Hazırda ictimai inkişafın ən çox yayılmış konsepsiyası Marks və Engels tərəfindən irəli sürülmüş konsepsiyadır. Həmin konsepsiyanın inkişafında sovet ictimaiyyətşünasları– filosofları, tarixçiləri, iqtisadçıları, sosioloqları mühüm rol oynamışdır. Marksizm cəmiyyət haqqında elmi tarixi materializm adlandırmışdır.
Tarixi materializmin əsas müddəaları K.Marks və F.Engels tərəfindən XIX əsrin 40– cı illərindən başlayaraq «1844– cü il iqtisadi– fəlsəfi əlyazmaları», «Müqəddəs ailə», «Alman ideologiyası» kimi əsərlərində, xüsusilədə ən mükəmməl şəkildə «Fəlsəfə yoxsulluğu»nda və «Kommunist Partiyasının manifesti»ndə ifadə edilmişdi. Tarix, ictimai inkişaf haqqında yeni baxış əvvəlcə ancaq fərziyyə və metod idi, lakin elə bir metod idi ki, bunlar ilk dəfə olaraq tarixə ciddi elmi surətdə yanaşmaq imkanı yaratmışdı.
Marks fəlsəfəsi materializmi inkişaf etdirib, onun təbiəti dərkini insan cəmiyyətinin dərk olunmasına şamil etmişdi. Marksın tarixi materializmi XIX əsrdə elmi fikrin mühüm nailiyyəti hesab olunurdu. Marks və Engelsə görə, onlara qədər tarix və siyasət məsələlərindəki baxışlarda hökm sürən hərc– mərclik və özbaşınalığın yerini elə bir nəzəriyyə tutdu ki, o, məhsuldar qüvvələrin artması nəticəsində bir cür ictimai həyat tərzindən digərinin, daha yüksək bir ictimai həyat tərzinin necə yetişib əmələ gəldiyini göstərirdi.
cəmiyyətə tətbiq edilən dialektik metod və tarixi materializm metodu əslində marksizmdə eyni anlayışlar kimi verilir. cəmiyyətə tətbiq edilərkən dialektik metod konkretləşir. Bu isə ümumfəlsəfi kateqoriyalara əlavə olaraq, ictimai– iqtisadi formasiya, məhsuldar qüvvələr və istehsal münasibətləri, istehsal üsulu, bazis və üstqurum, ictimai siniflər, millətlər və i.a. kimi xalis sosioloji kateqoriyaların da işlənib hazırlanması deməkdir. Bu kateqoriyalarda sosial varlığın və ictimai– tarixi idrakın ən mühüm qanunauyğunluqları ümumiləşdirilir və ifadə edilir.
XIX əsrin 50– ci illərində K.Marks kapitalizm kimi mürəkkəb bir ictimai– iqtisadi formasiyanın tədqiq olunmasından ibarət əzəmətli bir işə girişdi. O, özünün «Kapital» əsərində həmin ictimai– iqtisadi formasiyanı: meydana gəlməsi, hərəkəti və inkişafı halında göstərdi, müəyyən etdi ki, onun daxilində məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında, siniflər arasında ziddiyyətlər necə inkişaf edir, istehsal münasibətləri zəminində müvafiq siyasi üstqurum necə meydana gəlir, müəyyən ideyalar, əxlaq, məişət və ailə münasibətləri necə meydana çıxır. «Kapital»ın yaranması sayəsində tarixi materializm hərtərəfli əsaslandırılmış elmi sosioloji nəzəriyyə oldu. «Necə ki, Darvin heyvan və bitki növlərini heç bir rabitəsi olmayan, təsadüfi, «allah tərəfindən yaradılmış» və dəyişməz bir şey hesab edən baxışa son qoymuş və növlərin dəyişkənliyini, onların arasında irsilik olduğunu müəyyən edərək, biologiyanı ilk dəfə tam elmi zəmin üzərində qurmuşdur. Marks da cəmiyyəti başda oturub əmr verənlərin (və ya, heç fərqi yoxdur, cəmiyyətin və hökumətin) iradəsi ilə hər cür dəyişə bilən, təsadüfi törəyən və dəyişən mexaniki fərqlər aqreqatı hesab edən baxışa son qoymuş və müəyyən istehsal münasibətlərinin məcmusu olmaq etibarı ilə ictimai– iqtisadi formasiya anlayışı müəyyən edərək, bu formasiyaların inkişafının təbii– tarixi bir proses olduğunu müəyyən edərək, sosiologiyanı ilk dəfə elmi zəmin üzərində qurmuşdur»(V.İ.Lenin).
Bəşər cəmiyyəti materiyanın mövcudluğunun öz mahiyyəti, strukturu cəhətdən ən mürəkkəb formasıdır. cəmiyyət təbiətin spesifik, keyfiyyətcə xüsusi bir hissəsidir, müəyyən mənada qalan təbiətə qarşı duran hissəsidir. cəmiyyətlə təbiətin qarşılıqlı münasibətinin bu cür anlaşılması tarixi materializmi istər çox hallarda cəmiyyətlə təbiəti bir– birinə qarşı qoyan idealizmdən, istərsə bunların arasındakı keyfiyyət fərqini görməyən metafizik materializmdən əsaslı surətdə fərqləndirir.
Hələ italyan mütəfəkkiri C.Viko (XVII əsrin axırları– XVIII əsrin əvvəlləri) yazırdı: cəmiyyətin tarixi təbiətin tarixindən bununla fərqlənir ki, cəmiyyətin tarixini insanlar və yalnız insanlar yaradır, təbiətdə isə hadisələr, proseslər öz– özünə, simasız, kor– təbii, kor– koranə qüvvələrin qarşılıqlı təsiri nəticəsində baş verir. cəmiyyətdə zəka və iradəyə malik olan, öz qarşılarına bu və ya digər məqsədləri, vəzifələri qoyan və bunları əldə etmək uğrunda mübarizə aparan adamların fəaliyət göstərməsi faktı ictimai proseslərin, sosial hadisələrin mahiyyətini ümdə, dərin səbəblərini öyrənərkən sosioloqlar və tarixçilər üçün keçmişdə bir maneə olmuş və indi də addımbaşı belə bir maneə olmaqdadır. Onlardan bəziləri ictimai– tarixi hadisələrin spesifikliyini mütləqləşdirərək, təbiət haqqında elmləri, ümumi, təkrarlanan hadisə və prosesləri öyrənən elmlərin guya yalnız fərdi, təkrarolunmaz hadisə və proseslərlə məşğul olan tarix elmlərinə metafizikcəsinə qarşı qoyurlar. Məsələn, XIX əsrdə alman filosofları– neokantçılıq məktəblərindən birinin nümayəndələri (H.Rikkert, V.Vindelband) hesab edirdilər ki, müvafiq surətdə iki müxtəlif, hətta bir– birinə əks idrak metodu: bir təbiət haqqındakı elmlərin tətbiq etdiyi nomotetik və ya generallaşdıran (ümumiləşdirən) metod deyilən metod, bir də tarix elmlərinin istifadə etdiyi ideoqrafik və ya fərdiləşən metod (yalnız fərdi, təkrarolunmaz hadisələrlə məşğul olan metod) mövcud olmalıdır.
Lakin təbiət haqqındakı elmlərin cəmiyyət haqqındakı elmlərlə belə metafizikcəsinə qarşı qarşıya qoyulması qondarmadır, əsassızdır. Yalnız cəmiyyət tarixində deyil, təbiətdə də mütləq mənada eyni olan iki hadisə (məsələn, iki heyvan fərdi və ya eyni bir ağacda iki yarpaq) yoxdur. Digər tərəfdən, cəmiyyətdə, tarixdə spesifik, fərdi cəhətlərlə yanaşı olaraq, tarixi inkişafın eyni pilləsində duran müxtəlif ölkələrin və xalqların iqtisadiyyatında, sosial münasibətlərində siyasi və mənəvi həyatında təzahür edən ümumi cəhətlər də vardır. Məhz bu ümumi cəhətləri ayırmaq sosial həyatın qanunlarını kəşf etməyə imkan verir.
Elə görünə bilər ki, ictimai hadisələr, sosial proseslər insanların öz fəaliyyətinin nəticəsi olduğundan onların dərk edilməsi qədər mürəkkəb bir problem deyildir. Bəlkə, ictimai münasibətlər üzərində insanın və cəmiyyətin hökmranlığını yaratmaq da insana düşmən olan əzəmətli təbiət qüvvələrini insana tabe etdirməkdən daha asan bir vəzifədir. Lakin bəşəriyyət tarixinin göstərdiyi kimi, belə bir təsəvvür yanlışdır.
XIX əsrin birinci yarısında təbiət haqqındakı elmlər artıq xeyli inkişaf etmişdi, cəmiyyət haqqındakı əsl elm isə hələ yenicə yaranırdı. Bəşəriyyət təbiət qanunlarını və qüvvələrini dərk edərək bunları addım– addım öz hakimiyyətinə tabe edirdi. Lakin bəşər cəmiyyətinin və onun qanunlarının əsil mahiyyətinin dərk olunması, aşkar edilməsi, meydana çıxarılması daha uzun sürən və mürəkkəb bir iş oldu. Sosial qanunauyğunluqlara və proseslərə yiyələnmək, onları cəmiyyətin hakimiyyətinə tabe etmək daha mürəkkəb, daha çətin və daha uzunsürən bir iş oldu. Bu vəzifələri yerinə yetirmək ancaq cəmiyyət haqqında marksizm elmi yarandıqda, bu elm ictimai həyatın inqilabi surətdə dəyişdirilməsi praktikasına tətbiq edildikdə mümkün oldu.
Bəşər cəmiyyəti ilə, ictimai hadisə və proseslərlə müxtəlif elmlər məşğul olur, bunlardan hər biri ictimai həyatın yalnız bu və ya digər cəhətini, ictimai münasibətlərin və ya hadisələrin (iqtisadi, siyasi, ideoloji hadisələrin) bu və ya digər növünü öyrənir.
Tarixi materializmin predmeti cəmiyyət həyatının ayrı– ayrı tərəfləri deyil, onun yaşaması və inkişafının ən ümumi qanunları və hərəkətverici qüvvələridir, bütövlükdə ictimai həyat, bütün tərəflərinin və münasibətlərinin daxili əlaqəsi və ziddiyyətliliyi şəklində götürülən ictimai həyatdır. Xüsusi ictimai elmlərdən fərqli olaraq tarixi materializm, hər şeydən əvvəl və başlıca olaraq, cəmiyyətin ən ümumi inkişaf qanunlarını, ictimai– iqtisadi formasiyalarının meydana gəlməsi, mövcud olması qanunlarını, onların inkişafının hərəkətverici qüvvələrini öyrənir.
Ümumsosioloji qanunlar, cəmiyyət inkişafının bütün tarixi dövrlərinə aid olan ən ümumi qanunlar kimi tarixən müəyyən olan hər bir ictimai– iqtisadi formasiya daxilində, hər bir dövrdə xüsusi, spesifik tərzdə meydana çıxır. Buna görə də ümumi– sosioloji qanunlarının xarakterini, mahiyyətini düzgün başa düşmək üçün onların müxtəlif formasiyalarda, müxtəlif tarixi dövrlərdə (məsələn, feodalizmdə, kapitalizmdə və ya sosializmdə) meydana çıxdığı spesifik formada da onların təsirini, fəaliyyətini öyrənmək lazımdır. «Ümumsosioloji qanunlar» anlayışı müəyyən ictimai– iqtisadi formasiyaların ən ümumi qanunauyğunluqlarını səciyyələndirən daxili əlaqələri və münasibətləri də əhatə edir.
Tarixi materializm tarix kimi bir elmdən də fərqlənir. Tarix elminin vəzifəsinə ölkələrin və xalqların tarixini xronoloji ardıcıllıqla hadisələrin tarixini öyrənmək daxildir. Konkret elm olan tarixdən fərqli olaraq tarixi materializm, hər şeydən əvvəl, ümumnəzəri metodoloji elmdir. O, ayrılıqda bu və ya digər xalqı, bu və ya digər ölkəni deyil, bütövlükdə bəşər cəmiyyətini onun inkişafının ən ümumi qanunları və hərəkətverici qüvvələri cəhətdən öyrənir .
Marksizmdə ictimai– iqtisadi formasiyalar nəzəriyyəsi tarixin materialist anlayışının, tarixə cəmiyyət inkişafının bütöv qanunauyğun təbii– tarixi prosesi kimi baxan anlayışın təməl daşıdır. Bu anlayış tarixdə cəmiyyətin müxtəlif tiplərini, eyni zamanda onun inkişafının keyfiyyətcə özünəməxsus mərhələlərini– ayrı– ayrı ictimai– iqtisadi formasiyaları təşkil edən belə cəmiyyət tiplərini ayırmaqla tarixin öyrənilməsini konkret zəmin üzərində qurmaq imkanı verir. cəmiyyətin tarixi ayrı– ayrı formasiyaların tarixindən əmələ gəlirsə, onda bunların inkişaf qanunauyğunluqlarını tədqiq etmək lazımdır. K.Marks da məhz bu cür etmiş və «Kapital»da kapitalizm ictimai– iqtisadi formasiyasının qərarlaşması və inkişafı qanunlarını təhlil etmiş, onun tarixən keçici xarakter daşıdığını göstərmişdir.
İctimai– iqtisadi formasiya anlayışı xalqların tarixən inkişafında ümumi cəhətləri qeyd etməklə yanaşı, bir tarixi dövrü digərindən dürüst ayırmaq imkanı verir. Hər bir ictimai– iqtisadi formasiya bəşər cəmiyyətinin inkişafında müəyyən pillədir, sosial– iqtisadi münasibətlərin keyfiyyətcə özünəməxsus sistemidir.
İctimai– iqtisadi formasiya müəyyən bir cəmiyyət tipidir, müəyyən istehsal üsulu əsasında öz spesifik qanunları üzrə fəaliyyət göstərib inkişaf edən bütöv sosial sistemdir. İctimai– iqtisadi formasiyanın iqtisadi əsasını tarixən müəyyən istehsal münasibətləri təşkil edir. Lakin bu formasiya həmin əsasa qan və can verən digər ictimai hadisələri və münasibətləri də əhatə edir. Buna görə də ictimai– iqtisadi formasiyanın mürəkkəb strukturunu araşdırıb başa düşmək zərurəti meydana gəlir.
Əgər ümumiləşdirsək, deyə bilərik ki, dünya sivilizasiyası inkişaf etdikcə, təbiətdə və sosial– iqtisadi mühitdə dəyişikliklər baş verdikcə ictimai inkişaf və tarix fəlsəfəsi haqqında yeni– yeni hipotez və konsepsiyalar yaranacaqdır. Həmin hipotez və konsepsiyalar şübhəsiz dünyada və cəmiyyətdə baş verən dəyişiklikləri nəzərə almağa məcbur olacaqdır.