Stoiklərin etikasının idealı insanın sükut (ataraksiya) və dözüm (anateya) hallarıdır. Stoik – müdrik əqlin təcəssümüdür. O səbrli və təmkinlidir. Onun xoşbəxtliyi, heç bir xoşbəxtliyin arzusunda olmamasıdır.
Lusius Anneus Seneka
Sonrakı dövrlərdə stoisizmin etik təlimi Roma imperiyasında inkişaf etmişdir. O dövrün ən böyük mütəfəkkirləridən biri Anney Lusius Seneka (Lucius Annaeus Seneca) (e.ə. 4- b.e. 65) olmuşdur. O İspaniyanın Korduba (Kordova) şəhərində anadan olmuşdur, kiçik yaşlarında ailəsi ilə birlikdə Romaya köçmüşdür. Orada o, stoya məktəbinin filosofları ilə tanış olmuş və onlardan dərslər almışdır. Daha sonra o, Roma imperiyasında ən yüksək dövlət vəzifələrini tutmuşdur. Sonda imperator Nero (Claudius Caesar Nero) (37-68), Senekanı özünə qarşı sui-qəsd etməsində ittiham edib, onu intihar etməyə məcbur etmişdi.
Senekanın dövründə bütün Roma imperiyasını və xüsusi ilə imperator sarayını istibdad, haqsızlıq və əxlaqsızlıq dalğası bürümüşdü. Bu cür mühitdə yaşayan Seneka da, tam mənada təmiz və vicdanla dolu həyat surməmişdi. Onun fəlsəfi fikirləri ilə yaşadığı həyat arasında böyük uçurum var idi. Məsələn, yoxsulluğu, kasıblığı təbliğ edən Seneka, müxtəlif (hətta qeyri-qanuni) yollarla var-dövlət əldə etmişdi və həddən artıq varlanmışdı. Ancaq həyatının sonunda təqiblərə məruz qalmış mütəfəkkir, «mənim üçün fəlsəfə kifayət edər…» deyərək, imperator Neroya bütün var-dövlətinin alınması haqqında müraciət etmişdi.
Həyat tərzi ilə fəlsəfəsinin ziddiyət təşkil etməsini izah edən Seneka deyirdi ki, bütün filosofların – Platonun, Epikurun, Zenonun və başqalarının da fikirləri heç də onların əməllərini əsk etdirmirdi. Onlar xeyrli həyatın nə olduğunu izah edirdilər, özlərinin yaşadıqları həyat tərzini yox. Senekanın fikrincə var-dövlət evdə yığıla bilər, mənəviyyata daxil edilməməlidir.
Senekanın fəlsəfəsi əsasən əxlaqi fəlsəfədir. Onun görüşlərinin mərkəzi – yüksək əxlaqa malik olan insan şəxsiyyətidir. Lakin, bu şəxsiyyətin yaşadığı cəmiyyətlə və dövlətlə sıx bağlılığı vardır. İnsanın əqli, başqaları ilə ünsiyyət bağlaması qabiliyyəti, onu bütün təbiət üzərində yüksəltmişdir. Cəmiyyət isə, təbiət tərəfindən təsis edilmiş bir təsisatdır. Ayrı-ayrı adamlar, vahidlik təşkiledən cəmiyyətin fərdləridir. Beləliklə insanın vətəni bütün dünyadır. Cəmiyyətin məkanı isə dünya sərhədləri daxilindədir. İnsanların ilkin vəzifəsi – bir-birinə ziyan verməməsidir. Hər bir insan başqa insanlara qayğı göstərməlidir, onları öz yaxınları kimi sevməlidir, onlara qarşı rəhmli olmalıdır. Hətta qullara qarşı da rəhmli və ədalətli olmaq lazımdır.
Öz zamanəsində olan qüsurların tənqid edilməsi, insanların əxlaqi cəhətdən tərbiyə edilməsi, onların iradələrinin möhkəmlənməsi ideyaları Senekanın əxlaqi təlimində əsas yer tutur. Xeyrə can atan insan, dünyanı dəyişə bilməsə də, yüksək fərdi mətanətə və mərdliyə malik ola bilər; bu keyfiyyətlərin köməyi ilə, taleyin bütün sınaqlarından çıxıb, özünü təbiət qanunlarının axarına ata bilər[2]. Belə olan təqdirdə ədalətsizliyin, şərin kökləri şeylərdə deyil, ruhlardadır. Hətta insan başqa adamın tam mənada qulu ola bilməz. Ağa yalnız qulun bədəninin sahibi ola bilər, onun ruhunun yox. Ruhun sahibi isə qulun özüdür.
Senekanın əxlaqi təliminin bu cür müddəaları gələcəkdə daha da inkişaf etdirilib, xristian fəlsəfəsi və ilahiyyatında öz əksini tapmışdır. Ümumiyyətlə xristian Kilsə xadimləri və mütəfəkkirləri Senekanın əxlaqi təlimini çox yüksək qiymətləndirmişdirlər. Məsələn Tertullianus Senekanı Xristianlığa çox yaxın olan bir şəxs adlandırmışdı. Laktantius deyirdi ki, heç bir xristian Tanrı haqqında Senekadan daha doğru danışa bilməz. Daha sonra Senekanın güya xristian olmasını subuta yetirmək üçün bəzi xristian xadimləri onun apostol Pavlusla məktubaşmasının olması haqqında şayələr yaymışdılar və hətta dəlil kimi saxtalaşdırılmış məktublar yazmışdılar. Bu məktublar haqqında Avqustinus Avrelius da söhbət açmışdı, lakin onların doğru və ya saxta olmasından yazmamışdı. Orta əsrlərin Kilsə yığıncaqlarında da Senekanın əxlaqi fikirləri tez-tez xatırlanırdı.
Senekanın əxlaqi fikirləri ilə, onun tale haqqında təlimi əlaqədədir. O hesab edirdi ki, təbiətdə zərurət hökm sürür. Bütün baş verən hadisələr bu zərurətə tabedir. Bu zərurət həm də təbiətin qanunudur. Zərurətdən (taledən) qaçıb gizlənmək mümkün deyil. O belə bir təbii qanundur ki, ona istəklər və ya dualar təsir etmir. Nə olmalıdır, o da olacaq. Bu cür fikirlər fatalizm adlanır.
Fatalizm Senekanı panteizmə gətirir. Onun fəlsəfəsində Tanrı ilə təbiət eyniləşir. Tanrı hər şeyi bir məqsədə yönəldən qüvvədir. Tale kor-koranə fəaliyyət göstərmir. O həm əqlə, həmdə şüura malikdir. O hər şeyi əhatə edir və onun zərrəcikləri hər bir insanda vardır. Beləliklə, Senekanın fəlsəfəsində tale ilahiləşir və hər şeyə hökmranlıq edir. Onu heç nə dəyişə bilməz. Buna görə hər bir həyati çətinliyə və bədbəxtliyə qarşı mətin olmaq lazımdır. Burada Seneka təbiətə də tabe olmaqdan söhbət açır. İnsan yalnız təbiətə tabe olaraq xeyrə çata bilər. Əxlaqlı insan təbiət qanunlarına və taleyə tabe olmalıdır.
Qeyd edildiyi kimi, Senekanın əxlaqi fikirləri sonralar Xristianlıq tərəfindən qəbul edilib, inkişaf etdirilmişdir. Məsələn, o hesab edirdi ki, insan təbiətində əvvəllər çirkab, pozqunluq, günah kimi qüsurlar olmamışdır. Qüsurlar onun təbiətinə sonralar yerimişdi. Nəticədə insanın bədəni ruhun zindanına çevrilmişdi. Sonra isə, ruh azad olur və göylərdə məmnunluq və sakitlik şəraitində həyatını davam etdirir.
Xristianlıqda da insan təbiəti əvvəllər qüsurlardan azad olub, sonra isə Adəm və Həvvanın günahı nəticəsində pozulmuşdur. Lakin Senekanın təlimindən fərqli olaraq, ruhun bədəndən azad olması və göylərdə məmnunluq dərəcəsinə çatması üçün hər bir insan Tanrı oğlu İsaya iman etməlidir və Kilsənin üzvü olmalıdır.
Müəllif: Aydın Əlizadə (fəlsəfə elmləri doktoru)
Mənbə:«Xristianlıq, tarix və fəlsəfə» kitabı