Sufizmin yaranmasının ilkin mərhələsi

Sufizmin yaranmasının ilkin mərhələsi

Zöhd dövrü (zöhd - dünya malına göz dikməmək və sadə nemətlərlə yaşamağa çalışmaq. Bir növ "yemək üçün yaşamamaq, yaşamaq üçün yemək" prinsipi)

Bu mərhələdə əsasən Məhəmməd peyğəmbərin zöhdlə bağlı örnəkləri əsas götürülmüşdür. İslam peyğəmbərinin çox sadə həyat tərzi onun əsabələri üçündə örnək olmuşdur. Mənbələrə görə, ondan sonra hakimiyyətə gələn dörd böyük xəlifə də Peyğəmbərin bu ənənəsinə sadiq olmuşdur. Bu dövrdə sufi kəlməsi işlənməsədə onun yaranması üçün tarixi zəmin meydana gəlmişdir. Əshabi-suffənində təsəvvüf tarixində böyük rolu olmuşdur. Bəzi tədqiqatçılar Əshabi-suffənin təsəvvüf həyatının ilk nüvəsini təşkil etdiyi, hətta təsəvvüf sufi kəlmələrinin onlara aid olan suffə kökündən olduğunu iddia etmişlər. Onların saylarının 70 ilə 300 arası mühacir və ənsarın fəqirlərindən ibarət olduqları söylənilir. Ətraf qəbilələrdən müəllim istənildiyində Məhəmməd peyğəmbər məhz onların arasından seçib, göndərərdi. Bu səbəbdən əshabi-suffə təkyənin və mədrəsənin islam tarixində ilk nüvəsi sayılır.
Səhabələrdən sonra təsəvvüf tarixində fərqli xüsusiyyətləri ilə tanınan Həsən Bəsri, Veysəl Qarani və Ömər Əbdüləziz zöhd həyatının simvolları sayılır. Bu dövrün sufilərinin əsas səciyyəvi xüsusiyyətləri fani olan dünya malından əl çəkib zahid həyatı yaşamalarıdır. Ilk sufilərdən sayılan Həsən Bəsri də dünya neymətlərinə qiymət verməyən və dünyadan üz çevirən bir zahid idi. Bu Təsəvvüf düşüncəsi onun müasirləri Həbib Əcəmi, Məhəmməd Vasi, Malik Dindar, Əyyub Səhtiyani, Fərhad Səbahi və Əbdülvahid Zeydində dünyagörüşünə də xasdır. Bu dövrün özünəməxsusluğu ilə seçilən digər simasıda Üveys əl-Qərani olmuşdur. Peyğəmbərlə eyni əsrdə yaşadığı halda onunla görüşmə şərəfinə nail olmadığı üçün səhabədən sayılmayan, lakin rəvayət olunur ki, Peyğəmbərlə qiyabi iltifata nail olan Üveysə Məhəmməd peyğəmbər bir əba hədiyyə etdib. Bu səbəbdən zaman içində təsəvvüfdə üveysilik “bir mürşidlə görüşmədən mənəvi yolla; röya vasitəsi ilə feyz almanın” adı olmuşdur.
Bu dövrdə yaşamış əsas zahid şəxslərdən başda Əbu Haşim Sufi (ö.767) olmaq üzrə, Davud Tai (ö.777), Rəbiyyə əl-Ədəviyyə (ö.801), Fudayl İyad (ö.802), Şəqiq Bəlxi(ö.809) və Məruf Kəhri(ö.815) kimilərinin adını çəkmək olar.
Təsəvvüf və sufi kəlmələri, hicri 2-ci əsrin yarısından sonra işlədilməyə başlanmışdır. İlk dəfə Təsəvvüf tərifinidə məhz Məruf Kərhi vermişdir. O, əl-Ədəviyyə kimi, Allah sevgisini zöhdün əsası halına gətirmişdir. Şəqiq Bəlhinin tələbəsi olmuşdur. Təsəvvüfün tərifini verərkən belə demişdir “Həqiqətləri almaq, xalqın əlindəkindən ümüd kəsməkdir”. Təqva haqda isə “Təqva sahibi şəxslərin ölümü həyatdır. Elə dirilər var ki, ölü sayılırlar” demişdir. Hicri ikinci əsrin sonuna qədər olan zahidlərin zöhd həyatı daha çox tək başına yaşam tərzi idi. O dövrün gözü yaşlı, bağrı yanıq zahidləri, həyacan və hüzünlərini şeirlə dilə gətirir, dostlarına nəsihət və tövsiyələr edərdilər. Zöhdə təşviq edən ayə və hədislər, təfsir və şərh edilərək xalqa izah olunardı. Bu dövrdə Təsəvvüf terminalogiyası hələ meydana çıxmamışdı. Zöhd və Təsəvvüf ədəbiyyatı nəsr şəklində söylənmiş nəsihət və hikmətli sözlərdən ibarət idi. Sistemli mənzum və mənsur əsərlərin yazılması daha sonrakı dövrlərə təsadüf edir. Təsəvvüfün təməlini meydana götirən sevgi və eşqdən çox, hüzün və qorxu ön planda idi.
Bu əsrdə tanınan məhşur sufilər bunlardır: Mədinədə, Səid Müsəyyəb, Kufədə, Tavuz Keysan, Səid Cübeyr, Mənsur Ammar, Sabir Xəyyan və Rəbi Heysəm. Ilk dəfə sufi ləqəbi ilə anılanlar əsasən Kufədən çıxmışdır. Əbu Haşim Sufidə Kufədən olmuşdur.
Avropada sufizmin taninmış ilk nümayəndəsi Rəbiyyə əl-Ədəviyyə olmuşdur. Bəzi tədqiqatçıların fikrincə eşq konsepsiyasının banisi də məhs Rəbiyyə əl-Ədəviyyədir. Bu qadın qul olmuş və ağası onun Allaha olan bağlılığını və bütün günü dualar etdiyini görüb Rəbiyyəni azad etmişdir. Rəbiyyə deyərmiş: “Allahım, əgər mən Cənnətə düşmək üçün Səni sevirəmsə. Cəhənnəmə göndər məni. Əgərbu dünyada Səndən yaxşılıqlar umduğum üçün Səni sevirəmsə, bəlalar göndər mənə. Mən səni sənin özünə görə sevirəm, onun üçündə bir mükafat istəyirəm. Əsirgəmə gözəlliyini məndən qoy həmişə ona baxım”. Rəbiyyə Allah sevgisinə əngəl olan hər şeyi Haqqa pərdə kimi qiymətləndirirdi.
Onuda qeyd edim ki, bu ilkin dövrdə yaşamış sufilər gələcəkdə yaranan böyük bir hərəkatın pionerləri idilər. Bu insanları örnək götürən ardıcilları isə onların konsepsiyasını inkişaf etdirərək, daha da mükəmməlləşdirməyə çalışacaqlar.

Bu yazı "Təsəvvüf tarixi" kitabına əsaslanaraq tərtib olunmuşdu.

Top