Dilimizdə istifadə edilən məsəllərdən biri “ Qurd ilə qiyamətə qalmaq” ifadəsidir. Bu ifadənin Azərbaycan dilində çox qədim zamanlardan işləndiyini güman etmək mümkündür. İfadənin işləndiyi xüsusi məqamlar var. Belə ki, bu ifadə əbədilik, uzunömürlülük mənasında işlənir.İfadənin meydana çıxmasında türk mifologiyasında geniş yayılmış bir mifoloji süjet əsas rol oynayır. Bu , boz qurdla bağlı süjetdir. Həmin mifə görə, yer üzündə qiyamət günü tufan qopacaq.
Tufan elə bir dəhşətli gücə malik olacaq ki, yer üzərindəki bütün canlıları məhv edəcək. tufanın gücünə tab gətirməyən ağaclar kökündən qopacaq , dağlar, təpələr düzənliyə çevriləcək. İnsanlar da digər canlılar kimi məhv olacaq.
Canlı adına yer üzündə ancaq boz qurd qalacaq. Tufan bu mübarək məxluqun dərisini soyacaq , tufanın güc gəldiyini görən qurd ayaqlarını güclə yerə diriyəcək və tufana tab gətirə biləcək. Məhz bu zaman mübarək boz qurd öz gücünün nəyə qadir olduğunu dərk edəcək. Bu mif türklərin boz qurdun əbədiliyi haqqında yaratdığı əbədiyyət salnaməsidir.
Azərbaycan dilində işlənən “ Qurd öz gücünü bilmir, yoxsa dünyanı dağıdar” ifadəsi məhz bu mifoloji süjetdən qıdalanır.
Burada bir məsələni də qeyd etmək istərdim ki, “ Qurd ilə qiyamətə qalmaq” ifadəsi ilə yanaşı “ Qarı ilə qiyamətə qalmaq”ifadəsi də işlədilir. Amma bu iki ifadənin eyni mənbədən qaynaqlandığını söyləmək mümkün deyil. “ Qurd ilə qiyamətə qalmaq” ifadəsinin türk mifik təfəkkürünün məhsulu olduğunu yuxarıda qeyd etdik. “
Qarı ilə qiyamətə qalmaq” ifadəsi isə Nuhun tufanı haqqındakı miflə birbaşa bağlıdır. Həmin rəvayətdə göstərilir ki, Nuh peyğəmbər yaşadığı yerdə həddindən artıq dindar bir qarı yaşayırmış. O qarının tufanın baş verəcəyindən xəbəri yox imiş. Həmişə evində yun əyirib, bazarda satmaqla dolanırmış. Bu dəfə də qarı yun alıb, evə gətirib onu əyirməklə məşğul olurmuş. Bu hesablar qarı 7 gün evdən bayıra çıxmayır. Məhz həmin 7 gün ərzində tufan qopur, hər yan məhv olur, tək- tək adamlar dağların başına qalxıb xilas olur. Tufan sakitləşdikdən sonra camaat yerə enir və qarını salamat görüb təəccüblənirlər. Qarı da söyləyir ki, 7 gün evdən bayıra çıxmamış, yun əyirmişdir. Yunun bir qədər nəmləndiyini o da hiss edib. “ Qarı ilə qiyamətə qalmaq”ifadəsi bu əsasda meydana çıxmışdır. Burada Nuhun tufanı ilə Qiyamət məsələsi qarışdırılmışdır. Nəzərə alsaq ki, qurd və qarı sözləri fonetik baxımdan bir- birinə yaxındır, bu sözlərin əvəzlənməsi təəccüb doğurmur.
Müəllif: f.e.d M.Qıpçaq " Söz aləminə səyahət " kitabı