Dialektikanın sistemində mühüm yer tutan ayrıca,təkcə,xüsusi və ümumi kateqoriyaları və onların münasibəti məsələsi fəlsəfənin qədim problemlərindəndir.
Fəlsəfə tarixində təkcə və ümuminin qarşılıqlı əlaqəsi prosesi probleminin həllində iki meyl qabarıq nəzərə çarpır: realist və nominalist meyl.Realistlər təsdiq edirdilər ki,ümumi birinci olub müstəqil surətdə,təkcədən asılı olmadan mövcuddur.Bir qisim realistlərə görə (Platon,Hegel,Mur və b.) ümumi mənəvi olub,ideal mahiyyətdir,ümumi anlayışlar,formasında mövcuddur,digər qisim realistlərə (Ksenofan,Parmenid,Zenon və b.) görə isə ümumi maddi olub,dəyişməz və eynilik təşkil kütlə və ya predmetlər qrupudur (sinif,ordu,xalq və s.).Təkcəyə gəldikdə isə realistlər onun mövcudluğunu ya inkar edir,ya da onu ümumidən asılı və ümumi tərəfindən yaradılan ikinci dərəcəli,keçici bir şey hesab edirdilər.
Fəlsəfə tarixində təkcə və ümumini qarşılıqlı əlaqəsi probleminin realizm və nominalizm baxımından həllinin birtərəfliyini aradan qaldırmaq təşəbbüsləri də az olmamışdır.Qədim dövrdə Aristotel,orta əsrlərdə D.Skott,yeni dövrdə Bekon,Lokk, Feyerbax və başqaları belə təşəbbüsə malik olmuşlar.Lakin bu müəlliflərin heç birisi baxılan məsələnin ardıcıl elmi həllini verə bilməmişdir.Bu mütəffəkirlərə görə,ancaq təkcələr obyektiv mövcudluğa malikdir,ümumi isə təkcənin yalnız tərəfi,momentidir.
Nominalist və realist nəzəriyyələrin nöqsanlarını aradan qaldıraraq həmin kateqoriyaların münasibətinin ardıcıl elmi həllini verən materialist dialektika olmuşdur.Materialist dialektikaya görə,nə ümumi,nə də təkcə müstəqil mövcud deyildir.Müstəqil mövcud olan yalnız ayrıcadır,yəni ayrı-ayrı cisimlər,proseslər,hadisələrdir.Ümumi və təkcə isə ayrıcanın tərəfləri,momentləri kimi mövcuddurlar.
Ayrıca-öz aralarında qarşılıqlı surətdə əlaqələnən element və hissələrdən təşkil olunan sistemdir.Hər bir ayrıca təkcə və ümuminin dialektik vəhdətidir.Təkcə və ümuminin qarşılıqlı ayrıcanın müəyyən tərəflərinin qarşılıqlı əlaqəsidir.
Təkcə-ayrıcaya məxsus olan və onu bütün başqalarından fərqləndirən fərdi,spesifik,təkrarolunmaz cəhətlərin,xassələrin məcmusudur.
Ümumi-eyni sinfə daxil olan cisimlərin,hadisələrin oxşar,eyni,təkrarlanan cəhətlərinin,xassələrinin məcmusudur.
Məsələn,mexaniki hərəkət ayrıca hərəkət forması,hidrogen ayrıca kimyəvi elementdir.Mexaniki hərəkəti nəzərdən keçirək.Mexaniki hərəkət bizə məlum olan hərəkət formalarından (fiziki,kimyəvi,bioloji,geoloji,planetar,sosial və b.) yalnız biridir.Mexaniki hərəkətin digər hərəkət formaları ilə ümumi cəhətləri onun dəyişilmə və saxlanmanın vəhdəti olması,arasıkəsilməzliyi,materiya,məkan və zamanla sıx bağlı olması və başqalarıdır.Mexaniki hərəkətin təkcə cəhətləri isə onun substrantının kütlə,dəyişməsinin isə yerdəyişmə olması,hökmən müəyyən trayektoriya üzrə davam etməsi,işıq sürətindən kiçik sürətlərlə baş verməsindən ibarətdir.
Ayrıca,təkcə,xüsusi və ümumi kateqoriyaları içərisində çıxış nöqtələri təkcə və ümumi kateqoriyalarıdır.
Təkcə-ayrıcanın xarici,qeyri-mühüm,dayanıqsız,təsadüfi,keçici tərəfi olub ona nəzərən hadisə kimi çıxış edir.
Ümumi-ayrıcanın daxili,mühüm,dayanıqlı,zəruri tərəfi olub onun mahiyyəti kimi çıxış edir.
Nəzərdən keçirilən kateqoriyaların dialektikasının əsas məqamlarını nəzərdən keçirək.
Təkcə və ümumi obyektiv inkişaf prosesinin mərhələri olub,bir-birilə üzvi surətdə bağlıdırlar.Təkcə ümumisiz,ümumi isə təkcəsiz mövcud olmur.Ayrıcanın vəhdət təşkil edən dialektik əkslikləri kimi onlar bir-birini tələb edir və qarşılıqlı surətdə tamamlayırlar.Hər bir ayrıca onun komponentləri olan təkcə və ümuminin dialektik vəhdətidir.Təkcə və ümuminin qarşılıqlı əlaqəsi ayrıcanın tərəflərinin qarşılıqlı əlaqəsidir.Ümumi ilə ayrıcanın qarşılıqlı əlaqəsinə gəldikdə isə qeyd etməliyik ki,bu əlaqə hissə ilə tamın qarşılıqlı əlaqəsidir,həm də bu halda ümumi hissə,ayrıca isə tamdır.Buna görə də hər bir ümumi ayrıca predmetləri yalnız təxminən əhatə edir,hər bir ayrıca isə ümumiyə ancaq natamam,qismən daxil olur,belə ki,hər bir ayrıca ümumi ilə yanaşı təkcəni də,təkrarlanan xassələrlə yanaşı təkrarlanmayan xassələri də ehtiva edir.Ayrıca təkcə və ümuminin dialektik cəmi kimi ümumidən daha məzmunlu və zəngin,ümumi isə ayrıcanın başlıca tərəfi,mahiyyəti kimi ondan daha geniş və dərindir.Ümumi ayrıcanın məzmununa,ayrıca isə ümuminin həcminə daxildir.Ayrıcanın mühüm tərəfi kimi ümumi göstərir ki,ayrıca müəyyən mənada və münasibətdə həm də ümumidir.Məsələn,elektronelementar hissəciklər mühakiməsində elektron-ayrıca,elementar hissəcik isə ümumidir.Göründüyü kimi,burada ayrıca həm də ümumidir.
Deyilənlərdən aydın olur ki,təkcə və ümumi müstəqil reallıqlar olmayıb,yalnız ayrı-ayrı maddi törəmələr vasitəsilə mövcuddurlar.
Həm də bu halda onlar sonuncuların momentləri,tərəfləri kimi çıxış edirlər.Hər bir maddi törəmə, hər bir cisim təkcə ilə ümuminin,təkrarlanmayanla təkrarlananın vəhdətidir.Ayrı-ayrı maddi törəmələrin (cisim,proses) tərəfləri olmaq etibarilə təkcə və ümumi qarşılıqlı surətdə əlaqələnib bir-birinə nüfuz etdiklərindən onlar yalnız abstraksiyalar vasitəsilə xalis halda seçilib götürülə bilərlər.
Təkcə ilə ümuminin qarşılıqlı əlaqəsi həm də bunda təzahür edir ki,maddi törəmələrin inkişafı prosesində təkcə ümumiyə,ümumi isə təkcəyə çevrilə bilir.Təkcə və ümuminin qarşılıqlı əlaqəsinin bu qanunauyğunluğu eyni bir bitki növünün ayrı-ayrı zonalarda yayılması zamanı onların xassələrində baş verən əsaslı dəyişikliklərlə aydın müşahidə olunur.Həyat tərzini dəyişməklə yeni mühitə uyğunlaşmağa çalışan bitkilərdə yeni şəraitə uyğun yeni təkcə xassələr yaranır və onlara müvafiq amillərin təsiri qüvvətləndikcə bu təkcə xassələr də güclənərək əvvəlcə növün bir hissəsini,daha sonra isə onu bütövlükdə əhatə edən ümumi xassəyə çevrilir.
Aydın məsələdir ki,təkcəni müəyyən etmək üçün baxılan predmeti bütün digər predmetlərlə müqayisə etmək lazımdır.Lakin bu praktiki mümkün olmadığından bu və ya başqa predmeti bütün digər predmetlərlə deyil,onların yalnız bir qismi ilə müqayisə edirlər.Bu səbəbdən də ümumini təkcəyə qarşı deyil,xüsusiyə qoymaq zərurəti meydana çıxır.
Hər bir müqayisənin gedişində predmetin digər predmetlərlə oxşar və fərqli cəhətləri müəyyən edilir.Bu halda müqayisə olunan predmetləri bir-birindən fəqləndirən cəhətlər onlardakı xüsusini,onların oxşarlığını əks etdirən cəhətlər isə ümumini əks etdirir.
Təkcənin xüsusilə müqayisəsindən görmək çətin deyil ki,təkcə həmişə xüsusi rolunda çıxış edir.Yalnız baxılan cismin xassələri olmaq etibarilə xüsusi bir cismi onunla müqayisə oluna biləcək bütün cisimlərdən fərqləndirəcəkdir.Məsələn,1918-ci il 28 mayda Şimali Azərbaycanda Demokratik respublikasının yaradılması və Fətəli xan Xoyskinin respublika Nazirlər kabinetinin baş naziri seçilməsi yalnız ölkəmiz üçün səciyyəvi olan təkcə hadisə olmaqla ölkəmizi onunla müqayisə oluna biləcək bütün digər ölkələrdən fərqləndirəcəkdir.Buna görə də bu fakt ölkəmiz üçün həmişə xüsusi hadisə olacaqdır.
Xüsusi ayrıca ilə ümuminin dialektik əlaqəsidir.Lakin bu əlaqə daxilində təkcənin xüsusiyə münasibəti ilə ümuminin xüsusiyə münasibəti eyni olmur.Belə ki,əgər təkcə həmişə xüsusidirsə,xüsusiyə münasibətdə ümumi özünü heç də həmişə eyni cür aparmır,konkret əlaqədən asılı olaraq o,bir halda xüsusi,başqa bir halda isə ümumi rolunda çıxış edir.Baxılan predmetin onunla müqayisə rolunda,müqayisə olunan predmetlərin fərqini göstərdikdə isə ümumi rolundan çıxış edir.Beləliklə,xüsusi təkcə ilə ümumi arasında mərhələ olub,bir əlaqədə özünü ümumi,digər əlaqədə isə təkcə kimi aparır.Bir misala baxaq.Məlumdur ki,xlor halogenlər (xlor,brom,ftor,yod) qrupuna daxil olan ayrıca bir kimyəvi elementdir. “Xlor-halogenlər” əlaqəsi daxilində xlor təkcə,halogenlər isə ümumidir.Halbuki “halogenlər-kimyəvi elementlər” əlaqəsi daxilində “halogenlər” təkcə,“kimyəvi elementlər” isə ümumidir.Göründüyü kimi,birinci əlaqədə “halogenlər” ümumi,ikinci əlaqədə isə təkcədir.Deməli, “halogenlər” xlor və kimyəvi elementlər anlayışları arasında birləşdirici həlqə və buna görə xüsusidir.
İdrak təkcədən ümuminin dərk olunmasına doğru gedir.F.Engelsin qeyd etdiyi kimi,idrakın magistral yolu bundan ibarətdir ki,biz fikrimizdə təkcəni təkcəlikdən xüsusiyə,bu sonuncudan da ümumiyə qaldırırıq.
Təkcə və ümuminin dialektikasın düzgün dərk olunmasının nəzəri və əməli fəaliyyət üçün mühüm əhəmiyyəti vardır.Ümuminin,qanunun dərki,onun təkcə və ayrıca ilə əlaqəsinin açılması elmi qabaqgörənliyin əsasını təşkil edir.Ümumdünya cazibə qanunu əsasında Neptun planetini kəşf etmiş Leveryenin elmi fəaliyyəti buna yaxşı misaldır.