Beynəlxalq "Pablik Rileyşnz" Assosiasiyası

Beynəlxalq "Pablik Rileyşnz" Assosiasiyası

1949-cu ilin noyabrında PR üzrə iki holland və dörd ingilis mütəxəssisi Londonda toplaşmışdılar. Müzakirələr zamanı PR üzrə bir beynəlxalq cəmiyyətin yaradılması ideyası ortaya çıxdı. Təklif edildi ki, bu cəmiyyət PR sahəsində xidmətlərin səviyyəsinin yüksəldilməsi və praktik PR-la məşğul olan mütəxəssislərin peşəkarlığının artırılması ilə məşğul olsun.

London görüşünün davamı olaraq, 1950-ci ilin martında Böyük Britaniyanın, Niderlandın, Fransanın, Norveçin, ABŞ-ın PR mütəxəssisləri Hollandiyada yeni bir toplantı keçirdilər. Bu görüşdə qəbul olunmuş bəyannamədə deyilirdi ki, PR sənətində peşə ixtisasını artırmaq, etik normaları bərqərar etmək məqsədi ilə, habelə beynəlxalq informasiya mübadiləsinin və əməkdaşlığın vacibliyini nəzərə alaraq, iştirakçılar PR üzrə Beynəlxalq Assosiasiya yaratmaq qərarına gəlmişlər.

Öncə müvəqqəti beynəlxalq komitə yaradıldı və növbəti beş il ərzində dünya PR-menləri hər dəfə bir ölkədə olmaqla daha beş iclas keçirdilər.

BPRA 1955-ci il mayın 1-də yaradıldı. Təsis toplantısında Assosiasiyanın Nizamnaməsi təsdiq edildi və İdarə heyəti seçildi. 1964-cü ildə BMT, bir neçə il sonra isə YUNESKO BPRA-nı rəsmi olaraq tanıdı.

Bu gün BPRA ictimaiyyətlə əlaqə sahəsində yüksək normaların bərqərar olmasına yardım göstərən beynəlxalq nüfuza malik peşəkar təşkilatdır. Assosiasiyanın konqresləri üç ildə bir dəfə keçirilir. Hər konqresdən sonra PR problemləri üzrə "qızıl məruzə"" müəyyənləşdirilir və ayrıca kitabça şəklində nəşr olunur (məsələn, "PR və təbliğat - dəyərlərin müqayisəsi"" məruzəsi).

BPRA-da üzvlük üçün PR sahəsində beş illik təcrübə lazımdır. Hazırda BPRA-nın üzvlərinin sayı 800-dən çoxdur. Təşkilat öz sıralarında 65 ölkənin nümayəndələrini birləşdirir. BPRA pablik rileyşnz sahəsində çalışan fərdlərin assosiasiyası olsa da, PR üzrə milli assosiasiyalar və regional federasiyalarla sıx əlaqədə işləyir.

BEYNƏLXALQ PABLİK RİLEYŞNZ ASSOSİASİYASININ PEŞƏKAR DAVRANIŞ KODEKSİ

(1961-ci ilin mayında Venesiyada qəbul olunmuşdur və Assosiasiyanın bütün üzvləri üçün məcburi sayılır)

A. Şəxsi və peşəkar düzgünlük

Şəxsi düzgünlük dedikdə, yüksək mənəvi keyfiyyətlərə və yaxşı reputasiyaya malik olmaq nəzərdə tutulur. Peşəkar düzgünlük isə BPRA-nın Konstitusiyasına, qaydalarına və xüsusilə bu kodeksə əməl olunması kimi başa düşülür.

B. Müştərilər və əməkdaşlarla münasibətlər

  • 1. BPRA-nın hər bir üzvünün ümdə vəzifəsi - keçmiş və indiki müştərilərlə və əməkdaşlarla ləyaqətli münasibətlər saxlamaqdır.
  • 2. BPRA-nın üzvü konfliktə girmiş və ya rəqabət aparan tərəflərdən birinin mənafeyini bütün maraqlı tərəflərin razılığı olmadan təmsil edə bilməz.
  • 3. BPRA-nın üzvü keçmiş və indiki müştərilərinin, əməkdaşlarının ona etibar etdiyi konfidensial informasiyanı gizli saxlamalıdır.
  • 4. BPRA-nın üzvü təşkilatın digər üzvünün və ya onu işə götürən şəxsin ləyaqətini alçaldan metodlardan istifadə etməməlidir.
  • 5. Müştərinin və ya rəhbərinin tapşırığı ilə hər hansı vəzifəni icra edən BPRA üzvü bu zaman öz xidmətlərinə görə heç kimdən qonorar, komisyon haqq və ya başqa qiymətli mükafat almamalıdır. Bunun üçün vəziyyəti hərtərəfli araşdırmış müştərinin və ya rəhbərin icazəsi olmalıdır.
  • 6. BPRA üzvü potensial müştəriyə və ya rəhbərə təklif edə bilməz ki, onun öz işinə görə alacağı qonorar və ya mükafat əldə etdiyi nailiyyətlərdən asılı olsun; bu məqsədlə o, heç bir danışığa getməməlidir.

C. İctimaiyyət və KİV-lə münasibətlər

  • 1. BPRA üzvü öz peşəkar fəaliyyətini cəmiyyətin maraqlarına uyğun və şəxsi ləyaqətə tam hörmət üzərində qurur.
  • 2. BPRA üzvü KİV-nin nüfuzuna zərər gətirən heç bir fəaliyyətə yol verməməlidir.
  • 3. BPRA üzvü işlədiyi təşkilat haqqında istənilən şəraitdə hərtərəfli və düzgün informasiya təqdim etməlidir.
  • 4. BPRA üzvü hər hansı açıq məqsədi bəyan edən, əslində isə başqa üzvün və ya onun müştərisinin xüsusi şəxsi və ya gizli maraqlarına xidmət edən təşkilat yaratmamalı, belə maraqlardan və təşkilatlardan maddi  gəlir güdməməlidir.

D. Həmkarlarla münasibətlər

  • 1. BPRA üzvü bilərəkdən başqa bir üzvün peşəkar nüfuzunu və ya fəaliyyətini qaralamamalıdır. Bununla yanaşı, əgər BPRA üzvünün əlində başqa üzvün qeyri-etik davranışı, qeyri-qanuni və nalayiq hərəkətləri və ya bu kodeksi pozması haqqında məlumat varsa, o, həmin informasiyanı BPRA-nın şurasına təqdim etməlidir.
  • 2. BPRA üzvü başqa üzvün müştərisini onun əlindən almağa səy göstərməməlidir.
  • 3. BPRA üzvü başqa üzvlərlə bu kodeksin maddələrinə əməl olunması və onların yerinə yetirilməsi sahəsində əməkdaşlıq etməlidir.

Müəllif: Rafiq İsmaylov
Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı

Top