İctimai–iqtisadi formasiya anlayışı

İctimai–iqtisadi formasiya anlayışı

İctimai – iqtisadi formasiyalar nəzəriyyəsi tarixin materalist anlayışının, cəmiyyət tarixinə təbii-tarixi, qanunauyğun bir proses kimi yanaşan materialist təlimin özülünü təşkil edir. İctimai – iqtisadi formasiya konkret bir cəmiyyət tipi olmaq etibarı ilə müəyyən istehsal üsulunun spesifik qanunları əsasında fəaliyyət göstərən sosial bütövlükdür.
Hər bir ictimai-iqtisadi formasiya digərlərindən ayrıca bir keyfiyyət halı kimi fərqlənsə də onların strükturunda ümumi əlamətlər vardır. Bu ümumi cəhətlərdən «məhsuldar qüvvələr», onların xarakteri və səviyyəsidir, onlar formasiyanın təməlini təşkil edir. İctimai-iqtisadi formasiyanın bütöv bir orqanizm kimi hər şeydən əvvəl istehsal münasibətlərinin müəyyən etdiyi siyasi, hüquqi, mənəvi, bədii, fəlsəfə və dini baxışların məcmusundan və təsisatlardan ibarətdir. İkincisi, formasiyanın tərkibinə özünün meydana gəlməsi, təkamülü və sıradan çıxmasında determinasiya olunan insanların etnik birlikləri, qəbilə, tayfa və millət daxildirlər. Üçüncüsü, hər bir formasiyaya hər bir tarixi mərhələdə istehsal üsulunun hər iki tərəfi ilə müəyyən edilən ailə tipi və forması daxildir. 
Beləliklə, ictimai-iqtisadi formasiya tarixi inkişafın müəyyən pilləsində olan, spesifik iqtisadi bazisə və ona müvafiq olan siyasi və mənəvi üstqurumla, insanların tarixi birlik formaları, ailə tipləri və formaları ilə xarakterizə olunan cəmiyyətdir.
İctimai-iqtisadi formasiya haqqında təlim bəşər tarixinin vəhdəti və rəngarəngliyini anlamağa imkan verir. Tarixi prosesin vəhdəti ictimai-iqtisadi formasiyaların ardıcıl surətdə bir-birini əvəz etməsində ifadə olunurdu. Bu vəhdət həm də öz əsası istehsal üsulundan ibarət olan sosial orqanizmlərin obyektiv zərurətlə digər ictimai-iqtisadi formasiyaların bütün digər əlamətlərinin təkrarlanmasında da ifadə olunur.
Bununla yanaşı məntiqi, nəzəri və ideal olanla konkret tarixi inkişaf arasında müəyyən uyğunsuzluqlar labüd olduğundan, ayrı-ayrı ölkə və xalqların inkişafı həm də xeyli dərəcədə müxtəlifliklə fərqlənirlər. Bir ictimai-iqtisadi formasiyadan digərinə konkret keçidin də öz spesifikliyi vardır. Bir sıra ölkələrdə feodalizmdən kapitlizmə inqilabi və təkamül yolu ilə keçilməsi misal ola bilər.
Cəmiyyətin iqtisadi quruluşunu təşkil edən istehsal münasibətlərinin reallaşması, məcmusu bazis (özül, fundament) adlanır.
İstehsal münasibətlərinin reallaşması əsasında meydana çıxan ideoloji, mənəvi, hüquqi, bədii və s. münasibətlər, ictimai təsisat, təşkilat və müəssisələr isə cəmiyyətin üstqurumunu təşkil edir.

Top