Bir gün Şaqqulu bəy Naxçıvanın Sədərəyindən Ordubada gəlir.Bu zaman əriyin yetişmiş vaxtı olur. Ordubad bağları özünün əriyi ilə məşhurdur. Yarpaqların arasından əriklərin qırmızı yanaqları ötüb keçənə göz vurur. Şaqqulu bəy ərik bağına baxa-baxa qalır. Nəhayət, bağbanı yanına çağırıb deyir:
— Mənim üçün Sədərəkdə belə bir bağ sala bilərsənmi?
Bağban deyir:
— Salaram, ancaq, sənə xeyiri olmaz.
Bəy deyir:
— Mənə xeyiri olmaz, məgər sənə xeyri olarmı?
Payızda Ordubaddan ting ağaclarını ata yükləyib Sədərəyə göndərirlər. Bağban Sədərəkdə böyük bir bağ salır. Yayın axırında bağban Sədərəyə gəlir.
Bəy deyir:
— Mənim əriklərim Ordubaddakı əriklərdən ucadır, qollu-budaqlıdır, yarpaqları daha enlidir.
Bağban deyir:
— Bağın gözəl bağdır — kölgəlik üçün, ancaq ağacların bar gətirməyib kal qalıb.
Şaqqulu bəy deyir:
— Qoy desinlər, Şaqqulu bəyin də bağı var, alması yox, heyvası yox, narı yox.