Bu ifadə əslində qoşqu heyvanları ilə rəftarla əlaqədardır.Adətən arabaya qoşulmuş öküz və kəlləri həm eniş enərkən,həm də yoxuş çıxarkən “ho-ha,ho-ha” ilə səslərlər.Fərq ancaq bu sözün necə tələffüz edilməsindədir.İctimai məzmunu isə aşağıdakı əhvalata daha uyğundur.
Padşah yuxuda görür ki,bütün dişləri tökülmüşdür.Səhər bütün saray ağsaqqallarını və münəccimlərini yığıb bu yuxuya tədbir görmələrini tapşırır.Münəccimbaşı bir qədər fikirləşib deyir:
-Padşah sağ olsun,dişlərinizin hamısının tökülməsi sizin gözləriniz önündə bütün oğul-uşağınızın,arvadınızın və qohum-əqrabınızın can verib öləcəyini göstərir.
Padşah bu sözlərdən çox qəzəblənərək münəccimbaşının boynunu vurdurur.Lakin,yuxu onu rahat burxamır,bir neçə gün keçdikdən sonra baş vəziri çağırıb,həmin yuxuya tədbir tökməsini tələb edir.
Baş vəzir çox ağıllı adam imiş.Bir qədər fikirləşdikdən sonra münəccimbaşının ifadə etmək istədiyi fikri aşağıdakı şəkildə deyir:
-Padşah sağ olsun,sizin ömrünüz bütün qohum-qardaş və oğul-uşağınızın ömründən uzun olacaqdır.
Bu sözlər padşahın xoşuna gəlir və o,vəzirə ənam verir.
Buna görə də eyni fikrin müxtəlif şəkildə ifadə oluna bilməsini göstərmək məqsədilə: “ho-ha var dağa çıxardar,ho-ha var dağdan endirər” deyirlər.
Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.