Təbiətdə və cəmiyyətdə, hadisə və proseslərdə kəmiyyətin keyfiyyətə keçməsini şərh etməzdən əvvəl, kəmiyyət və keyfiyyət anlayışlarını təhlil etmək lazımdır. Müəyyən bir hadisənin xüsusiyyətini təşkil edən və onu başqa hadisələrdən fərqləndirən mühüm cəhətlər və ya əlamətlər məcmusuna şeyin və ya hadisənin keyfiyyəti deyilir. Kəmiyyət anlayışı da hər bir şeyin, hadisənin və ya prosesin mühüm cəhətlərindən birini əks etdirən ən ümumi kateqoriyadır.
Kəmiyyət də şeyin müəyyənliyi kimi çıxış edir, lakin keyfiyyətdən fərqli olaraq, kəmiyyət şeyi onun xassələrinin inkişaf dərəcəsi cəhətdən: böyüklüyü, həcmi, miqdarı, hərəkətinin surəti, rənginin intensivliyi və s. cəhətdən göstərir. Keyfiyyət haqqında gündəlik adi təsəvvür hadisəyə verilən qiymətlə bağlıdır. Keyfiyyətin fəlsəfi anlamında isə hadisəyə qiymət verilmir. Bu anlayış ancaq hadisənin ən mühüm fərqləndirici əlamətlərini, daxili quruluşunu nəzərdə tutur ki, məhz bunlar hadisələrin müəyyənliyini təşkil edir və hadisə bunlarsız ola bilməz. Hadisənin keyfiyyətini təşkil edən cəhətlərin və xüsusiyyətlərin ayrılması və aydınlaşdırılması idrakın yalnız başlanğıcıdır, hər şeydə keyfiyyətdən savayı kəmiyyət cəhəti də vardır ki, şeyin xüsusi kəmiyyət göstəriciləri ilə xarakterizə olunur ki, həmin şeyin keyfiyyəti bu göstəricilərlə birlikdə mövcuddur. Şeyin kəmiyyət müəyyənliyi onun zahiri əlamətlərindən ibarət olsa da, o, şeyin daxili təbiətini də xarakterizə edə bilər. Məsələn, hər bir metalın istilikkeçirmə qabiliyyəti və qızdırılarkən şişmə əmsalı vardır; hər bir mayenin istilik tutumu, qaynama nöqtəsi və bərk cismə çevrilmə nöqtəsi vardır; hər bir qazın mayeləşməsi temperaturu vardır və s.
Keyfiyyətcə fərqli materialları və proseslərin kəmiyyət xarakteristikaları texnikada xüsusilə böyük əhəmiyyətə malikdir. Müasir istehsalda bunlarsız irəli getmək qeyri– mümkündür.
Məsələ burasındadır ki, son illərin fəlsəfi ədəbiyyatında fenomenoloji səviyyədə keyfiyyətə predmetlərin vacib və zəruri xassələr sistemi kimi tərif verilmişdir. Xassə isə predmet və hadisənin ancaq konkret bir cəhətini, bir xüsusiyyətini ifadə edir.
Kəmiyyət və ya keyfiyyət cəhətlərinin birtərəfli olaraq qabarıq göstərilməsi metafiziki yanaşmanın əlamətidir. Metafizika kəmiyyətlə keyfiyyət arasında daxilən zəruri olan əlaqəni görmür. Dialektika isə əksinə, göstərir ki, şeylərin kəmiyyət və keyfiyyət müəyyənlikləri tamamilə zahiri və bir birinə qarşı laqeyd əksliklər deyildir, bunlar son dərəcə dialektik halındadırlar. Ən ümumi şəkildə bu əlaqə ondan ibarətdir ki, şeyin kəmiyyət dəyişmələri qanunauyğun surətdə şeyin keyfiyyətinin dəyişməsinə səbəb olur.
Kəmiyyət dəyişmələri az– çox dərəcədə əmələ gəlir və çox vaxt nəzərə az çarpır. Bunlar əvvəlcə şeyin keyfiyyət müəyyənliyini mühüm dərəcədə dəyişdirmir. Lakin sonralar yığışıb artır və nəticədə şeyin əsaslı surətdə keyfiyyətcə dəyişməsinə səbəb olur. Bu zaman «kəmiyyət keyfiyyətə keçir»– deyirlər.
Kəmiyyət dəyişmələrinin əsaslı keyfiyyət dəyişmələrinə keçməsi, həmçinin əksinə, keyfiyyət dəyişmələrinin əsaslı kəmiyyət dəyişmələrinə keçməsi inkişafın ümumi dialektik qanunudur. Bu qanun özünü təbiət, cəmiyyət və təfəkkürün bütün proseslərində– köhnənin yeni ilə əvəz edildiyi hər yerdə göstərir.
Kəmiyyət dəyişmələrinin yığılıb çoxalması halına şeylərin bir keyfiyyət halından başqa, yeni keyfiyyət halına keçməsi inkişafında sıçrayışdır. Sıçrayış şeyin kəmiyyət dəyişmələrinin tədriciliyində fasilə əmələ gəlməsidir, yeni keyfiyyət halına keçməsidir, inkişafda qəti dönüş və əsaslı dəyişiklik baş verməsi deməkdir.
Məsələn, insanın əmələ gəlməsi üzvi aləmin inkişafında sıçrayış, əsaslı dönüş olmuşdur.
İstər təbiətdə istərsə də cəmiyyətdə kəmiyyət dəyişmələrini ifadə etmək üçün təkamül anlayışından istifadə olunur. Təkamül anlayışı bəzən yalnız tədrici kəmiyyət dəyişmələri mənasında deyil, həmçinin daha geniş mənada: ümumiyyətlə həm kəmiyyət dəyişmələrini, həm də keyfiyyət dəyişmələrini əhatə edən inkişafı göstərməkdən ötrü işlədilir. Təkamül tədrici kəmiyyət dəyişikliyidirsə, keyfiyyət dəyişikliyi sıçrayışdır, inqilabdır. Təkamül ilə inqilab arasında daxilən zəruri əlaqə vardır. cəmiyyətin təkamül inkişafı qanunauyğun olaraq sıçrayışlı keyfiyyət dəyişmələri ilə, inqilablarla başa çatır. Keyfiyyətin inqilabi dəyişmələri yeni təkamül dəyişmələri dövrünün başlanğıcı olur. Sıçrayışlar materiyanın hərəkət formalarına görə fərqlənir. İkincisi, zamana görə seçilən sıçrayışlar mövcuddur. Bundan əlavə sıçrayışların qlobal və lokal, zəruri və təsadüfi növləri vardır. Bütün bunlar isə özlüyündə kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanununun bu və ya digər cəhətini ifadə edən anlayışlardır.