Yunan fəlsəfəsindən danışarkən biz qeyd etmişdik ki, həmin fəlsəfə antik cəmiyyətə xas olan demokratiya zəminində yaranmışdır. Orta əsrlər fəlsəfəsi isə feodalizm dövrünün (V– X əsrlər) məhsulu olmuşdur. Orta əsrlər öz tarixini Qərbi Roma imperiyasının süqutundan (476– cı il) başladığı halda, bu dövrün fəlsəfi təlimi I– IV əsrdən formalaşmışdı. Bu, özünü stoiklərin, epikurçuların və neoplatonçuların etik konsepsiyalarında göstərirdi. Əlbəttə bu dövrün fəlsəfəsində antik fəlsəfənin görkəmli nümayəndələri olan Sokrat, Platon və Aristotel kimi parlaq simalar olmamışdır.
Orta əsr fəlsəfəsində məktəb hakimdir və burada mücərrəd mühakimə əsas yeri tutr. Orta əsr sxolostikasında teoloji dünya anlamından meydana çıxan iki vacib prinsip də mövcud olmuşdur. Bunlar ontologiyanın başlıca prinsipi olan kreatsionizm (yaxud yaranma) və qnoseologiyanın başlıca prinsipi olan vəhy prinsipləri idi. Hər iki prinsip bir– birilə sıx əlaqədə olub vahid, şəxsi allahın mövcudluğunu irəli sürürdü. Daha dəqiq desək, əgər yunan fəlsəfəsi politeizmlə (çoxallahlıqla) əlaqədar idisə, orta əsrlər fəlsəfəsi də monoteizmlə (təkallahlıqla) bağlı idi. Ona görə də müxtəlif təlimlərdən ibarət olmasına baxmayaraq, yunan fəlsəfəsi bütövlükdə naturalist xarakter (hər şeyi, o cümlədən insanı da əhatə edən bütöv olan– təbiətdir) daşımışdır. Orta əsr fəlsəfəsinə isə dini xarakter (hər şey– allahdır) xas olmuşdur. Universalilər də həmin eyniliyə əsaslanmışdır. O nominalizmə bu cür haqq qazandırırdı. Lakin onun fikrincə, ümumi anlayışların, yaxud ideyaların reallığı da (allahın zəkasında) qəbul edilməlidir. Onlar allahın yaratdığı şeylərin nümunələridir. Abelyar əqlə haqq qazandırır, sxolastika mötədil realizmin inkişafına şərait yaradır. Bu isə sxolastiklərin mürtəce hissəsində güclü narazılığa səbəb olurdu. Abelyar öz məktəbini (Parisdə) təsis edərək orada uğurlu fəaliyyət göstərmişdir. Avropanın müxtəlif yerlərindən onun şagirdləri yanına axışırdı. Onun həyatında öz şagirdi Eloiza ilə macərası mühüm yer tutmuşdur. Bu macəra bədbəxtliklə nəticələnir. Eloiza rahibə, filosofun özü isə monastra getməli olur. Bununla yanaşı, mürtəce teoloqlar onu eretik kimi mühakimə edərək məcbur edirlər ki, o, özünün ilahiyyət traktatını camaatın gözü qarşısında yandırsın. Ölümünə az qalmış onun təlimi ikinci dəfə mühakimə edilmişdir.
Çox vaxt orta əsrlər fəlsəfəsini bütövlükdə sxolastika adlandırırlar. Orta əsrlər fəlsəfəsinin əsas cəhətlərini ifadə edən və öz mahiyyətinə görə teosentrik olan sxolastika həmin dövrdə filosofluq etmənin əsas üsulu kimi çıxış etmişdir. Bu fəlsəfə üçün bütün varlığı müəyyən edən reallıq təbiət deyil, allah olmuşdur. Orta əsrlər sxolastikasının ikinci vacib əlaməti «Məktəblərin» təsiri ilə müəyyənləşmişdir. Burada, avtoritetə tabeçilik və ona sədaqət mühüm yer tutmuşdur. «Məktəbə» mənsub olmaq, onun ideologiyasına riayət etmək əsas şərt idi. Lakin zaman keçdikcə bu fəlsəfənin digər bir cəhəti– köhnə, vaxtını keçirmiş formullara meyllə ifadə olunan formalizm də meydana çıxmışdır. Buradan isə orta əsrlər fəlsəfəsinin daha bir cəhəti– onun şəxssizliyi xarakteri üzə çıxmışdır. Bu halda təfəkkür üsulunda abstrakt– ümumi qarşısında şəxsi geri çəkilir.
Orta əsrlərin Avropa fəlsəfəsi, hər şeydən əvvəl, iki böyük şəxsiyyətin– Avqustin və Akvinalı Fomanın adı ilə bağlıdır. İlkin xristianlıq fəlsəfəsi tam şəkildə Avqustinin təliminə əsaslanmışdır. Əslində, sonrakı dövrün sxolastikası da Avqustin ənənələrinə sadiq qalmışdır. Akvinalı Foma isə Avqustinin təlimini Aristotel təlimi ilə sintezləşdirmişdir.
Avqustin (354– 430) orta əsr fəlsəfəsinin görkəmli nəzəriyyəçisi, teoloq və filosof olmuşdur. Onun fəlsəfi ideyaları «Həqiqi din haqqında», «Azad iradə haqqında», «Tövbə», «Allah şəhəri haqqında» əsərində öz əksini tapa bilmişdir. «Allah şəhəri haqqında» əsəri daha mühüm yer tutur. Orada filosof insan birliyinin bir– birinə əks olan iki növünü təhlil etmişdir. Bunlardan birincisi, «dünyəvi şəhər», daha doğrusu özünə məhəbbətə əsaslanaraq allahın inkarına aparıb çıxaran dövlətçilikdir, ikincisi isə «Allah şəhəri»dir ki, burada allaha məhəbbət özünə nifrət səviyyəsinə qədər inkişaf etdirilir. Qeyd etmək lazımdır ki, Avqustinin «Allah haqqında təlimi» sxolastikaya həlledici təsir göstərimişdir. Allah ali varlıqdır, dünya qaydalarını şərtləndirən əbədi və dəyişməz ideyaların mənbəyidir. Allah zərurətə görə deyil, öz iradəsinə görə dünyanı heç nədən yaratmışdır.
Yaradılma haqqında ehkam ağırlıq mərkəzini təbii başlanğıcdan fövqəltəbii başlanğıca keçirir. Antik dövrün allahları təbiətlə qohum idilər, xristian allahı isə təbiətin fövqündə dururdu. Ona görə də həmin allaha transendent allah deyirdilər.
«Allah şəhəri haqqında» əsərində Avqustin yazırdı ki, dünya zamanda deyil, zamanla birlikdə yaradılmışdır. Beləliklə, fəal yaradıcı başlanğıc təbiətdən, kosmosdan alınaraq allaha verilirdi. Ona görə də orta əsr fəlsəfəsində kosmos yunan fəlsəfəsində tutduğu mövqeyini itirmişdir. Avqustin təlimində dünya haqqında təlim ikinci reallıq haqqında təlim kimi verilmişdir. Onun təlimində antik dualizm (əql və materiya) rədd edilir, əvəzində monizm əsas mövqeyə çıxır. Monizm prinsipinə görə, yalnız mütləq başlanğıc– allah vardır, qalanları isə ikincidir, allahın yaratdığıdır. Allah və onun yaratdığı dünya iki reallıqdır. Onlar mütləq şəkildə ontoloji olaraq bir– birindən ayrılırlar. Allah həqiqi varlıqdır, o əbədidir, dəyişməzdir, heç nədən asılı deyildir, hər şeyin mənbəyidir (əslində antik filosofların varlığa aid etdikləri atributları orta əsr fəlsəfəsində allaha aid edilirdi).
Avqustin fəlsəfəsində tale, qismət təlimi mühüm yer tutur. Həmin təlimdə göstərilirdi ki, subyektiv olaraq insan azad fəaliyyət göstərməsinə baxmayaraq, o nə iş görürsə, allah onun vasitəsilə edir. Özünün qararı ilə allah bəzi adamları xilas edir, digərlərini cəhənnəm əzabında cəzalandırır. Xristian tale, qismət təliminin mahiyyəti belədir. İlahi tale qismət prinsipi iki bir– birinə zidd şahlıqların mənbəyidir. Bu iki şahlıq axirət dünyası və real dünyadır. Real dünya müharibələrlə, zorakılıq üzərində qurulmuşdur. İlahi dünya isə kilsənin köməyi ilə formalaşır.
Avqustin özünün ilahiyyətə dair əsərlərində dəfələrlə kilsə anlayışlarına müraciət etmişdir. Çünki həmin anlayışlar Avqustinin dünyagörüşündə həlledici yer tuturdu. Sonralar sxolastiklər, xüsusilə Akvinalı Foma üçün həmin anlayışlar fundamental mahiyyətə malik olmuşdur.
Avqustin özünün fəlsəfə təlimini teologiya haqqında təlim kimi təqdim etmişdir. O, teologiyanı təbii elm hesab edirdi.
Avqustinin fikrincə, allah müdriklik simvoludur. Ona görə də müdrikliyi sevən filosoflar allahı da sevməlidirlər.
Avqustinin adı ilə başqa bir mühüm ənənə də bağlıdır. O, insan ruhunun psixologiyasına diqqətli olmuşdur. Onun üçün insan ruhunun incəlikləri allah tərəfindən yaradılan başqa şeylər kimi sirli bir aləmdir. Bu incəliklər ruhun xilası üçün, onun günahlarından təmizlənməsi üçün olduqca vacibdir. Bu səbəbdən tövbə böyük əhəmiyyət kəsb edir. Fəlsəfədə tövbə anlayışının başlanğıcına görə Avropa mədəniyyəti Avqustinə minnətdar olmalıdır. Jan Jak Russonun «Tövbə»si, L.Tolstoyun «Tövbə»si Avqustinin «Tövbə»sindən bəhrələnmişdir.
Orta əsrlərdə sxolostikanın məşğul olduğu əsas mövzu biliyin etiqada münasibəti məsələsi olmuşdur. Bu problem etiqadın əql üzərindəki prioriteti problemi idi. Fəlsəfi mübahisələrdə bu problem «universalilər», yaxud da ümumi anlayışların təbiəti haqqında məsələ kimi formalaşmışdı. Nəticədə iki nöqteyi– nəzər, iki baxış yaranmışdı:
1) insanın fikri və nitqindən asılı olmayaraq «universalilərin» real varlığının təsdiqi:
2) əks təsdiq– insandan asılı olmayan «universalilərin» mövcudluğu reallığının inkarı.
Birinci nöqteyi– nəzər realizm adlanırdı. İkincisi isə nominalizm idi ki, insan fikrindən asılı olmayan ümumi anlayışların mövcudluğunu inkar edirdi. Bunun əvəzində isə o, ayrı– ayrı şeylərin «adlarının» mövcudluğunu təsdiq edirdi (nominalizm– latınca ad sözündədir).
Göründüyü kimi, orta əsrlərdə yaranan realizm platonizmə yaxın idi. Çünki həmin baxışa görə, ümumi anlayışlar üç halda öz mövcudluğunu göstərir: 1. «Maddi cismə qədər», daha dəqiq desək, ilahi zəkada mövcudolma; 2. «Maddi cismin özündə», onun mahiyyəti və forması kimi mövcudolma; 3. «Maddi cisimdən sonra», insan idrakında abstraksiya nəticəsində mövcudolma. İfrat realistlərin fikrincə, universalilər (ümumi anlayışlar) şeylərdən, maddi cisimlərdən asılı olmayaraq müstəqildir onlardan əvvəl mövcuddur.
Nominalistlər isə realistlərin bu fikrinin əksinə olaraq universalilərin müstəqil, obyektiv mövcudluğunu inkar edir, ümumi anlayışların ancaq insan idrakında, təffəkkürdə mövcudluğunu qəbul edirdilər. Bəzi nominalistlərə görə, ancaq təkcələr real mövcuddur, ümumilər isə illüziyadır, universalilər ancaq maddi cisimlərə, şeylərə verilmiş adlardır, onlar maddə cisimlərsiz mövcud ola bilməzlər. Nominalizm iddia edirdi ki, ancaq fərdi olanlar, konkret maddi cismlər real mövcuddur, məhz onlar ancaq təfəkkür predmeti kimi öyrənilə bilər.
XII əsrdə Qərb sxolastikasının ən böyük nümayəndələrindən biri Pyer Abelyar (1079– 1142) olmuşdur. Universalilər haqqında olan mübahisədə o, həm ifrat nominalistlər, həm də ifrat realistlərin əleyhinə çıxış etmişdir. Abelyara görə, yalnız təkcə şeylər («substansiyalar») mövcud ola bilər, onlar öz aralarında bir– birinin eynidir.
Əsərlərinin içərisində yazdığı «Mənim müsibətlərimin tarixi» (1192– 1196) adlı avtobioqrafik əsəri mühüm əhəmiyyət kəsb edir. Burada dövrün maraqlı dünyagörüşü və fəlsəfi xarakteristikası mühüm yer tutur. O, belə hesab edirdi ki, filosof üçün başlıca cəhət nə avtoritetə, nə adamların rəyinə qulaq asmaq deyil, əqlin prinsiplərinə riayət etməkdir.
Orta əsrlərin Qərb sxolostikasında ən görkəmli yerlərdən birini Akvinalı Foma (1225– 1274) tutur. Akvinalı Foma Dominikan ordeninin rahibi, orta əsrlərin tanınmış teoloqu və təbiətşünası Böyük Albertin şagirdi olmuşdur. Ölümündən sonra Akvinalı Foma Roma katolik kilsəsinin qərarı ilə (1323) övliyələr cərgəsinə–müqəddəslər sırasına salınmışdır. Əsas əsərləri «Bütpərəstlər əleyhinə külliyyat» və «Teoloji külliyyat»dır. Bundan əlavə o, həm də Aristotelin və digər filosofların əsərlərinin şərhçisi olmuşdur. Akvinalı Foma sxolastikanın sistemləşdiricisi, tomizmin banisi hesab olunur. O, öz fəlsəfəsini Aristotel təliminin idealist ünsürlərini (hərəkətsiz), dünyanın ilk təkanvericisi haqqında təlim və s. gücləndirmək yolu ilə işlənmişdir. Akvinalı Fomanın fəlsəfəsinə neoplatonizmin də təsiri olmuşdur. Onun fəlsəfəsinin əsas müddəalarını nəzərdən keçirək:
Hər şeydən əvvəl, Foma Arsitotel məntiqinin köməyi ilə xristian teologiyasının başlıca prinsiplərini əsaslandırılmışdır. Bu zaman Aristotel təlimi elə dəyişdirilmişdir ki, bu təlim yaradılma ehkamları və İusus Xristosun allah– insan olması doğmaları ilə ziddiyyətə girməsin. Ali başlanğıc allah olan– varlığın özüdür. «Bütpərəstlər əleyhinə külliyyat» da o göstərirdi ki, ali ilahi mütləq sayılan İusus Xristos bir tərəfdən insan obrazındadır, maddidir, digər tərəfindən Allaha məxsus keyfiyyətlərə malikdir. O, ilahi (ideal) və insanın (maddi, materiya) vəhdəti simvoludur.
Beləliklə, Akvinalı Fomaya görə, ali həqiqət– allahın özüdür, İlahi həqiqətdir. Bilik tam şəkildə insan əqlinə xasdır, lakin o məhduddur. Ona görə də insan əqlin dərk edə biləcəyi həqiqəti qəbul etməlidir. Etiqadın və əqlin münasibəti belədir ki, burada üstünlük etiqada verilməlidir. Onun fikrincə, fəlsəfə ilahi həqiqətin dərk edilməsi ilə məşğul olandır. Daha dəqiq desək, teologiyadır.
Ümumiyyətlə, akvinalı Foma fəlsəfəni ilahiyata, yaxud da teologiyaya müncər etmişdir. Bu zaman akvinalı Foma etiqada münasibətdə əqlin və elmin azadlığını qətiyyən qəbul etməmişdir. O, «ikili həqiqət» nəzəriyyəsinin (elm yalnız formadan istifadə edərək öz varlığını təsdiq etməyə çalışırdı) əleyhinə çıxış etmişdir. Foma allahın varlığını kosmoloji sübutlar vasitəsilə təsdiq etməyə çalışırdı. O, sübutu allah haqqında anlayışlardan çıxarmırdı. Hər bir hadisənin səbəbi olması prinsipindən çıxarırdı. Bir səbəbdən digərini çıxararaq Foma belə bir nəticəyə gəlirdi ki, bütün real hadisə və proseslərin ali səbəbi kimi Allahın mövcudluğu zəruridir.
«Teologiya külliyyatı» traktatında o, varlığın 5 yolla sübutunu göstərirdi. Akvinalı Fomanın təliminin üçüncü əsas prinsipinin məqsədi müqəddəs təlimin birinci dərəcəli əhəmiyyət daşıdığını əsaslandırmaq olmuşdur. Onun fikrincə, müqəddəs təlim– elmdir. Lakin elmin təbiəti ikili xarakter daşıyır. Məsələn, hesab, həndəsə və s. elmlərdə olduğu kimi; onlardan bir hissəsi təbii idrakı üsullarla özünü göstərir, digəri isə ali vasitələrlə özünü sübut edir. Bax, müqəddəs təlimlər belə elmdir. Ali vasitə, ali qüdrət isə allahın özüdür.
Nəhayət, Akvinalı Fomanın təliminin dörüncü prinsipi onun sosial problemlərə münasibəti ilə bağlıdır lakin onda sosial problemlər də katolik təlimi ruhunda həll edilmişdir. Dövlət hakimiyyəti– allahdandır. İdarəçilik forması şəraitlə əlaqədar dəyişdirilməlidir. Akvinalı Foma üçün ideal dövlət forması monarxiyadır. Vətəndaş cəmiyyətində birinci rol kilsəyə verilməlidir. Dövlətdə dünyəvi həyat gələcək mənəvi– rühani həyata yalnız hazırlıqdır. Hökmdarın hakimiyyəti ali ruhani hakimiyyətə tabe edilməlidir. Onun başında isə səmada İusus Xristos, yerdə isə Roma papası durmalıdır.
Akvinalı Fomanın tomizm adlanan təlimi katolikliyin ideoloji dayağı və nəzəri silahı olmuşdur.
Orta əsrlər Avropa fəlsəfəsinin əsas cizgiləri belədir. O, Qərbi Avropada da (mərkəzi Roma olmuşdur), Şərqdə də– Bizansda (mərkəzi Konstantinopal olmuşdur) inkişaf etmişdir. Bütövlükdə orta əsrlərin fəlsəfəsini bir anlayışla teosentrik fəlsəfə kimi ifadə etmək olar. Bu fəlsəfədə dünyagörüşü dini etiqada əsaslanmışdır. Həmin fəlsəfədə mərkəzi yeri– Allah tutmuşdur.