Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı dövrdə (b.er.əv. VIII– VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasında gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqında sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövrdə, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və. s. haqqında II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər geniş yayılmışdır.
Ümumiyyətlə, Çində fəlsəfi cərəyanların formalaşması b.er.əv. VI– V əsrlərə aiddir. Onlar Çin milli xarakterinin və sosial praktikanın bütün spesifikasını özündə əks etdirirdi. Çin fəlsəfəsi millətin patriarxal cizgilərini və praktikanın konkret– əməli oriyentasiyasını təzahür etdirirdi. Çin fəlsəfəsində Qədim hindistana və digər ölkələrə xas olan zəngin mifoloji zəmin yox dərəcəsindədir. Çin fəlsəfəsi əsas etibarilə praqmatikdir və axirət dünyasına deyil, bu günkü günün praktikasına müraciət etməsi ilə fərqlənir.
Qədim Çin fəlsəfəsinin mənbələrini ilk Çin yazılı abidələri, xüsusilə məşhur «Dəyişikliklər kitabı» («İtszin») və ona olan şərhlərdə axtarmaq lazımdır. Bu kitab «Şerlər kanonu»– «Şi tszin» kitabı ilə birlikdə Hindistanda Upanişadların oynadığı rola malik olmuşlar.
***
Qədim Çin fəlsəfəsinin inkişafında daosizm– Lao-tszının dao– şeylərin yolu haqqında təlimi mühüm rol oynamışdır.
Lao– tszı (b. er. əv. VI əsrin ikinci yarısı və V əsrin birinci yarısı) daosizm fəlsəfəsi məktəbinin banisi olmuşdur. Filosofun əsas ideyası odur ki, insanların və təbiətin həyatı «səma iradəsi» ilə idarə olunmur, müəyyən yolla– dao ilə getməkdədir.
Dao– şeylərin özünün təbii qanunudur. Həmin qanun Tsi (hava, efir) substansiyası ilə dünyanın əsasını təşkil edir. Lao– tszı («qoca müəllim») belə hesab edirdi ki, dünyada hər şey hərəkətdə və dəyişmədədir, hər şey mütəmadi olaraq dəyişir. Bu inkişafın necə getməsindən asılı olmayaraq ədalət təntənə çalır. Qanun belədir. İnsan şeylərin təbii gedişinə qarışmamalıdır. İşə qarışmamaq, yaxud «hərəkətsizlik» (uvey– gerçəkliyə seyrçi münasibət) dao– nun insana münasibətdə əsas tələblərindən biridir. Bu, «təbiiliyə əməl edilməsi» deməkdir. Bu, adamların həm sosial, həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir.
Lao– tszının ideyaları təxminən b.er.əv. IV– III əsrə aid edilən «Dao– de tszin» kitabında ifadə olunmuşdur. Kitabda aşağıdakı anlayışlar işlədilir:
De– daonun insanların davranışının, həmçinin şeylərdə predmetləşmiş konkret təzahürüdür.
Tsi– daonun predmetləşməsi nəticəsində yaranan xırda maddi hissəciklərdir. Yüngül, işıqlı tsi hissəcikləri kişi başlanğıcı– yan– ı yaradır, ağır, qaranlıq hissəciklər isə qadın başlanğıcı in– i yaradır. Bu iki başlanğıcın çulğalaşması nəticəsində daoistlərin fikrincə dünyada olan bütün şeylər yaranır. Öz inkişafında bir sıra tsiklləri keçən «hər bir şey öz kökünə qayıdır, yəni ilkin hissəciklərə bölünür».
Jen– insansevərlik.
Li– ritual.
Daoistlərə görə, adamların ilkin təbiətlə vəhdətinə qayıdışı, sənətdə və əkinçilikdə əmək alətlərindən imtina edilməsi, mürəkkəb ictimai təşkilatlardan– dövlətdən, siniflərə bölgüdən, alimlər təbəqəsinin müdrikliyindən imtina onlara sakit, xoşbəxt həyat keçirməyə imkan verər. Lao– tszı sosial gərginliyin səbəbkarı kimi hakimiyyət hərisləri olan eqoist müdrikləri sayırdı. Onları adamların arasında çaxnaşma salan adlandıraraq müdriklərə hörmət olunmasından imtina etməyi məsləhət görürdü. O, müdriklərə hörmət edilməməsini xalqın itaətə gətirilməsinin yeganə şərti hesab edirdi.
Ümumiyyətlə, daosizmdə dialektik ideyalar, idrak təlimi, etik və sosial– siyasi baxışlar mühüm yer tutmuşdur.
Daosizmdən sonra qədim Çində geniş yayılmış təlimlərdən biri də Konfutsi təlimidir. Təlimin banisi Kun– Fu– tszı (b.er.əv. 551– 479– cu illər, ona çox vaxt Konfutsi deyirlər)– görkəmli mütəfəkkir, siyasi xadim olmuşdur. O, qədim kitabları qaydaya salmış və «Dəyişikliklər kitabı»na («İtszin») şərhləri tərtib etmişdir. O, müşavir olduğu Lu dövlətinin salnaməsini tərtib etmişdir. Konfutsinin baxışları başlıca olaraq «Söhbətlər və mühakimələr» («Lun Yuy») kitabında toplanmışdır. Bu kitab onun ardıcılları və şagirdləri tərəfindən tərtib olunmuşdur.
Konfutsi təlimində biz başqa bir ənənəni müşahidə edirik. Burada əyanlara hörmət, cəmiyyət içərisində subordinasiyanın ciddi şəkildə qorunması və digər etik normalara riayət edilməsi tələblərinə rast gəlmək mümkündür.
«Syao»– «valideynlərə hörmət», «di»– «böyük qardaşa hörmət», «çjun»– «öz ağasına, hökmdara sədaqət» kimi kateqoriyalar konfutsi təlimində mühüm yer tutur.
Konfutsi təhsilə və tərbiyəyə böyük yer verirdi. Bununla yanaşı o, belə hesab edirdi ki, əyanların nümayəndələri anadangəlmə hikmətə əsaslanan, ali bilik hesab olunan müdrikliyə nail olmalıdırlar. «Səma hökmdarı» nı və ruhların mövcudluğunu qəbul edən konfutsi taleyə inanır, daoistlərdən fərqli olaraq ənənəvi dini baxışları müdafiə edirdi. Bizim eradan əvvəl II əsrdə imperator Udinin zamanında konfutsiçilik qanuni qüvvəyə mindirilib, rəsmi Çin ideologiyası elan edilmişdir. Konfutsi özü isə ilahiləşdirilmişdi. «Lunyuy»kitabında aşağıdakı anlayışlar verilir:
Jen (hərfən: «insansevərlik»)– konfutsiçi etik kateqoriyasıdır. Jen prinsipi bildirir. «Özünə rəva görmədiyini, başqasına da rəva görmə.»
Li (hərfən: «seremonial», «ritual», «hörmət»)– konfutsiçi etikanın kateqoriyası olub, geniş qaydalar məcmusunu əhatə edərək hakimlər və təəbələr, bütün ictimai qruplar– təbəqə, nəsil, ailə və s. arasında, eləcə də ayrı– ayrı adamlar arasında münasibətləri nizamlamağı əks etdirmişdir.
Hindistanda vedizm hansı rolu oynayırdısa, Çin üçün də konfutsiçilik həmin əhəmiyyətə malik olmuşdur. O, mühüm ortodoksal (öz məsləkində ardıcıl və sabit olan) məktəb olmuşdur. Doğrudur Hindistanda çoxlu məktəb olsa da onlardan heç biri rəsmən prioritet məktəb hesab olunmamışdır. Çində isə əksinə, konfutsiçilik (b.er. əv. II əsrdə) rəsmi dövlət ideologiyası statusu əldə etmiş və onu yeni dövrə qədər saxlaya bilmişdir.
Konfutsiçiliyin əsas müddəaları aşağıdakılardır:
1. Konfutsi baxışlarının əsasında Səma haqqında («Tyan») ənənəvi dini təsəvvürlər dururdu. Bu böyük başlanğıc, ali allah öz iradəsini insana diqtə edirdi. Səma– ümumi əcdaddır və baş hakimdir, dünyaya insan nəslini gətirərək ona həyati qaydalar bəxş edir.
2. Tyan kultu konfutsinin sosial təlimi ilə əlaqədar idi. Burada hər kəsin öz işini görməsi və subordinasiyaya uyğun olaraq hərəkəti nəzərdə tutulurdu.
3. Daosizmdən fərqli olaraq konfutsiçilikdə rituala, etiketə, yazılmayan qaydalara üstünlük verilir. Buna müvafiq olaraq Li– yə riayət edən «xeyirxah insan» haqqında təlim mövcud olmuşdur. «Xeyirxah insan», hər şeydən əvvəl, qanunları pozmamaq haqqında düşünür, o, ritualın tələblərinə riayət etməyə borcludur. Bu isə özündə bir çox əxlaqi qaydalara riayət edilməsini birləşdirir. Li– şeylərin qoyulmuş qaydasıdır.
4. Konfutsi həm də pedoqoq olmuşdur. Onun təlimində pedoqoqika, tərbiyə problemləri mühüm yer tutmuşdur. Burada qədim Çin ənənələrinin öyrənilməsinə diqqət yetirilmişdir.
Konfutsiçilik özünün «ortalıq» nəzəriyyəsi ilə məşhurdur.Bu nəzəriyyə sonralar onun ardıcılları tərəfindən inkişaf etdirilmişdir. Məsələn, XII əsrdə Yeni konfutsiçilər «ortalıq haqqında» təlimin mənasını belə izah edirdilər: həyatın məqsədi– şeylərin mahiyyətini bilməkdir; şeylərin mahiyyətini yanlız biliyin köməyi ilə anlamaq mümkündür; bilik də öz növbəsində qəlbin təbiətini dəyişdirməyə və bədəni təkmilləşdirməyə kömək edə bilər. Biliyin əsasında «səma əqlinin»– qanunun dərk edilməsi durur. Əql– səma qanununu öyrədir ki, yalnız iki şey var: bunlar yalan və doğru olandır.Kim həqiqətə qulluq edirsə, xeyirxahlıq yaradır. Kim yalana qulluq edirsə, şər yaradır. Valideyinlərə xidmət– onlara hörmətlə bağlıdır. Ağaya xidmət– ona sədaqətlə bağlıdır. Hər cür xidmət həqiqətin və yalanın fərqləndirilməsinin, həqiqətin seçilməsi isə onun əməllərə çevrilməsini tələb edir. Beləliklə, qədim Çin fəlsəfəsinin iki– konfutsiçi və daosizm konsepsiyalarını nəzərdən keçirdik. Konfutsiçi konsepsiya insanla sosium, müəyyən qaydaların (Li) qoruması ilə bağlı harmoniya etikasına əsaslanır. Daosizm konsepsiyası isə insanla kosmosun harmonizasiyası ideyasını irəli sürür. «Çjuan– tszı» adlı qədim traktatda deyilir: Konfutsi təsdiq edirdi ki, o, «insanda səyahət edir», daoistlər isə deyirdilər ki, onlar «insandan kənarda səyahət edir».
Belə nəticəyə gəlmək olar ki, konfutsiçilik Çin ənənəsinə, daosizm isə dünya fəlsəfəsinə mənsubdur. Daoistlərin sosiumdan kənara– kosmosa çıxmaq cəhdləri şəxsiyyətin «yer» dairəsindən, qapalılıqdan və dövlətçilikdən ümumibəşəriliyə çıxışı bildirir.Bütün zamanlarda insana ümumbəşəri keyfiyyətlər xas olmuşdur. Nəticədə insanın özünü mikrokosmos– kosmosun təbii elementi hesab etməsi mümkünlüyü irəli sürülmüşdür.
Qədim Çin fəlsəfəsində Mo– tszının (b.er. əv. 479– 400– cü illər) idrak nəzəriyyəsi mühüm yer tutur. Məsələ burasındadır ki, qədim Çində rəqabət aparan «yüz məktəbdən» biri də Mo– tszının fəlsəfi məktəbi olmuşdur. Bu məktəb nəzəri– idraki problemlərin tədqiqində mühüm rol oynamışdır. Məktəbdə öyrənilən əsas kateqoriyalar: varlıq, məkan, zaman, keyfiyyət, səbəbiyyət və s. idi.
Moistlər belə hesab edirdilər ki, idrak prosesinə səbəbiyyət prosesinə yanaşılan kimi yanaşmaq lazımdır. Şeylərin oxşarlığı və fərqlərini və onların cinsə görə bölgüsünü aşkar etmək zəruridir. Onlar biliyin həqiqiliyini yoxlamağın üç qaydasını təklif etmişlər. Birincisi, «əsas», daha dəqiq desək qədim müdrüklərin təcrübə və mühakimələri; ikincisi, «mənbə», yəni faktlar; üçüncüsü, «tətbiq edilmə», yəni praktiki faydasıdır.
Qeyd etmək lazımdır ki, Mo– tszı qədim Çinin körkəmli siyasi mütəfəkkiri olmuşdur. O, dövlətin mənşəyi və cəmiyyətin həyatında əməyin rolu haqqında dərin fikirlər söyləmişdir. O, konfutsiçiliyə, onun dövlət məmurlarının əbədiliyi ideyasına qarşı çıxış etmişdir. Mo– tszının etik– siyasi ideyaları on prinsipdə əks olunmuşdur. Bunlar: «müdrikliyə hörmət», «birliyə hörmət», «ümumi məhəbbət və ümumi fayda», «səma iradəsi», və s. dir Mo– tszı «ümumi məhəbbət və ümumi fayda» prinsipinə mühüm əhəmiyyət verməklə fatalizmi inkar etmişdir. Burada isə prinsipcə yəqin ki, Çin praktisizminin mənbəyi hiss olunur. Bununla yanaşı, Mo– tezı ənənəvi səma və ruhlar kultu ilə əlaqəsini kəsməmişdir. Təsadüfi deyildir ki, on prinsipin tərkibində səma və ruhlar haqqında da fikirlər vardır. Filosof belə hesab edirdi ki, onlarda mənəvi qüvvə vardır və həmin qüvvə adamları «ümumi məhəbbət və ümumi fayda» prinsipinə riayət etməyə məcbur edir.
Mo– tszının və onun ardıcıllarının baxışlarını öyrənməyin əsas mənbəyi «Mo– tszı» adlı kitabdır. Mo– tszı cəmiyyətin və dövlətin inkişafını 13 fazaya ayırmışdır. Bunlar– «müdrikliyə hörmət» birliyə, vəhdətə hörmət və «ümumi məhəbbət və ümumi fayda»dır. Beləliklə, Mo– tszı təlimində şəxsi və dövlət etikası sıx surətdə əlaqələndirilmişdir. Şəxsi məhəbbətdən çox ictimai, yaxud «ümumi məhəbbət»ə eləcə də şəxsi faydadan çox ümumi faydaya üstünlük verilir.Bununla da Çin ənənəsində fərdə nisbətən sosium üstünlük əldə etməyə başladı.Bu isə konfutsi təliminin tənqidi fonunda özünü daha aydın hiss etdirirdi. Özü də səmaya münasibət mənəvi problem kimi saxlanılırdı. Mo– tszının fikrincə, səma və ruhlar kultu sosial ədalətin bərqərar olmasına şərait yaradır.
Göründüyü kimi, Çin fikrinin yüz məktəbindən üçünün konsepsiyası– daosizm, konfutsiçilik və Mo– tszının nəzəri– idraki konsepsiyası üstünlük təşkil etmişdir. İndi isə onlara əsasən Çin fəlsəfəsinin aşağıdakı xüsusiyyətlərini göstərə bilərik.
1. Çin fəlsəfəsində qnoseloji və məntiqi problemlər başlıca olaraq sadəlövh naturalizm mövqeyindən nəzərdən keçirilirdi. İdeal və transendental haqqındakı təsəvvürlər çox zəif inkişaf etmişdir. Bu da, öz növbəsində müstəqil elm kimi formal məntiqin və dialektikanın inkişafına mane olurdu. Çin filosofları «ziddiyyət» anlayışını (onsuz dialektika mümkün deyildir.) demək olar ki, işlətmirdilər. Doğrudur onlar əkslik anlayışını işlədirdilər. Məsələn, ortalıq təlimində «xeyir v şəri» fərqləndirməkdən söhbət açılmışdı. Həyatın məqsədi– qəlbin vəzifəsidir. Qəlbin vəzifəsi və məqsədi biliyin köməyi ilə əldə edilir; biliyin əldə edilməsi nəticəsində xeyir və şəri fərqləndirmək, onun mahiyyətini başa düşmək mümkün olur.
2. Çin filosoflarının fəlsəfi terminlərdən şeylərin ierarxik qaydasını bərqarar etmək üçün vaxtaşırı istifadə olunurdu .Məntiqi metodologiyanın olmaması onun numeroloji metodologiya ilə əvəz olunmasına gətirib çıxarmışdı. O da öz növbəsində (öz aralarında simvolik və assosiativ əlaqəsi), say komplekslərindən və məkan strukturundan ibarət olmuşdur. Numerologiyanın əsasında üç rəqəm: 2, 3 və onların cəmi 5 rəqəmi dururdu .Şeylərin yarandığı gündən ona ikilik və beşlik xasdır. Qüvvələrin ikili ontologiyası in və yan; üçlü ontologiyası səma, torpaq, insan; beşli ontologiyası 5 element hesab olunurdu. Qədim Çin fəlsəfi qnoseologiyasına əsasən formasız zülmətdən iki ruh– kişi ruhu yan, qadın ruhu in doğulmuşdur. Kişi ruhu səmanı, qadın ruhu isə yeri idarə etməyə başlamışdır.
Qədim Çin fəlsəfəsinin təhlili ilə biz Qədim Şərq fəlsəfəsinin təhlilini yekunlaşdırırıq. Ümumiyyətlə, Qədim Şərq fəlsəfəsi dünya fəlsəfi fikirinin inkişafına böyük xidmət göstərmişdir. Qədim Şərq mütəfəkkirlərinin fəlsəfəsinin bir çox tezisləri sonrakı fəlsəfi sistemlərə daxil olmuşdur. Əslində xüsusi Şərq ənənələri, mənəviyyat ənənələri xüsusi mentalitet faktdır və belə bir fakt olaraq qalmaqdadır.
Həmçinin bax:
Qədim Çin mədəniyyəti
Qədim hind fəlsəfəsi