Yol böyüyün, su kiçiyin

Yol böyüyün, su kiçiyin

Azərbaycan dilində tez-tez istifadə edilən məsəllərdəndir. Bu məsəldən, əsasən, hörmət, ehtiram bildirmək, izhar etmək lazım gəldiyi vaxt istifadə olunur. İlk baxışdan hiss olunur ki, məsəl iki hissədən ibarətdir və məsəlin ikinci hissəsi birinci hissəsi ilə qarşılaşdırılır. Bu onunla bağlıdır ki, məsəlin birinci hissəsində (Yol böyüyün) işlənən böyük sözü ilə, ikinci hissədə (Su kiçiyin ) işlənən kiçik sözü bir- biri ilə antonimdir.

Məsəli şərh etməyə çalışaq. Əgər məsəldəki yol sözünün müstəqim mənadan başqa həm də məcazi mənada işlənərək "ədəb-ərkan" mənasını da özündə ehtiva etdiyini qəbul etsək, bu tamamilə məntiqə uyğun görünər. Doğurdan da , yol göstərmək , ədəb- ərkanlı olmaq, böyük-kiçik yeri bilmək böyüklüyün, ululuğun əlamətidir. Bu , danılmaz bir həqiqətdir! Onda ortaya belə bir sual çıxır: su nəyə görə kiçiyin olmalıdır? Nəyə görə yemək yox, su kiçiyin olmalıdır? Bu suallara cavab vermək, bu sualları verməkdən qat- qat çətindir. Belə bir fikir deyilə bilər ki, uşaqlar dözümsüz olurlar. Ona görə də su kiçiyin olmalıdır. Bu fikir həqiqətə uyğun gəlmir. Elm çoxdan sübut etmişdir ki, uşaqlar böyüklərdən, qocalardan aclığa və susuzluğa qarşı daha dözümlüdürlər. Deməli, məsəlin ikinci hissəsi məntiqə uyğun gəlmir və birinci tərəfin də məntiqə uyğunluğunu şübhə altına alır.

Məsəlin antonim sözlər əsasında - yəni xüsusi poetik fiqur özülündə qurulduğunu nəzərə alıb, məsəldəki yol su sözlərinin də bir -birinə antonim olmasını gözləməliydik, lakin bu belə deyil . Bu iki söz antonim deyil. Buna görə də "Yol böyüyün , su kiçiyin" məsəlinin məntiqsiz olduğunu iddia etmək olar. Amma...

XV -XVI əsrlərə aid olan atalar sözləri və məsəllər toplusu olan "Oğuznamə" də bu məsəl belə qeyd edilib : " Söz böyüyün , suç kiçinin ". Doğurdan da söz söyləmək, yol göstərmək , nümunə olmaq böyüyün, səhv etmək, suç işlətmək kiçiyin işidir. Təbii ki, zamanla suç sözü dilimizdə arxaikləşmiş və yerini fars dilindən keçmiş  günah sözünə vermişdir.

Mənim fikrimcə , " Oğuznamə" qeydə alınan variant (  Söz böyüyün , suç kiçinin) bu məsəlin ilkin variantı deyil. Bu iki variant əsasında məsəlin ilkin variantını bərpa etmək olar. Məsəl belə olmuşdur:" Yol ulunun, suç kiçinin" . Məsəlin bu şəkildə bərpa olması düzgün sayıla bilər.

Beləliklə, aydın olur ki, məsəl antonimlər əsasında qurulub, Suç sözünün arxaikləşməsi nəticəsində indiki vəziyyətə düşmüşdür.

Müəllif: f.e.d M.Qıpçaq  Söz aləminə səyahət " kitabı

Top