Şəxsiyyət azadlığı fəlsəfi, dini, etik, sosial, siyasi və iqtisadi aspektlərə malikdir. Onun fəlsəfi aspekti insanın öz davranışlarında müstəqil olması və ya onun determinasiya olmasından ibarət olan iradə azadlığının şərhi ilə birbaşa əlaqədardır. Bununla əlaqədar determinizm və indeterminizm konsepsiyaları bir-birindən fərqlənirlər.
Determinizm (lat. müəyyən edirəm) konsepsiyası universal səbəb-nəticə əlaqələrinin insanın davranışlarının, fikirlərinin, motivlərinin müəyyən etməsindən çıxış edir.
İnderteminizm konsepsiyası isə ya mövcudluqların səbəblə müəyyən edilməsini tamamilə inkar edir, ya səbəbiyyəti şüur sahəsinə aid edir.
Azadlıq hər şeydən əvvəl, dərk edilmiş zərurətdir (qanunauyğunluqdur), ikincisi, həmin idrakın nəticələrindən əməli surətdə istifadə etməkdən, yəni işi bilməklə qərar qəbul etməkdən ibarətdir. Determinizm konsepsiyası insanın azadlığının və məsuliyyətinin olmasını qəbul və sübut etməklə onun şəxsiyyətin həyatında böyük rol oynadığını, böyük mənaya malik olmasını irəli sürür.
Şəxsiyyətin azadlığı çoxplanlı və çoxaspektlidir. Onlardan iqtisadi, siyasi və mənəvi aspektlər şəxsiyyətlə, onun cəmiyyətlə münasibətlərində çox mühümdür. Fərdlərin normal həyat fəaliyyəti göstərmələrində ən vacib azadlıq vətəndaş hüquqlarının məcmusundan ibarət olan siyasi azadlıqdır.
Şəxsiyyət azadlığının dünyagörüşünə, ideologiyaya malik olmaq və onu azad surətdə təbliğ etməkdən ibarət olan digər tərəfi mənəvi azadlıqdan ibarətdir. Mənəvi azadlıq sistemində vicdan azadlığı, etiqad etməsi və ya inkar etməsi və s.
Azadlıq şəxsiyyətin sosial statusunu xarakterizə edən tərəflərdən yalnız biridir. O, mütləq ola bilməz. Azadlığın nisbi xarakteri şəxsiyyətin digər şəxslər və bütövlükdə cəmiyyət qarşısında məsuliyyətində öz əksini tapır. Şəxsiyyətin azadlığı ilə məsuliyyəti arasındakı asılılıq proporsional nisbətdir. Cəmiyyət insana nə qədər azadlıq verirsə, insan həmin azadlıqdan istifadə etməkdə bir o qədər məsuldur.
Vətəndaş şəxsiyyət isə hər şeydən əvvəl, yaşadığı cəmiyyəti, onda baş verən hadisə və prosesləri dərk etməli, dövlətin və hüququn ona verdiyi hüquq və imtiyazlardan istifadə etməli, eyni zamanda cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməli, ondan tələb olunan vəzifələri məcburi surətdə yerinə yetirməlidir.
Suverenliyimizin tam təmin olunması uğrunda mübarizə şəraitində, bəşəri və milli dəyərlərə yiyələnmiş insan yetişdirmək cəmiyyətimizin mənəvi tərəqqisinin əsas məqsədidir.
Həmçinin bax: Şəxsiyyətin strukturu və tipləri