Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir.
Hegelin dialektikası idealist dialektika olmaqla dialektikanın ikinci mühüm tarixi formasını təşkil etmişdir. K.Marks və F.Engels tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi formasını tışkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da ola bilər. Məsələn, neqativ dialektika, antinomik dialektika, paradoksal dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur. Dialektika qarmaqarışıq, nizamsız, dövrəvi, funksional olan istənilən hərəkəti qəbul etməklə yanaşı, onların hərəkətindəki qayıtmazlığı, istiqamətliliyi, sistemin keyfiyyətcə dəyişilməsinə aparan hərəkətlərə xüsusi diqqət verir və onları inkişaf kimi xarakterizə edir. Dialektika metod olmaq etibarı ilə metodoloji funksiyaları yerinə yetirir və dialektik məntiqin prinsipləri kimi qəbul edilən bir sıra prinsipləri formula edir. Onlardan ən başlıcaları olan hərtərəflilik, istorizm və ziddiyyətlilik prinsiplərini göstərmək olar. Dünya və idrakın öyrədilməsinə dair konsepsiyalardan və ya metodlardan ən qədimi metafizikadır. Metafizika yunanca fizikadan sonra mənasını verir və o, e.ə. I əsrdə Aristotelin əsərlərinin nəşriçisi samoslu Andronikin elmə daxil etdiyi anlayışdır. O, Aristotelin varliğin və idrakın ümumi problemlərindən bəhs edən əsərlərini «Metafizika» adlandırmışdı. Metafizika təbiəti tədqiq etmək, öyrənmək metodu kimi Yeni dövr fəlsəfəsində formalaşmışdır. O, təbiəti öz tərkib hissələrinə parşalayaraq, həmin hissələrdən hər birini ayrılıqda, dəyişikliksiz və inkişafdan kənarda öyrənmək metodundan ibarət olmuşdur.
Deyilənlərdən belə ümumi nəticəyə gəlmək olur ki, dialektika hərəkət və inkişaf haqqında elm və univrsal idrak metodu olmaq etibarı ilə öz alternativlərindən keyfiyyətcə fərqlənən bir elmdir. Onun bir elmi sistem olmaqla qanun və kateqoriya aparatı, onların bir – birilə qarşılıqlı əlaqələri, nizamlılığı və sistemliyi vardır.
Həmçinin bax: dialektikanın kateqoriyaları və qanunları