Bir xəstəni yoxlamağa gedən kar,qulağının ağır eşitdiyini nəzərə alaraq öz verəcəyi sualları və təqribən alacağı cavabları əvvəlcədən fikirləşib öz-özünə düşünür: "Mən xəstəni yanına girib salamlaşdıqdan sonra ondan özünü necə hiss etdiyini soruşacağam.Yəqin ki,o vəziyyətinin yaxşı olduğunu söyləyəcək.Mən cavabında: "olsun-olsun,şükür Allaha,bəs sənin yanına hansı həkim gəlib-gedir?" deməliyəm.Sözsüz ki,o həkimin adını çəkərkən mən "qədəmi xoş olsun,əli yüngül olsun!"-deməliyəm.
Kar belə fikirləşə-fikirləşə gəlib xəstənin yanına çatır.Salam verdikdən sonra soruşur: -Ay qardaş,olmasın azar,necəsən? Xəstə ağrıdan üz-gözünü turşudub deyir: -Ölürəm ay dost,deyəsən vaxtıım çatıb! Kar üzündə şadlıq əlaməti yaradıb tez deyir: -Olsun,olsun,əzizim.Allaha şükür.Bəs yanına hansı həkim gəlib-gedir? Xəstə gözləmədiyi bu sözlərdən daha da acıqlanıb deyir: -Kim gələcək,Əzrayıl! -Ayağı yüngül olsun,-deye kar çığırır.-Bəs nə yeyirsən? Əsəbiləşib özündən çıxmış xəstə cavab verir: -Zəhrimar,nə yeyəcəyəm. Kar: "Nuş can olsun" deyib öz vəzifəsini bitmiş hesab edərək tez xudahafizləşib xəstənin yanından çıxır və beləliklə öz könlündə tutduğu fikirlərlə hərəkət edərək həm özünü gülünc vəziyyətə salır,həm də başqalarını əsəbiləşdirir. Şəraitin dəyişməsi ilə hesablaşmayaraq əvvəlcədən özü üçün müəyyən etdiyi qaydadan əl çəkmək istəməyən adamlar haqqında danışarkən və başqa münasib hallarda bu məsəldən istifadə olunur:karın könlündəki. Mənbə: "Rəvayəti ifadələr" kitabı,B.A.Hüseynov