin bəzi üstünlükləri var, təbii ki. Məsələn, kişilər çalışırlar ki, qadınları ondan çox pul qazanmasın, çünki onda onlar hakimiyyətini itirərlər,ona görə də birdən tale elə tərs fırlanır ki, qadın kişidən daha çox pul qazanmağa başlayır və onda ailədə balans pozulur, çünki bu, əslində, dərinə baxanda, insanilik problemidir.

Əsrlərlə davam edən, kişinin hegemonluğu üzərində qurulan münasibət insanilik baxımından qüsurlu münasibətdir. Bunlar təhlil olunmalıdır. Bu zaman bizim həyatımız təbii ki, yaxşıya doğru dəyişəcək… Bu,”mali-məli” şəkilçisiylə gələn tələblər çox təhlükəli tələblərdir. “Qadın belə olmaldır”,”kişi elə olmalıdır”. Bəli,ümumi məcralar var, onları inkar etmək olmaz; qadın qadınlığını itirməməlidir, kişi kişiliyini itirməməlidir. Bu birmənalıdır, amma bunun içində o qədər rəng çalarları var, o qədər özünəməxsusluqlar var ki… Mədəniyyət bütün bunlara qarşı hücumundan geri çəkilməlidir.

Müəllif: Müşfiq Şükürov 
Hazırladı: Nərmin Heydərova

Top