Müasir elmin nailiyyətinə əsaslanaraq təsdiq etmək olar ki, insan evolyusion inkişafın məhsuludur. Burada bioloji amillərlə yanaşı sosial amillər də mühüm rol oynamışdır və yenə də oynamaqdadır. Bununla əlaqədar insanın yüksək səviyyədə inkişaf etmiş heyvanlardan əsas fərqini, fakt və proseslərin elmi izahı ilə göstərmək vacibdir.
Homo Sapiens (ağıllı insan) evolyusion inkişafın müəyyən mərhələsində heyvanlar aləmindən ayrılmışdır. Bu proses nə qədər davam etmişdir, bu cür çevrilmənin mexanizmi necə olmuşdur– suallarına müasir elm tam dəqiqliklə cavab verə bilmir. Bu da təəccüblü deyildir. Çünki canlının cansızdan əmələ gəlməsini izah etməkdən ötrü elm hələ də kifayət qədər faktlara malik deyildir. Kifayət qədər faktların olmaması, yeni kəşflərin indiyə qədər insana olan baxışları alt– üst etməsi insanın mahiyyəti və təbiəti haqqında müxtəlif konsepsiyaların yaranmasına gətirib çıxarmışdır. Həmin konsepsiyaları şərti olaraq rasionalist və irrasionalist adlandırıb iki qrupa bölmək olar. İrrasionallıq qrupuna: eksiztensializm, neotomizm, freydizm cərəyanları daxildir. Onların baxışlarına görə, insanın fəaliyyəti, daha geniş şəkildə götürsək, insanın varlığı izahedilməz daxili motivasiya, arzu, istək və s. təzahürü mövqeyindən təhlil edilməlidir. Bu zaman bir qayda olaraq bu hadisələr yalnız qeyd olunur. Birinci sıraya fəaliyyətinin şərtləri deyil, onun təbiəti və məzmunu deyil, guya insanın mahiyyətini müəyyən edən bir sıra xassələrinin xarakteristikasının təsviri çıxır. Bəzi müəlliflərin fikrincə, həmin konsepsiyalarda səbəb– nəticə əlaqələrini axtarmaq faydasızdır. İnsanın mahiyyəti haqqında ancaq çoxsaylı təzahürlər, manifestasiyalar, daha dəqiq desək insanın hisslərinin qəbul etdiyi kimi mühakimə yürütmək olar. Belə çıxır ki, insanın daxili aləmi haqqında onun hərəkəti, əməli, arzusu, fikri və istəklərinə əsasən danışmaq mümkündür. Bütün bunlarda arqumentli bir izah kimi qəbul edilə bilən qanun halında bir əsas tapmaq qeyri– mümkündür. Əgər belədirsə, onları axtarmaq lazımdır, ancaq faktları, hadisələri, prosesləri etiraf etmək (qeydə almaq) kifayətdir. Məsələnin bu cür qoyuluşu və həlli praktiki olaraq insanın fəaliyyətini determinə edən əlaqələrini, yaxud qanunları izah etməyi istisna edir. Nümunə kimi biz ekzistensialist filosofların fikirlərinə müraciət edə bilərik. Məsələn, fransız filosof– ekzistensialist yazıçısı Alber Kamyu (1913– 1960) həyata irrasional absurd bir proses kimi məna və qanunauyğunluğa malik olmayan bir proses kimi baxmışdır. Burada başlıca rol təsadüfə məxsusdur. A.Kamyu yazırdı: «İnsan dünyanın irrasionallığı ilə toqquşur. O, hiss edir ki, xoşbəxtlik və ağıllı olmağı arzu edir. Bu toqquşmada insanın qabiliyyəti (həvəsi) ilə dünyanın ağılsız susmağı arasında absurd yaranır. İntellekt nöqteyi nəzərindən mən deyə bilərəm ki, absurd insanda deyil, dünyada deyil, onların birlikdə olmağındadır».
Bütövlükdə irrasionalist idrakda ağılın rolunu inkar edən) konsepsiya bəzən insanın bir sıra xassə və cəhətlərini çıxarsa belə, məntiqi şəkildə işlənmiş nəzəriyyə vermir, hətta insanın mənşəyi haqqında hipotezlər belə deyə bilmir.
İnsan haqqında müasir təsəvvürlər irrasionalist mütəfəkkirlərin nəaliyyətlərini nəzərə alsa da, ən rasionalist– materialist və idealist baxışlara əsaslanır. Onların arasında insanın təbiətinin izahı haqqında marksist nəzəriyyəsini də qeyd etmək lazımdır. Özlərinə qədərki nəzəri və empirik fikrə dərindən yiyələnmiş marksizm klassikləri «Alman ideologiyası» əsərində yazırdılar: «İnsanları heyvanlardan şüura görə, dinə görə– ümumiyyətlə istənilən hər şeyə görə fərqləndirmək olar. Onların özləri bədənlərinin quruluşundan asılı olan addımı ataraq, özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməyə başlayan kimi özlərini heyvanlardan fərqləndirməyə başlamış olurlar. İnsanlar özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməklə öz maddi həyatlarının özünü də dolayı yolla istehsal edirlər.
İnsanlar özləri üçün zəruri olan həyat vasitələri istehsal edərkən işlətdikləri üsul, hər şeydən əvvəl, onların hazır şəkildə tapdıqları və yenidən hasil edilməsi lazım gələn həyat vasitələrinin özünün xassələrindən asılıdır». Burada bir şey daha tez diqqəti cəlb edir ki, maddi istehsal insanın heyvan vəziyyətindən çıxmasında, onun mədəniləşməsində başlıca kriteriya rolunda çıxış edir. Əslinə qalanda istehsalsız hətta primitiv insan birliyinin yaranması da qeyri– mümkündür. Əgər müasir insan cəmiyyətlərindən söhbət gedərsə, nə milli dövlət çərçivəsində, nə planetar miqyasda birgə fəaliyyət olmadan onun mövcudluğu qeyri– mümkündür. Homo sapiens– in əsas fərqləndirici cəhəti, əlaməti kimi istehsal fəaliyyəti çıxış edir. İnsanın sosial– bioloji (antropososiogenez) təkamülündə mühüm yeri F.Engels tərəfindən irəli sürülən, sonralar isə sovet antropoloqları və arxeoloqları tərəfindən inkişaf etdirilən «meymunun insana çevrilməsi prosesində əməyin rolu» hipotezidir. Əvvəlcə əmək, sonra isə onunla birlikdə səhih nitq elə iki ən başlıca amil olmuşdur ki, bunun nəticəsində insan beyni daha da inkişaf etmişdir. Beyin və ona tabe olan hisslərin, getdikcə daha çox aydınlaşan şüurun, mücərrədləşdirmə və əqli nəticə çıxarmaq bacarığının inkişafı əməyə və dilə əks təsir göstərərək, bunların hər ikisinin daha da inkişafına getdikcə yeni– yeni təkanlar vermişdir.
Müxtəlif xalqlarda və müxtəlif dövrlərdə dərəcəsi və istiqaməti müxtəlif olan bu inkişaf yerli və müvəqqəti hərəkətlər üzündən bəzən hətta kəsilmişsə də, hazır insanın peyda olması ilə əlavə bir yeni ünsürün– cəmiyyətin yaranması sayəsində, bir tərəfdən yeni– qüvvətli bir təkan, digər tərəfdən isə daha müəyyən bir istiqamət alaraq, bütünlükdə qüdrətli addımlarla irəliləmişdir. Lakin insanlar heyvanlardan nə qədər çox uzaqlaşırlarsa, onların təbiətə göstərdikləri təsir bir o qədər müəyyən, qabaqcadan məlum olan məqsədlərə çatmaq üçün aydın niyyətlə və müntəzəmliklə icra edilən hərəkətlər xarakteri alır. Qısasını desək, heyvan xarici təbiətdən ancaq istifadə edir və sadəcə olaraq özünün mövcud olması ilə bu təbiətdə dəyişikliklər əmələ gətirir, insan isə öz yaratdığı dəyişikliklərlə təbiəti öz məqsədlərinə xidmət etməyə məcbur edir. Onun üzərində hökmranlıq edir. Bu insanın heyvanlardan sonuncu fərqidir və bu fərqə də insan yalnız yenə əmək sayəsində nail olmuşdur.
Hələ XIX əsrin 2– ci yarısında F.Engels indiki ekoloji böhran təhlükəsini görərək təbiət üzərindəki qələbələrlə öyünməməyi məsləhət görmüşdür ki, hər bir qələbə üçün təbiət bizdən intiqam alacaqdır.Onun fikrincə, təbiət üzərində heç də istilaçının özgə xalq üzərində hökmranlıq etdiyi kimi, təbiətdən kənarda olan kimsənin təbiət üzərində hökmranlıq etdiyi kimi hökmranlıq etməməliyik. Əksinə, biz bütün canımız, qanımız və beynimizlə təbiətə mənsubuq, onun daxilindəyik və təbiət üzərindəki, bütün hökmranlığımız ondan ibarətdir ki, bütün başqa vücudlardan fərqli olaraq, biz təbiət qanunlarını dərk edib bunları düzgün tətbiq edə bilərik.(F.Engels). Əgər biz təbiət üzərindəki hökmranlığımızın mahiyyətini dərk ediriksə, istehsal sahəsindəki fəaliyyətimizin nəticələrini nəzərə ala biliriksə, bu isə bir fakt olaraq nə qədər qəti şəkil alırsa, insanlar bir o qədər artıq dərəcədə özlərinin təbiətlə birliyini yenidən nəinki yalnız hiss edəcək, habelə dərk də edəcəkdir, beləliklə də ruhla materiya, insanla təbiət, canla bədən arasında nə isə bir əksliyin olması haqqında mənasız və təbiətə zidd təsəvvür bir o qədər qeyri– mümkün olacaqdır, bu təsəvvür isə klassik qədim dünyanın tənəzzülü zamanından bəri Avropada yayılmış və xristianlıqda ən yüksək inkişafını tapmışdır (F.Engels).
Əməyi təhlil edərkən görürük ki, əməyin özü təbii prosesdir. Çünki o, insanın mövcudluğunun təbii şəraitini təmin edir. Əvvəllər sosial cəhət o qədər də nəzərə çarpmasa da, müəyyən dövr keçdikdən sonra əməyin sosial əhəmiyyəti daha çox özünü büruzə verir. Əməklə bərabər nitq də insan psixikası və təfəkkürünün yaranması və inkişafına mühüm təsir göstərir.