İctimai şüur - cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri, insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.
İctimai şüurun ictimai varlığa fəal əks təsiri qanunu da mövcuddur. İctimai varlıqla ictimai şüur bir-birinə nisbətdə nə isə xarici bir şey deyildir, ictimai varlıq özünü ictimai şüur vasitəsilə reallaşır və şüur vasitəsilə fəaliyyət göstərir. İctimai varlıq özündə öz fəaliyyətinin zəruri daxili elementi olan özünün inikaslarını ehtiva edir. Bu üzvi sistemli asılılıq ictimai şüura fəallıq verir. Fəlsəfi şüur – fəlsəfə almiliklə dünyagörüşü və sərvətli münasibətlərin vəhdətindən ibarət olan ictimai şüurun spesifik, özünəməxsus formasıdır.
Elmi-nəzəri şüur sosial gerçəkliyin elmi və nəzəri cəhətdən sistemli və ümumiləşdirilmiş inikasıdır. O, daxili mahiyyətli qanun və kateqoriyalar vasitəsilə ifadə olunan inikasıdır. Son vaxtlar elmi ədəbiyyatda «mentalitet» anlayışından istifadə olunur.
Mentalitet (lat. ağıl, düşüncə, təfəkkür tərzi) deməkdir. O, ilk dəfə 1856-cı ildə Amerika alimi R.Emerson tərəfindən işlədilmiş, fransa alimi Marsel Prust onu tərtib etdiyi lüğətə daxil etmiş, XX əsrdə L.Febr və başqaları onun haqqında müxtəlif fikirlər söyləmişlər.
İctimai şüura nisbətdə mentalitet fərdi və kollektiv şüurun, emosiyaların, əhval-ruhiyyələrin mövcud sosial gerçəkliyə münasibətinin inkişaf dərəcəsini göstərir. Mentaliteti cəmiyyətin mənəvi psixoloji siması adlandırmaq olar.
Sosial varlıq şəraitinin ümumiliyi daxilində hər bir fərdin öz inkişaf spesifikliyi onun mənəvi aləminin digər fərdlərin mənəvi aləmindən fərqini müəyyən edir, insan fəaliyyətinin zənginliyini yaradır.
İctimai şüur nisbi müstəqilliyə malikdir. Lakin həmin müstəqillik mütləq olmayıb ictimai varlığın ictimai şüura müəyyənedici təsiri çərçivəsində baş verir. Bu cür nisbi müstəqil inkişafın əsasında ictimai varlıqla ictimai şüur arasında «sərt əlaqələrin» istisnalığı qanunudur. Bu qanunauyğunluq isə bir halda ictimai şüurun ictimai varlıqdan geridə qalmasına, digər halda isə onu ötüb keçməsində ifadə olunur. İctimai şüurun inkişafının varislik qanunauyğunluğu da mövcuddur. Bu, həm də ictimai şüurun səviyyələrində, həm də onun formalarının inkişafında təsir göstərən qanunauyğunluqdur.
İctimai şüur formaları eyni vaxtda meydana gəlməmiş, ictimai varlığın mürəkkəbləşməsi və insanın idrak qabiliyyətlərinin inkişafı və təkmilləşməsi nəticəsində bərqərar olmuşdur. İctimai şüurun tarixən ilk forması əxlaqdır.
Sosial funksiyalarına görə ictimai şüur formalarını 2 qrupa ayırmaq olar:
1) Sosial gerçəkliyin mənəvi-praktik mənimsənilməsinin baş verdiyi formalara (əxlaq, siyasi və hüquqi şüur);
2) Bütün ətraf aləmin mənəvi mənimsənilməsi formalarına (incəsənət, fəlsəfə, din, elm).
Əxlaqi şüur – mənəviyyat və ya əxlaq ayrı-ayrı fərdlərin, sosial qrupların, bütövlükdə isə cəmiyyətin baxışları, təsəvvürləri və davranış normaları və qiymətləndirmənin əks olunduğu ictimai şüur formasıdır. Əxlaqın ən vacib kateqoriyası vicdan kateqoriyasıdır.
Siyasi şüur – böyük sosial qrupların əsas mənafelərini, onların bir-birinə və cəmiyyətin siyasi təsisatlarına münasibətlərini əks etdirən hisslərin, sabit əhval-ruhiyyə tərzlərinin, ənənələrin, ideyaların və bütöv nəzəri sistemlərin məcmusudur.
Hüquqi şüur – sosial qrupların, siniflərin mövcud hüquq sisteminə münasibətlərini ifadə edən təsəvvürlər, emosiyalar, baxışlar və ideyaların məcmusundan ibarətdir.
Estetik şüur – ictimai şüurun ən qədim formalarındandır. Estetik şüur ictimai varlığın konkret hissi formalarda, bədii obrazlarda dərk edilməsindən ibarətdir.
Dini şüur – dini təlimlər, dini hisslər, sitayiş və ayinlər, dini təçkilatlar və tərəqqilər daxildirlər. Din özündə üç əsas elementi birləşdirir:
Ümumiyyətlə ictimai şüur formalarının qarşılıqlı əlaqə və təsirli cəmiyyətin mənəvi həyatında mühüm əhəmiyyət kəsb edir, sosial – mədəni proseslərin öyrənilməsində başlıca rol oynayır.