Bizim er. əvvəl VI əsrin birinci yarısında antik fəlsəfə Elladanın Kiçik Asiya hissəsində, daha dəqiq desək İyoniyada– Milet şəhərində yaranmışdır. Təsadüfi deyildir ki, ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşdur.
Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. «Antik fəlsəfə» anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin «İliada» və «Odisseya», Hesiodun (e.ə. VIII– VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır.
III– II əsrlərdə Qədim Romanın ictimai və mənəvi inkişafında müəyyən dəyişikliklər baş vermişdir. Roma cəmiyyətində yunan mədəniyyəti və fəlsəfəsinə meyllər güclənmişdir. Həmin dövrdə Romada çoxlu yunan alimi, filosofu fəaliyyət göstərir, öz spesifikliyi ilə stoisizm və epikurçuluq inkişaf etməyə başlayır. Lukretsi Karın materializmi inkişaf edir. Bununla yanaşı, Romanın işğal etdiyi qədim dövlətlər və xalqların istismarı nəticəsində burada çox saylı adamların parazitləşməsi elementləri yaranır. cəmiyyətdə olan bu böhran, demək olar ki, bütün təbəqələri əhatə edirdi və bu da, öz növbəsində, şəxsi mövcudluğun katastrofuna gətirib çıxarırdı. Nəticədə dinə və mistikaya meyl güclənirdi. Zamanın tələblərinə cavab verən fəlsəfə dinə çevrilir, xristianlıq həmin prosesdə körpü rolunu oynayır.