Tarixə sivilizasion baxışın mahiyyəti

Tarixə sivilizasion baxışın mahiyyəti

Sosial hadisə və prosesləri hərtərəfli əhatə etmək iddiasında çıxış edən baxışlardan biri də ümumdünya tarixinə sivilizasion münasibətdir. Ən ümumi formada bu konsepsiyanın mahiyyəti bu­dur ki, bəşər tarixi bir– birilə əlaqədar olmayan insan sivilizasiya­la­rının məcmusundan başqa bir şey deyildir. Həmin baxışın tərəf­darları içərisində məşhur alimlərdən O.Şpenqleri (1880– 1936) və A.Toynbini (1889– 1975) göstərmək olar.
Hələ keçən əsrdə həmin konsepsiyanı irəli sürüb müdafiə edənlərdən biri rus alimi N.Y.Danilevski (1822– 1885) olmuşdur. Danilevskiyə görə, tarixin təbii sistemi indiyə qədər olan inkişafın mədəni– tarixi tiplərini fərqləndirməklə özünü göstərir. Əslində bu tiplərin məcmusu bəşər tarixini təşkil edir. Xronoloji qaydada da aşağıdakı mədəni– tarixi tipləri fərqləndirmək lazımdır: 1. Misir, 2. Çin, 3. Assur– babil– finikiya, Haldey, yaxud qədim semit, 4. Hind, 5. İran, 6. Yəhudi, 7. Yunan, 8. Roma, 9. Yeni semit, yaxud Ərəbistan, 10. German– Roman tipləri. Buraya iki Amerika tipi– Meksika və Peru tipləri də (onlar zorla məhv edilmişdir) əlavə edilir. Bu mədəni– tarixi tipləri təmsil edən xalqlar bəşəriyyət tarixini birlikdə yaratmışlar. Onlardan hər biri müstəqil olaraq öz yolu ilə, mənəvi təbiətlərinin xüsusiyyətləri və həyatın xarici şəraitinin spesifikası ilə inkişaf etmişdir.
Göstərilən tipləri iki qrupda birləşdirmək olar. Birinci qrupa öz tarixində müəyyən varisliyə malik olan və bununla da öz növbəsində bəşər tarixində böyük rol oynamış tarixi qrupları aid edə bilərik. Göstərilən irsi tiplərə Misir, Assur– babil– fikikiya, yunan, roma və german– roman, yaxud Avropa tipləri daxildir. İkinci qrupa tamamilə təcrid olunmuş, ayrılmış şəkildə mövcud olub, inkişaf edən Çin və Hind sivlizasiyaları daxildir. Əslində elə bu səbəblər ucbatından həmin sivlizasiyalar həm inkişaf sürəti, həm də keyfiyyətinə görə Avropa sivlizasiyasından fərqlənir.

Mədəni– tarixi tiplərin, yaxud sivlizasiyaların inkişafı üçün müəyyən şərtlər gözlənilməlidir. Həmin şərtlər tarixi inkişaf qanunları adlandırılır. Onlara Danilevski aşağıdakıları aid edir: 1) qəbilə və ya xalqlar ailəsinin bir– biri ilə ünsiyyətə girməsi üçün bir, yaxud bir neçə dilin mövcud olması; 2) azad və təbii inkişaf üçün şərait yaradan siyasi müstəqilliyin olması; 3) hər bir mədəni– tarixi tipin orjinallığı; 4) hər bir mədəni– tarixi tipə xas olan sivlizasiya müstəqillikdən, yaxud da bərabər əsaslı federasiya hüquqlarından istifadə edirsə, daha da inkişaf edir; 5) mədəni– tarixi tipin inkişafı çox vaxt çoxillik bir məhsullu bitkiyə bənzədilir ki, onun da artıq vaxtı qeyri– müəyyən müddətə ölçülür; lakin çiçəklənmə və məhsulvermə dövrü nisbətən qısadır və onun həyati qüvvəsini birdəfəlik tükəndirir. Sonrakı sivilizasion yanaşmalar yeni məzmunla zənginləşdirilsə də, Danilevski tərəfindən formula edilmiş əsaslar dəyişməz qalmışdır. Şpenqlerdə bu, bir– birindən asılı olmayan mədəniyyətlər kimi verilir ki, onlar da dövlət qurumlarının əsasında mümkündür. Onun fikrincə, vahid dünya mədəniyyəti yoxdur və ola bilməz. Alman filosofu cəmi 8 mədəniyyəti: Misir, Hind, babil, Çin, apollon (yunan– roma), magik (bizans– ərəb), faust (Qərbi Avropa) və maya mədəniyyətini sadalayır. Rus– Sibir mədəniyyətinin formalaşmasının yaxınlaşdığı qeyd edilir. Hər bir mədəniyyətin yaşı onun daxili həyat silsiləsindən– dövründən asılıdır və təxminən min ili əhatə edir. Öz dövrünü tamamlayan mədəniyyət ölür və sivilizasiya vəziyyətinə keçir. Mədəniyyətin sivlizasiyadan prinsipial fərqi odur ki, sivilizasiya ruhsuz intellekt, ölü «boylu» (ölçü mənasında) olduğu halda, mədəniyyət həyatdır, yaradıcı fəaliyyətdir və inkişafdır.
A.Toynbidə sivilizasion yanaşma bəşəriyyətin ictimai– tarixi inkişafının lokal sivlizasiyalarının dövranı ruhunda başa düşülməsi kimi təzahür etmişdir. Sələflərinin ardınca gedərək Toynbi bəşəriyyətin vahid tarixinin mövcudluğunu inkar edir və bir– birilə əlaqədar olmayan ayrı– ayrı sivilizasiyaların mövcudluğunu etiraf edir. Əvvəlcə O, 21 sivlizasiyanı sayır, sonra isə onları 13– ə endirir. Yəni ikinci dərəcəli sivilizasiyaları nəzərə almır. İndiyə qədər mövcud olan və indi də öz mövcudluğunu saxlayan sivilizasiyalar özünün kəmiyyət və dəyər parametrlərinə görə mahiyyətcə ekvivalent və eyni əhəmiyyətlidir. Onların hər biri eyni inkişaf dövrünü– əmələgəlmə, yüksəlmə, dağılma mərhələlərini keçirir. Sonra isə onun məhv olması başlanır. Öz mahiyyətinə görə identik olan və bütün sivilizasiyalarda baş verən sosial və digər proseslər ictimai inkişafın bəzi empirik qanunlarını formalaşdırmağa imkan verir ki, bunun da əsasında onun gedişini dərk və proqnozlaşdırmaq mümkündür. Məsələn, Toynbinin fikrincə, ictimai inkişafın hərəkətverici qüvvəsi rolunda «yaradıcı azlıq», yaxud «düşünən elita» çıxış edir ki, onlar da əhalinin yaradıcı orijinal fəaliyyətdə ətalətli, qabiliyyətsiz hissəsinə mühüm təsir göstərir. Onlar qərarlarını bəzən inandırmaq yolu ilə, bəzən də zor gücünə həyata keçirirlər. Sivilizasiyanın inkişafı və çiçəklənməsi birbaşa «yaradıcı azlığ»ın qabiliyyətindən asılıdır. Bu da, öz növbəsində, ətalətli çoxluq üçün nümunə rolunu oynayır, intellektual, mənəvi və inzibati avtoriteti ilə yerdə qalanları öz arxasınca apara bilər. Əgər «elita» tarixi inkişafın gedişinin irəli sürdüyü növbəti sosial– iqtisadi problemi optimal yolla həll etmək qabliyyətinə malik deyildirsə, o, «yaradıcı azlıq»dan hamilik edən azlığa çevrilir və öz qərarlarını inandırmaq yolu ilə deyil, zor gücünə həyata keçirir. Bu situasiya sivilizasiyanın əsaslarını zəiflədir və son nəticədə onun məhvinə səbəb olur. A.Toynbiyə görə XX əsrdə cəmi beş əsas sivilizasiya– Çin, Hind, islam, rus və Qərb sivilizasiyaları öz varlığını qoruyub saxlaya bilmişdir.
Top