Bağda ərik var idi...

Bağda ərik var idi...

Bu məsəl tam şəkildə aşağıdakı dörd misralı şeirdən ibarətdir:

Bağda ərik var idi,

Salam-əleyk var idi,

Bağda ərik qurtardı,

Salam-əleyk qurtardı.

Bağında əriklərin yetişdiyi vaxt tez-tez bağbanın yanına gəlib-gedən,onunla “dostluq edən” yalançı dostlar ərik qurtaran kimi bağdan ayaqlarını,bağbanla isə haqq-salamı kəsirlər.

Geniş yayılmış bu məsəldən,var-dövlətə,ad-sana,mənsəbə malik olan adama çoxlarının özünü dost kimi göstərdiyini,var-dövlət və mənsəb əldən getdikdən sonra isə heç kimin məhəl qoymadığını,hətta salam belə vermədiyini,yəni bəzi adamlarda səmimiyyət,qərəzsiz dostluq münasibəti olmadığını göstərmək məqsədilə istifadə edilir.Məsəli işlətmək asan olsun deyə adətən onun ilk bir və ya iki misrasını tələffüz edirlər.

Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov

Top