Od işarəsidir. Yupiterin himayəsi altındadır. Təmkinlidir. Təbiətcə filosofdur. Yupiter xoşbəxtlik və firavanlıq planetidir, OXATAN işarəsinə hamilik edir. OXATANIN rəmzi gözəl və çoxmənalıdır məchul bir nöqtəni nişan alan kentavrdır. Bu kentavr OXATANIN ikiləşməsinə səbəb olur: OXATAN bir tərəfdən, çox inkişaf etmişdir, digər tərəfdən, primitivdir. İkinci tip OXATAN sivilizasiyanı sevmir. Böyük həyati qüvvəyə malikdir. Çox fəaldır, qadınların xoşuna gəlir, adamları ardınca aparmaq istedadı vardır. Cəsurdur, sərbəstdir, kobuddur, macəraları və igidlikləri xoşlayır.
Bu, dənizçi, əsgər, dəniz qulduru, avantürist, sərsəri tipidir. Birinci tip isə alim, siyasətçi, mütəfəkkir tipidir.
O da mübarizdir, lakin onun mübarizə meydanı laboratoriya, kabinet, kafedra və ya tribunadır. Onun da qəlbində səyahətlərə çıxmağa və sərsərilik etməyə, riskə getməyə və avantüraya əl atmağa həvəs vardır. O, gözəl arxeoloq, etnoqraf, tədqiqatçı və fotoreportyordur. Şux və mehriban xasiyyətinə baxmayaraq bəzən əlçatmaz zirvələrin həsrəti ilə çırpınır. Yer ona kiçik görünür, çox vaxt nə istədiyini bilmir. Bu tip uzun ömür sürmür, nadir hallarda yorğan-döşəkdə ölürlər.
QADIN-OXATAN. Bu işarə altında dünyaya gələn kişilər kimi, qadınlar da iki tipdir: birinci tip oğlan xarakterində olan qadındır. Dünyada hər şeydən çox hərəkəti və idmanı sevir. Nikaha və ailə həyatına böyük çətinliklə uyğunlaşır. Dəlisov, müstəqil və sərbəstdir. Öz gümrahlığı, çevikliyi və işgüzarlığı sayəsində hər hansı peşədə müvəffəqiyyət qazanır. İkinci tip müstəqil düşüncəli, kübar, ehkamlardan azad qadındır. İncəsənəti, kitabları, istedadlı adamları xoşlayır. Hər işi məharətlə görür. Orijinal və qeyri-adi insandır.
İşarələrin qarşılıqlı münasibətləri: QIZ, BALIQLAR, ƏKİZLƏR ilə ittifaq uğurludur. İlk baxışdan qəlbində BUĞAYA məhəbbət və ya rəğbət oyanır. Nikah ahəngdardır. OXATANIN QOÇA meyli güclüdür. Bu işarələr arasında ümumi cəhətlər çox olsa da. onların ittifaqı uğursuzdur. OXATANIN müstəqilliyə hədsiz can atması XƏRÇƏNGƏ çox bəlalar gətirir. Lakin OXATAN elə bir həyati qüvvəyə malikdir ki, bu qüvvə XƏRÇƏNGİ cəzb edir və dəyişdirir. Səmimilik, tez qızışmaq və düzlük OXATAN işarəsini ŞİR işarəsi ilə doğmalaşdırır, onların arasında temperament və xarakter oxşarlığı vardır. Onların ittifaqı çox uğurludur. OXATAN ilə QIZ arasında güclü fiziki cazibə olsa da, onların ittifaqı uğursuzluğa məhkumdur. TƏRƏZİ ilə OXATAN arasında asanlıqla möhkəm və uğurlu nikah yaranır. ƏQRƏB və OXATAN işarələri altında qarşılıqlı hörmət vardır. Onların dostluğu və əməkdaşlığı uğurludur. OĞLAQ ilə OXATANIN ümumi mənafeyi çoxdur. OĞLAĞIN ciddiliyi OXATANIN diribaşlığı ilə həmahəngdir. Fiziki cazibə yarandıqda nikah uğurlu ola bilər. Hər ikisi çevik və fəal olan DOLÇA və OXATAN bir-birinə rəğbət bəsləyirlər. Onların arasında nikah çox ahəngdar xarakter daşıyır. Savaşmanın yeganə mümkün səbəbi OXATANIN hərdəmxəyal olmasıdır. OXATAN ilə BALIQLAR arasında çox böyük ziddiyyətlər vardır. Güclü fiziki cazibəyə baxmayaraq bu ittifaqlar nadir hallarda uğurlu olur.