Rusiyanın Krasnodar vilayətinin kəndlərindən birində bir uçurum var. O uçurumun üstündə də bir qala var. Qalanın adı «Məhəbbət və Məkr»-di.
Deyilənlərə görə, o qalada bir xan yaşayırmış. Bu xanın da çox gözəl bir qızı varmış. Bu qız kəndin gənc çobanını sevirmiş, çoban da bu qızı.
Sevgililər gizli-gizli görüşərlərmiş. Bir-birilərini o qədər çox sevirlərmiş ki, qovuşmayacaqları təqdirdə özlərinii öldürmək barədə qərara gəlmişlər.
Nə isə, aradan bir müddət keçir. Qonşu vilayətin xanının oğlu bu qıza elçi düşür. Qızın atası da tərəddütsüz qızını xan oğluna verməyə razı olur.
Qız isə bununla razılaşmır əlbəttə, lakin, heç vaxt da bir çobanı sevdiyini deyə bilmir. Çünki atası bunu bilsə, o çobanı öldürərdi.
Nəhayət toy günü gəlib çatır. Həyətdə toy davam edərkən qız öz sevdiyi oğlanın yanına qaçır. Sevgililər qovuşmayacaqlarını anlayırlar və özlərini öldürmək üçün o sıldırım qayanın kənarına gəlirlər. İlk olaraq oğlan özünü qayadan atır, bədəni daşlara, qayalara çırpılaraq parçalanır. Bunu görən qız ölümdən çox qorxur. Fikirləşir ki, bu vəziyyətə düşməkdənsə xan oğluna ərə getmək daha yaxşıdır. Toy davam edərkən gizlicə evə qayıdır və xan oğluna ərə gedir.
Bundan sonra da qadınlara birinci yol vermək ənənəsi başlayır.
© Günel İmanova