Televiziya aparıcısı

Televiziya aparıcısı

XX əsrin möcüzəsi sayılan televiziya XXI-ci əsrə möhtəşəm inkişaf sürətilə qədəm qoydu. Etiraf edək ki,biz bu gün qlobal internet sisteminin kommunikasiya qüdrətindən nə qədər danışsaq da, hələlik televiziya öz təsir gücünü göstərməkdə davam edir.
Qəzet jurnalistindən fərqli olaraq telejurnalistin materialı kollektiv əməyin məhsuludur. Bu məhsulun meydana gəlməsində jurnalistin, rejissorun, operatorun və bir çox digər əməkdaşın birgə səyi var.Bu sırada teleaparıcının rolunu xüsusi qeyd etmək lazımdır.
Televiziyanın sürətli inkişaf prosesində diktor peşəsindən aparıcılığa keçid xeyli dərəcədə ləng baş verib.Xüsusilə kommunist ideoloji maşını rolunu oynayan və dəmir senzura şəraitində fəaliyyət göstərən sovet televiziyasında hakimiyyət birmənalı olaraq jurnalist mətninə heç bir əlavə etmək ixtiyarı olmayan diktor institutuna etibar edib. Qərb teleməkanında çoxdan formalaşmış teleaparıcı peşəsi postsovet televiziya məkanına yalnız sovetlərin studiyasından sonra ayaq açıb. Deməli, aparıcı demokratik dövrün doğurduğu faktdır.

Əlbəttə, diktorluq özü də çox ciddi peşəkarlıq tələb edən peşədir. Lakin bu peşə televiziyada artıq keçilmiş mərhələdir. Bu gün tamaşaçı ona isti,səmimi,kommunikativ,interaktiv münasibəti ilə diqqəti çəkən teleaparıcını öz evində doğma, inandığı, etibar etdiyi adam kimi qəbul edir.
Teleaparıcılıq peşəsi televiziyada xüsusi yer tutur.

Aparıcı anlayışı televiziya jurnalistikasında bir çox proqramı təqdim edən jurnalisti nəzərdə tutur. Aparıcının dili,üslubu səlis,anlaşıqlı olmalıdır. Televiziyada xəbərlər,tok-şou və s. proqramların aparıcıları var.Bu sırada ən ciddi və məsuliyyətli yerlərdən birini xəbər proqramlarının aparıcısı tutur. Bizim dövrümüzdə bu aparıcılar cəmiyyətdə tanınan, ictimai rəydə olan peşəkar jurnalistlərdir. Televiziyada hər bir proqramın xüsusi tamaşaçı auditoriyası olduğu halda, informasiya proqramlarına sosial təbəqələrin hamısının marağı var. Xəbər aparıcısı informasiya proqramının efir sahibidir. Prioritet xəbərin müəyyən edilməsindən tutmuş xəbərarası anons və təqdimatlara qədər hər şeyə cavabdehlik daşıyır.

Tok-şou aparıcısı diqqət və maraqla dinləməyi,səmimi şəkildə heyrətlənməyi,empatik hisslər-rəğbət hissləri keçirməyi,hər cür mövzunu maraqlı etməyi bacarmalıdır. Dünya tok –şou təcrübəsində: Donahyu(ABŞ),Opra Uinfri(ABŞ),Heraldo Rivere(ABŞ),Salli Cessi Rafael (ABŞ),Vladimir Pozner (Moskva), və s. kimi aparıcılar var. Yuxarıda adını çəkdiyimiz Opra Uinfri, gülərüz dolu,aktiv,heyrətamiz gülüşə malik zənci qadındır, Amerikanın ən çox qiymətləndirilən jurnalistidir. Onun tok-şousu əsl jurnalistikadır. Rusiyanın “REN-TV” kanalında bunun şahidi olmaq mümkündür.
Poznerin qəmli gözləri şən əhval-ruhiyyə vəd etməsə də,qalan əlamətlər tok-şou üçün yaralıdır: qonaq,studiyada auditoriya,ekspertlər və “ dəmir” ssenari. Həmsöhbətlərin improvizəsini Pozner özünə lazım olan istiqamətə yönəldir, yəni tərbiyəvi nəticə əvvəlcədən hesablanır.
Vladimir Pozner
Televiziyanın ən əsas xüsusiyyəti –televiziya ünsiyyətinin inandırıcı,etibarlı olmasıdır.Televiziyanın texnoloji imkanları tamaşaçıda iştirakçılıq, dialoq yaratmaq və etibarlılıq effekti yaradır.
Televiziya ünsiyyətinin geniş auditoriya kütləsi ilə effektliliyi, teleaparıcıların şəxsi imici ilə müəyyən olunur. Teleaparıcının kimliyi çox vacib faktordur,çünki ekran qarşısında oturan tamaşaçı ona çatdırılan informasiyanı həmin şəxslə vəhdətdə qəbul edir. Nəzərə alaq ki, informasiyanın qavranılması o qədər də asan məsələ deyil və hələ bütün dünyada informasiyanın təqdim olunması prosesi tam işlənilməyib. Ekran qarşısında insanın qavrayışı indivüdal xarakter daşıyır. Lakin qeyd edək ki, bütün tamaşaçılara təsir edən ümumi tendensiyalar var.


Tədqiqatlar zamanı məlum olub ki, auditoriya aparıcıları xarakterizə edərkən daha çox mimika, plastika, jestlər ,ümumi harmoniya, saçların rəngi, sifət quruluşu gözlər və əllərə diqqət yetirir. Ümumiyyətlə tamaşaçıların əksəriyyəti nitqin məzmununa deyil, verbal elementlərə reaksiya verir.( gülüş, mimika, jestlər, ünsiyyət maneraları). Onu da qeyd edək ki,diktor-təkcə mikrofon qarşısında oxuyan insan deyil, həm də öz inandırıcı danışığı ilə tamaşaçıya təsir etməyə çalışan şəxsiyyətdir. Televiziya –model və gözəllik yarışması deyil. Hər hansı bir verilişin uğurlu alınması üçün teleaparıcının biliyi, professional hazırlığı, qabiliyyəti və individuallığı,daxili keyfiyyətlərindən asılıdır.
Teleaparıcının intellektual qabiliyyəti, erudisiyası, ağlı, təhsili, səs tembri və özünəməxsus imijinin olması çox vacib şərtdir. Ən əsası isə aparıcının təkrarolunmazlığıdır. İnformasiyanın tamaşacıya catdirilması, onun keyfiyyətindən, səviyyəsindən daha cox, teleaparıcının şəxsi keyfiyyətindən aslıdır. Teleaparıcı tamaşaçı ilə ünsiyyət yaratmalı, tamaşaçıda belə bir təsəvvür yaratmalıdır ki, guya o, onları görür və əhval-ruhiyyələrini, istəklərini duyur.
Televiziya verilişləri arasında- informasiya proqramlarında xoş xəbərlərdə səs tonu bir qədər qalxmalı, nəfəsin dərinliyi dəyişməlidir. Elə həmin vaxt bəd informasiya səs tonunun düşməsini tələb edir, bu vaxt həmçinin ifadələrin sürəti ləngiməlidir. Teleaparıcı empatik keyfiyyətə-yəni rəğbət keyfiyyətinə malik olmalıdır. Tamaşaçı bu səs dəyişikliyini hiss etməyə bilər, ancaq onun qavradığı informasiyanın mənasının gücləndirilməsinə bu dəyişiklik təsir edir. Deməli, aparıcının səsi çox güclü emosional yük daşıyır. Materialın çatdırılmasında kiçik ehtiyatsizliq informasiyanın qəbul edilməsini çətinləşdirir. Aparıcı özü jurnalist xüsusiyyəti ilə yanaşı, aktyorluğu da bacarmalıdır.

Bi- bi –Si nin sifarişi ilə psixoloqların apardığı eksperimentin nəticələri çox maraqlıdır. Görkəmli ingilis şərhçisi Pobin Dey bir mövzuda iki variantda çıxış hazırlayıb. Bir variant başdan ayağa yalan, ikincisi isə düzgün informasiya olub. Hər iki variant 3 formada təqdim edilib. “ Deyli Teleqraf ” qəzetində Bİ-Bİ-Si radiosunda Və “ Mir zavtra ” informasiya verilişində oxuculardan, dinləyicilərdən və tamaşaçılardan hansı varıantın düzgün olduğunu cavablandırmağı xahiş edirlər. 31,5min adam sorğuda iştirak edir. (Bu psixoloqlar üçün çox böyük rəqəmdir.) Düzü və yalanı fərqləndirənlər- 73,3 % radiodinləyicilər, 63,2% oxucular, 51,8% televiziya tamaşaçıları olmuşdur.
Deməl, televiziyanın təbiəti elədir ki, yalan və düz onun məlumatında praktik olaraq ayırd edilmir. Necə deyərlər, bacarıqlı yalançı bilir ki, həmsöhbətinin gözünün içinə baxmalıdır.
Teleaparıcının ən vacib xüsusiyyətlərindən biri də odur ki,o,gördüyü işdən zövq alsın,onu sevə-sevə yerinə yetirsin.
Mütəxəssislər teleaparıcının cazibədarlığında,baxımlılığında bu keyfiyyətləri vacib sayırlar:
1.Sağlam görünüş
2.Üz cizgilərinin harmoniyası
3.Gözəl saçlar
4.Şux qamət
5.Ağ,düz və sağlam dişlər
6.Yatımlı səs
7.Mənalı jestlər
8.ağıl
9.İnam və görkəm
Doğrudan da,televizoru yandıranda ilk növbədə teleaparıcının xarici görünüşü diqqəti cəlb edir.Adətən biz teleaparıcının səsinə yüngülcə qulaq asdıqda,onun səsinin tonunu, tembrini üzü ilə, jestləri ilə uyğunlaşdırmağa çalışırıq. Beləliklə, teleaparıcının imicinin və baxımlılıq effektinin əldə olunması üçün izləyicinin televiziyanı qavrama məntiqini əsas tutulmalıdır.
  • Sağlam görünüş.
  • Televiziya aparıcıdan böyük,emosionallıq, ağıl və fiziki sağlamlıq tələb edir. Sağlam görünüş izləyiciyə optimizm və müsbət enerji ötürür.
  • Üz cizgilərinin harmoniyası informasiya proqramlarında, xəbər buraxılışlarında işləyən aparıcılarda daha önəmlidir. Statik,hərəkətsiz vəziyyətdə oturmuş aparıcının üzünə daha çox diqqət yetirilir, çünki bu aparıcı adətən iri planda göstərilir.
  • Müəllif, şou və digər proqramların da aparıcıları həmçinin kəskin hiss olunan qüsurlardan uzaq olmalıdırıar.
  • Sağlam dişlər də vacibdir. Bu teleaparıcıya yeri gəldikdə gözəl gülümsəməyə də imkan verir.
  • Gözəl səs-aparıcı üçün ən vacib vasitədir. İmicin yaranmasında səs ciddi rol oynayır.
  • Jestlər də çox böyük informasiya daşıyıcısıdır.
Aparıcı ensiklopedik biliyə malik olmalı, insanları tanımalı, ədəbiyyatı,sənəti, informasiyanın mənbəyini bilməlidir. Hər mövzuya uyğun assosiativ təfəkkürü və iş təcrübəsi olmalıdır.

Ağıllı aparıcı həmişə izləyici üçün böyük maraq kəsb edir. Güclü təxəyyül, inprovizə qabiliyyəti, qeyri-standart fikirlər,tez reaksiya vermək qabiliyyəti-bütün bunlar teleaparıcı üçün əhəmiyyətli xüsusiyyətlərdir.
İnamlı görünüş-televiziya üçün çox qiymətli keyfiyyətdir. Teleaparıcı efirdən danışdığı mövzuya öz səmimi münasibətini nümayiş etdirməlidir.
İnsanlara qarşı diqqətsizlik efiri gözdən salan əlamətdir. Yaradıcı prosesin pis təşkil edilməsi, verilişin formasının, yaradıcı briqadanın düz seçilməməsi ,yaxud pis təşkil olunmuş yaradıcı iqlim də efirdə xoşagəlməz hallar yaradan faktlardandır.
Televiziya aparıcıları geniş tamaşaçı auditoriyasına çox böyük təsir edir. Odur ki, hörmətli tamaşacılar,aparıcılıq heç də asan iş deyil. Biz hər zaman bu böyük məsuliyyəti dərk edir və geniş auditoriya qarşısında səmimi,diqqətli,insanlara xeyirxah münasibətdə olmağa çalışırıq.
Müəllif: Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızı
Top