Siyasi PR-də bir inkaredilməz tezis var: seçicinin namizədlə birbaşa əlaqə saxlamaq, bilavasitə ünsiyyət yaratmaq imkanı son dərəcə məhdud olduğundan, namizədin imici, obrazı, ekrandakı və ya qəzet səhifəsindəki şəkli onun seçiminə böyük təsir göstərir. Riçard Niksonun nitqlərini yazan Rey Prays bu seçimi namizədin obrazı ilə seçici arasında gedən «kimyəvi prosesin nəticəsi» adlandırır. Doğrudan da, əslində seçilən — şəxsin özü deyil, onun obrazıdır, çünki seçicilərin 99 faizinin namizədlə bilavasitə ünsiyyətdə olmaq imkanı yoxdur. Burada şəxs deyil, onun ekrandakı görünüşü; namizədin necə olması deyil, onun necə görünməsi və seçicilər tərəfindən necə qəbul edilməsi əsas rol oynayır. Odur ki, imicmeyker də öz müştərisini yox, onun haqqındakı təəssüratı dəyişməyə və ya sadəcə gücləndirməyə çalışır. O başa düşür ki, seçici istənilən siyasətçini daim öz ideal namizəd və ya prezident obrazı ilə müqayisə edir.
Bütün bunları nəzərə alaraq, PR tədqiqatçıları siyasətçilərlə işləyən imicmeykerlərə öz seçkiqabağı strategiyalarını aşağıdakı şəkildə qurmağı məsləhət görürlər:
siyasətçinin uğrunda mübarizə apardığı vəzifənin sahibində auditoriyanın görmək istədiyi cəhətlərin müəyyən edilməsi;
bu cəhətlərin namizədin obrazına «yeridilməsi» və onun müvafiq imicinin yaradılması;
bu obrazın seçicilərə qəbul etdirilməsi.
Məsələn, əgər seçicilərin böyük əksəriyyəti işsizlik, yoxsulluq kimi sosial bəlalar qarşısında qorxu içində yaşayırsa, namizədin obrazı bu qorxunu aradan qaldıran «qəhrəman» obrazı olmalıdır. Namizəd sübut etməlidir ki, o, seçiciləri bu bəlalardan hamıdan yaxşı müdafiə edə bilər. Lakin seçici auditoriyasını da yekcins kütlə şəklində qəbul etmək olmaz. Qadınlar və kişilər, gənclər və qocalar, biznesmenlər, qulluqçular və işsizlər çox vaxt namizəddən tamamilə fərqli, bəzən isə bir-birinə zidd hərəkətlər və qərarlar gözləyirlər. Buna görə də seçki ərəfəsində keçirilən sosioloji sorğuların əhəmiyyəti artır. Siyasi imicmeykerlər öz müştərilərinin obrazını yaradarkən məhz bu sorğuların nəticələrinə əsaslanırlar.
Qərb imicmeykerləri həm təcrübi, həm nəzəri cəhətdən siyasi PR-də çox böyük nailiyyətlər qazanıblar. Hazırda Qərbdə, demək olar ki, heç bir siyasətçi PR mütəxəssisinin köməyi olmadan yüksək nəticə əldə edə bilməz. Onlardan biri, Britaniyanın keçmiş baş naziri Con Meycor seçkilər ərəfəsində belə bir cəhddə bulunmuşdu. Meycor imicmeykerlərin yardımından imtina edərək bildirmişdi ki, o, necə varsa, xalqına da eləcə görünmək istəyir. Lakin elə birinci rəsmi çıxışından sonra — qəzetlər Meycorun proqramını bir kənara qoyub, onun geyimini müzakirə etməyə başlayanda — gələcək baş nazir fikrindən dönməli və məsləhət üçün PR mütəxəssislərinə müraciət etməli oldu. PR-menlər isə ilk növbədə onun eynəyini və kostyumunu dəyişdilər.
Helmut Kolun da imicmeykerləri seçkilər zamanı onun eynəyi, pencəyi və hətta saç düzümü üzərində xeyli işləmişdilər. Almaniyanın gələcək kansleri imicmeykerlərin köməyi ilə dilini dialektizmlərdən təmizləməyə müvəffəq olmuşdu (əlbəttə, qubernatordan fərqli olaraq, ölkə başçısı hər hansı dialektdə danışmamalıdır). Bundan bir neçə il sonra Almaniyada keçirilmiş sorğunun gözlənilməz nəticəsi təcrübəli PR mütəxəssislərinin nəyə qadir olduğunu bir daha nümayiş etdirdi: sorğuda iştirak etmiş alman əhalisinin böyük bir hissəsi Kolun işlənmiş maşınını almağa hazır olduğunu bildirdi. Alman təfəkküründə az qala dönüş demək olan bu nəticəni almaq üçün imicmeykerlər sorğu ərəfəsində böyük iş aparmışdılar.
Bill Klintonun PR üzrə məsləhətçisi onun arvadı Hillari Klinton olmuşdur. Hillari isə öz növbəsində ərinin imici ilə bağlı məsələlər barədə ölkənin aparıcı jurnalistləri ilə vaxtaşırı məsləhətləşirdi. (Bu görüşlər mətbuat üçün nəzərdə tutulmurdu. Lakin bir dəfə «Nyu-York Tayms» qəzetinin müxbiri jurnalist etikasını pozaraq həmin görüşlər haqqında məlumatı qəzet səhifələrinə çıxarmışdı və bu, cəmiyyətdə qalmaqala səbəb olmuşdu). Hillari ərinin sağlam ruha və vücuda malik, idmanla məşğul olan və saksafon çalan orta yaşlı amerikalı obrazını yaratmağa müvəffəq olmuşdu ki, bu obraz hətta Monika Levinski ilə bağlı məhkəmə proseslərində də Klintonin çox karına gəlmişdi.
Deyildiyi kimi, siyasi kampaniyaların təşkili zamanı əhalinin təsəvvüründə olan «ideal siyasi xadim» obrazı dərindən öyrənilməlidir. Bunun üçün isə ilk növbədə iki amil nəzərə alınmalıdır:
əhalinin mental xüsusiyyətləri;
konkret siyasi şərait.
Uğursuz çıxışları və hərəkətlərinə görə xalq arasında «bambılı» adlandırılan Əbdürrəhman Vəzirovdan sonra Azərbaycanın rəhbəri Ayaz Mütəllibov oldu. Artıq bu dövrdə müstəqillik qazanmış Azərbaycan xalqı Moskva tərəfindən təyin olunmasını və 20 Yanvar dalğası üzərində hakimiyyətə gəlməsini Mütəllibova bəlkə də bağışlayardı. Lakin o, siyasi şəraiti düzgün qiymətləndirmədi: xalqın demokratiya və azadlıq meyllərini reallaşdırmağa, Qarabağ problemini tezliklə həll etməyə çalışan prezident əvəzinə, 60-cı illərin «trapes» şalvar geyinən bakılı oğlanı obrazını yaratdı. Mütəllibov unutdu ki, Azərbaycan Şərq ölkəsidir və yalnız Bakıdan ibarət deyil. Toni Blerin bir vaxtlar rok-qrupda gitara çalması bu gün də onun müsbət imicini yaradan amillərdəndir. Lakin Toni Bler Azərbaycanın deyil, Britaniyanın baş naziridir.
1992-ci ildə Əbülfəz Elçibəy prezident seçildi. Seçki kampaniyası zamanı ona təcrübəli imicmeykerlərin kömək etdiyini düşünmək gülünc olardı. Sadəcə olaraq, Azərbaycan xalqı azadlığa, demokratiyaya, vətənpərvərliyə, millətçiliyə can atırdı. Elçibəy obrazı isə bütün bu amilləri özündə birləşdirirdi. Prezidentə xas olmalı digər «klassik» cəhətlər» o dövrdə çox az əhəmiyyət kəsb edirdi. Təəssüf ki, prezidentliyi dövründə də Elçibəyin obrazında təcrübəli «PR-men əli» hiss olunmadı. Onun həm davranışında, həm də nitqlərindəki sadəlik, bəzən səliqəsizlik ölkə başçısını bütləşdirməyə alışmış şərq mentalitetinə uyğun gəlmirdi. Beləliklə, xalq «millətçi demokrat» obrazını prezident seçdi, lakin onda «klassik prezident» obrazını görmədikdə, bir çoxları fikrini dəyişdi.
Belə düşünmək olar ki, hərbi-siyasi burulğanlar dövründə PR-nin rolu zəifləyir. «Güc» amili — hərbi qüvvə, güclü iqtisadi dayaq, möhkəm komanda — ön plana keçir. Bununla yanaşı, hətta belə mürəkkəb dövrlərdə də ictimaiyyətlə əlaqənin əhəmiyyətini inkar etmək olmaz. Əksinə, dəqiq düşünülmüş siyasi PR strategiyası «çılpaq» fiziki gücə qalib gələ bilər. Həlledici anda xalq qarşısına çıxmaq, onu inandırmaq və beləliklə öz tərəfinə çəkmək, arxasınca aparmaqla siyasi lider fiziki cəhətdən daha güclü rəqiblərinə qalib gələ bilər. Əlbəttə, bu addım risklidir, çünki belə məqamlarda kütlələrin reaksiyasını qabaqcadan dəqiq proqnozlaşdırmaq mümkün deyil. Buna görə də bu taktika siyasi liderdən güclü ritorika və xarizmlə yanaşı, kütlələrin əhval-ruhiyyəsini bilmək və düzgün qiymətləndirmək bacarığı tələb edir. Belə bir addımı Heydər Əliyev 1994-cü ilin martında atdı (əhalini Prezident aparatının qarşısına dəvət edib onun önündə alovlu çıxış etdi) və XTPD-nin qiyamını yatırmaq üçün xalqın dəstəyini, bir növ «razılığı»nı aldı.
Ölkə daxilində hərbi-siyasi qarşıdurmalar zamanı ictimaiyyətlə əlaqəni daha da sıxlaşdırmaq və şəffaflaşdırmağın bir sıra üstünlükləri var:
1. Belə zamanlarda əhalidə çaşqınlıq, həyəcan artır, informasiya axınının məhdudlaşması müəyyən şayiələr yaradır. Bu cür şəraitdə siyasi liderin mətbuat, televiziya vasitəsi ilə və ya kütləvi tədbir təşkil etməklə xalqla səmimi ünsiyyətə girməsi bu həyəcanı azaldır və həmin liderə inamı gücləndirir.
2. Kəskin siyasi qarşıdurma zamanı müşahidə olunan informasiya aclığı əhalinin seçimini çətinləşdirir. Bu zaman tərəflərdən hansı xalqla daha səmimi və açıq ünsiyyətə girirsə, əhali də onu daha çox «özününkü» sayır, həmin şəxslə özünü daha rahat hiss edir və onun arxasınca getməyə razılıq verir.
3. İlkin mənbələrdən informasiya olmadığı şəraitdə qarşı duran tərəflərdən birinin əhali ilə açıq ünsiyyətə girməsi ona həqiqəti öz mənafeyinə uyğun şəkildə açıqlamağa imkan verir.
DÖVLƏT TƏŞKİLATLARINDA PR
Qərb ölkələrində dövlət səviyyəsində həyata keçirilən PR siyasəti bir aksioma əsaslanır: «Hökumət xalqın rifahı və əmin-amanlığı naminə işləməlidir, lakin xalq da arxayın olmalıdır ki, hökumət onun rifahı və əmin-amanlığı naminə səmərəli işləyir».» Məhz bu inam iqtidara imkan verir ki, ölkədə sabitlik yaratsın və öz siyasətini sakit şəraitdə həyata keçirsin.
Beləliklə, əhalinin hakimiyyətə inamını yaratmaq dövlət strukturlarında PR-nin strategiyasını təşkil edən başlıca məqsəddir. Bəs inam nədən yaranır, onun tərkib hissələrini hansı kateqoriyalar təşkil edir?
1. Alilik
Hələ qədimdən bəri hökmdarları rəiyyətdən fərqləndirmək üçün onların allahlarla, gözəgörünməz qüvvələrlə bağlılığını iddia edirdilər. Məhz buna görə də bir çox qədim və erkən orta əsr dövlətlərində hakimiyyət ierarxiyasında hökmdardan sonra baş kahin dururdu. Bu bağlılıq hakimiyyəti təmsil edənə xüsusi status verir, onun dövləti idarə etməsini asanlaşdırırdı.
Diktatorlara xas olan alilik bir sıra zahiri elementlərlə möhkəmləndirilirdi — xüsusi müraciət formaları («qibleyi-aləm», «şah sağ olsun»), pulların üstünə hökmdarın şəklinin həkk olunması və s. bu qəbildən olan elementlər idi.
Bir sıra Şərq və keçmiş sovet ölkələrində hökmdar aliliyinin atributları bu gün də qalmaqdadır. 1998-ci ildə «Nezavisimaya qazeta» yazırdı: «1993-cü ildə Azərbaycanda və Qazaxıstanda Heydər Əliyevin və Nursultan Nazarbayevin çoxlu sayda portretləri peyda oldu. Həmin ildə Türkmənbaşı Saparmurat Niyazovun təsvirləri ilə markalar buraxılmağa başlandı. Niyazovun portreti bütün türkmən pullarının üzərinə həkk olundu».»
Bununla yanaşı, dövlət başçısının aliliyinə xüsusi işarə edən bir sıra mərasimlər, demək olar ki, bütün ölkələrdə, o cümlədən inkişaf etmiş Qərb ölkələrində də mövcuddur. Buna misal olaraq, prezidentlərin inauqurasiyalarını, başqa ölkə başçılarının qəbulu və yola salınması ilə bağlı protokol qaydalarını, bir sıra dövlət mərasimlərindəki etiketi göstərmək olar. Bütün bu zahiri elementlər müasir dünyamızda nə qədər qəribə görünsə də, heç bir ölkənin PR-menləri onları dəyişməyə cəhd etmir, əksinə, yeni uğurlu elementlər fikirləşib tapmağa çalışırlar.
2. Qətiyyət
ABŞ-da 1992-ci ilin prezident seçkiləri zamanı seçicilərin 51%-i Buşu, 15%-i isə Klintonu daha yüksək və saf mənəviyyata malik namizəd hesab edirdi. Lakin seçkilərin nəticəsinə başqa bir parametr daha böyük təsir göstərdi: seçicilərin əksəriyyəti Klintonun üstün liderlik xüsusiyyətlərinə malik olduğunu qeyd etmişdi. Buş bu parametr üzrə öz populyarlığını İran körfəzində müharibə zamanı itirmişdi.
Xalq iqtidarı qətiyyətli görmək istəyir, çünki onun üçün hakimiyyət — şübhə və suallar deyil, problemlərin həlli simvoludur. Bu mənada hökumət başçısının və ya onun nümayəndəsinin ölkənin perspektivi barədə pessimist çıxışları, siyasi liderin qərarlarındakı qətiyyətsizlik və qeyri-müəyyənlik gec-tez onun iflasına gətirib çıxarır. ABŞ-da 1948-ci ildən 1984-cü ilədək keçirilən prezident seçkiləri kampaniyalarını təhlil edən mütəxəssislər bu nəticəyə gəlmişlər ki, namizədlərin məğlubiyyətə uğramasının əsas səbəbi onların Amerikanın gələcəyi haqqında pessimist çıxış etmələri olub. Uoterqeyt qalmaqalını araşdıran tədqiqatçıların fikrincə isə, iqtidar yalnız özünün etiraf etdiyi günahlarda təqsirkardır. Qalan günahları isə qərarı yerinə yetirənlərin adına yazmaq olar.
Yeri gəlmişkən, bir qayda olaraq, bütün hakimiyyətlərdə qərarları icra edənlər çox zaman onları qəbul edənlərə qurban verilir. Bunu Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin təcrübəsindən də görmək olar.
Hələ 1991-ci ilin avqust qiyamı vaxtı onun tank üstündə çıxış edən xalq qəhrəmanı obrazı yarandı. Bu imic Yeltsinə uzun müddət Rusiyanı xalqın dəstəyi ilə idarə etmək imkanı verdi. O, qətiyyətlə iqtisadi islahatlar barədə qərarlar verir, həmin islahatlar iflasa uğradıqda isə eyni qətiyyətlə onların icraçılarını işdən azad edirdi.
Lakin bu siyasi gediş dəfələrlə təkrar olunduqda iqtidara inam azala bilər, çünki əhali iqtidarı vahid bir komanda kimi qəbul edir. Dövlət başçısına inam nə qədər güclü olsa da, onun köməkçilərinin yarıtmazlığı bütövlükdə bu komandadan narazılığı artıra və liderin iflasına gətirib çıxara bilər.
3. Qayğıkeşlik və diqqətlilik
Dövlət təşkilatlarında PR-nin strategiyasını və taktikasını müəyyənləşdirən mütəxəssislərin fikrincə, əslində məmurlar onlara müraciət edən adamların böyük əksəriyyətinin şikayət və arzularını yerinə yetirmək iqtidarında deyillər. Odur ki, onların əsas vəzifəsi mütləq bu problemlərin həllinə nail olmaq deyil, əhalinin şikayətlərinə diqqət və qayğı ilə yanaşmaqdır. Q.Frankfortun «Fəlsəfənin kandarında» kitabında» qədim Misirdə hakimiyyətin fəaliyyət prinsiplərindən danışılır: «İnsanların şikayətlərini dinləyən məmur bunu sakit və acıqsız etməlidir, çünki şikayətçi onun problemlərinin həllindən çox, özünə qarşı diqqət və qayğı istəyir».
İnsanları dövlətin siyasi maraqları ilə, makroiqtisadi problemlərlə yaşamağa məcbur etmək ağlasığmaz bir işdir. Ayrı-ayrı qrupların sosial-iqtisadi problemlərini başa düşmək, onları həll etmək mümkün olmadıqda belə bu qruplarla müntəzəm danışıqlar aparmaq dövlət səviyyəsində PR-nin mühüm vəzifələrindəndir. Bu vəzifə lazımınca yerinə yetirilmədikdə cəmiyyətdə sosial narazılıqlardan və bəzən partlayışlardan yan keçmək mümkün olmur.
4. Müdriklik və uzaqgörənlik
Siseron bu keyfiyyətlərin bir-biri ilə bağlı olduğunu iddia edir: «İki keyfiyyətə malik olsanız, sizi etibarlı insan sayarlar: bunun üçün sizi uzaqgörən bir şəxs kimi tanımalı və ədalətli olmağınıza şübhə etməməlidirlər. Axı biz o adamlara etibar edirik ki, onlar, bizim fikrimizcə, daha çox anlayır, daha uzağı görür və hər dəfə vəziyyət gərginləşəndə, düzgün qərar qəbul etməklə çıxış yolunu tapmağı bacarırlar… Digər tərəfdən, biz ədalətli adamlara, yəni düz və saf insanlara o vaxt etibar edirik ki, onların yalana və qanun pozuntularına meylli olmadıqlarına bizdə şübhə yeri qalmır. Məhz buna görə də biz öz rifahımızı, mülkiyyətimizi, uşaqlarımızın taleyini onlara etibar edirik. Bu keyfiyyətlərdən ikincisi — ədalətlilik — insanların etibarını qazanmaq baxımından daha vacibdir, çünki o, hətta uzaqgörənlik olmayan yerdə belə bizi inandırır; uzaqgörənlik isə ədalətlilik, etibar olmasa, gücsüzdür. Əgər insanın saflığına inam yoxdursa, onun ağlı və hiyləgərliyi daha çox şübhə və nifrət doğuracaq».
5. Səriştəlilik
Dövlət məmurlarına inam yaradan amillərdən biri də onların dövlət işində səriştəliliyidir. Bu keyfiyyət dövlət ierarxiyasının bütün səviyyələrində vacibdir. Adi vergi müfəttişindən tutmuş nazirə qədər bütün məmurların, prezident komandasının bütün üzvlərinin öz işlərini yaxşı bilmələrinə şübhə yaranmamalıdır.
Kütlə çox zaman «səriştəlilik» ifadəsini çox bəsit mənada qəbul edir: «filankəs ingiliscə çıxış etdi», «sinədən danışdı», «jurnalisti yerinə oturtdu»«… Bununla belə, səriştəliliyin əhali arasında qəbul olunmuş «meyarlarını» öyrənmək PR mütəxəssisi üçün vacibdir. Çünki PR nöqteyi-nəzərindən dövlət kadrının öz işini nə dərəcədə professional səviyyədə yerinə yetirməsindən daha çox, onun əhali tərəfindən nə qədər səriştəli məmur kimi qəbul olunması mühüm əhəmiyyət kəsb edir.
6. Təmizlik və saflıq
Təsadüfi deyil ki, mənəviyyat baxımından böyük əhəmiyyəti olan bu keyfiyyətlər hakimiyyətə inamı formalaşdıran amillər sırasında sonuncu yerləşdirilib. Siyasət tarixi göstərir ki, yuxarıda sadalanan amilləri özündə birləşdirən dövlət başçılarına onlarda saflığın olmaması bağışlanılır. Amerika təcrübəsindən gətirdiyimiz misal (Buşla Klinton arasında seçim qarşısında qalan ABŞ seçicilərinin qətiyyəti saflıqdan üstün tutması) və eləcə də öz ən yeni siyasi tariximiz (saflığına hətta siyasi rəqiblərin belə şübhəsi olmayan Elçibəyin bir il ərzində hakimiyyətdən uzaqlaşdırılması) buna sübut ola bilər. Kimlərinsə dövriyyəyə buraxdığı «Siyasət çirkin oyundur» məsəli də kütlə psixologiyasına öz təsirini göstərir.
Bütün bunlarla yanaşı, dövlət başçısının və yüksək səviyyəli məmurların «saf insan» obrazının yaradılması həmişə PR mütəxəssislərini düşündürən məsələlərdəndir. Əgər ölkədə və ya ayrı-ayrı dövlət strukturlarında korrupsiya baş alıb gedirsə, PR mütəxəssisləri adətən bunu «müxtəlif pozucu elementlərin» fəaliyyəti» kimi qələmə verir və liderləri saf adamlar kimi bu kontekstdən çıxarmağa çalışırlar.
Azərbaycanın iri dövlət orqanlarının, demək olar ki, hamısında mətbuat katibi vəzifəsi vardır. Lakin bu şəxs heç də PR spektrinə daxil olan bütün fəaliyyət növlərini əhatə etmir. Adətən onun işi jurnalistlərin telefon zənglərinə cavab verməkdən, habelə struktur rəhbərinin mətbuat konfranslarında və başqa tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin etməkdən ibarət olur. Kompleks halında həyata keçirilən düşünülmüş PR siyasəti olmadan isə belə fəaliyyət çox zaman istənilən səmərəni vermir.
Məsələn, ABŞ-ın PR mütəxəssisləri dövlət siyasəti sahəsində öz vəzifələrinə çox geniş baxırlar. Onların fikrincə, bu vəzifələrə aşağıdakılar daxildir:
Dövlət qurumlarının fəaliyyəti haqqında vətəndaşların məlumatlandırılması.
Dövlət proqramlarının həyata keçirilməsində vətəndaşların fəal iştirakının təmin olunması (əhalinin geniş təbəqələrinin siqaret çəkməyə, yol hərəkəti qaydalarının pozulmasına qarşı kampaniyalara, habelə seçkilərdə iştiraka və s. cəlb olunması).
Vətəndaşlar tərəfindən siyasətçilərin və onların müxtəlif proqramlarının dəstəklənməsinə stimul yaradılması.
Buraya bir vəzifəni də əlavə etmək olar. Bu da dövlət strukturunun müsbət imicinin yaradılmasıdır.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəisi Edqar Huverin fəaliyyəti həmişə dövlətin güc strukturlarında PR işinin düzgün qurulmasına nümunə kimi gətirilir. Huver mətbuatla çoxillik münasibətlərindən belə bir nəticəyə gəlmişdi ki, mass-media istənilən hadisəni yüksək vəzifəli şəxsin şərhi və ya interpretasiyası ilə işıqlandırmağa daha çox meyl edir. Odur ki, hətta ən xoşagəlməz hadisəni belə bir qədər də üstünü malalamaqla şərh etmək onu mətbuatdan gizlətmək və ya müsahibədən tamamilə imtina etməkdən daha yaxşıdır. Buna görə də Edqar Huver istənilən əhəmiyyətli hadisə barədə özü jurnalistlərə məlumat verməyə çalışırdı.
Amerika cəmiyyətində FTB-nun müsbət imicini yaratmış jurnalist Kortni Kuperi də Edqar Huver bu işə cəlb etmiş, öz idarəsinin arxivlərini onun ixtiyarına vermişdi. Nəticədə Kortni Kuper FTB haqqında 3 kitab, 4 ssenari, çoxlu hekayə yazdı. Əsas məqsəd bu idi ki, FTB Amerika və dünya cəmiyyətinə peşəkar, cəsarətli, korrupsiyadan uzaq bir güc strukturu kimi təqdim olunsun. Eyni şeyi Britaniya kəşfiyyat idarəsi haqqında da söyləmək olar — onun imicini Yan Fleminq və Con le Karre yaratmışlar.
Ümumiyyətlə güc strukturlarının, xüsusi xidmət orqanlarının imicinin yaradılması PR mütəxəssisləri və jurnalistlər üçün maraqlı və cəlbedici işdir, çünki bu təşkilatların işi kifayət qədər qapalıdır və əhalinin böyük əksəriyyəti onlarla ünsiyyətdə olmadığından, cəmiyyətə istənilən obrazı «qəbul etdirmək» olur.
Bu kitabın birinci fəslində haqqında danışdığımız «daxili» və «xarici» auditoriya anlayışları dövlət səviyyəli PR-nə də aiddir. Son illərdə dilimizdə tez-tez işlədilən «informasiya blokadasını yarmaq» ifadəsi məhz xarici auditoriyalara təsir vasitələrini artırmaq, ölkənin və dövlətin müsbət imicini yaratmaq və möhkəmləndirmək mənası daşıyır.
Xarici auditoriyalarla əlaqələrin genişləndirilməsi müharibə aparan və ya başqa dövlətlərlə münaqişədə olan ölkələr üçün daha vacibdir. Birinci rus-çeçen müharibəsində iflasa uğramış rus generalitetinin fikrincə, bu müharibədən çeçenləri qalib çıxardan Cövhər Dudayevin mətbuat katibi Mövladi Uduqov olmuşdur. Məhz onun bütün dünyada, hətta Rusiyanın özündə belə bu ölkəni insan haqlarını pozan mürtəce qüvvə, çeçenləri isə azadlıqsevər xalq kimi təqdim etməsi həmin müharibədə çeçenlərin qələbəsini təmin etmişdir. Bu gün artıq dünyada lokal müharibə anlayışı yoxdur. İstənilən bölgədə superdövlətlərin, hərbi-siyasi blokların müəyyən geosiyasi maraqları var və onlar hər bir hərbi münaqişəni öz istədikləri kimi nizamlamağa çalışırlar. Bu «nizamlama» prosesində hansı tərəfin daha çox dəstək qazanacağı xeyli dərəcədə həmin tərəfin beynəlxalq səviyyədə apardığı təbliğatdan asılıdır.
Dünya miqyasında aparılan informasiya-təbliğat işinin aşağı səviyyədə olması ölkəni müəyyən iqtisadi sanksiyalara məruz qoya, onu beynəlxalq yardımlardan məhrum edə bilər.
Q.Poçepsov «Peşəkarlar üçün Pablik Rileyşnz» kitabında yazır ki, Kiyev Universitetinin tələbələri qarşısında çıxış edən bir amerikalı PR mütəxəssisi onun vitse-prezident vəzifəsini tutduğu kompaniyanın sifarişçiləri arasında Kolumbiya hökumətinin də olduğunu bildirmişdi. Kolumbiya hökumətinin narkomafiya ilə bağlılığı haqqında informasiya ABŞ-da geniş yayıldığından bir vaxtlar amerikalılar bu ölkəyə yardımı dayandırmışdılar. Belə olduqda, Kolumbiya hökuməti Amerikanın ən məhşur PR şirkətlərindən biri olan həmin kompaniya ilə müqavilə imzalayaraq, ona bu üzdəniraq imici dəyişdirməyi tapşırmışdı. Natiqin dediyinə görə, şirkət bu sifarişin öhdəsindən məharətlə gəlmiş və ABŞ-ın Kolumbiyaya yardımının bərpa edilməsinə nail ola bilmişdi.
Məlumdur ki, İran körfəzində müharibə zamanı Küveyt hökuməti bu ölkəni amerikalılara daha yaxşı tanıtmaq üçün PR təşkilatının xidmətindən istifadə etmişdi. Səudiyyə Ərəbistanı isə xüsusi olaraq ABŞ konqresmenləri üçün öz şeyxləri haqqında ayrıca kitab buraxmışdı.
Demokratiyanın əsasında informasiya və onun vasitəsilə hər bir vətəndaşın dövlət həyatının müxtəlif sahələrinə təsir etmək hüququ durur. Demokratiya yolunu tutmuş cəmiyyətdə hər bir fərd səs hüququna malikdir və onu məlumatlandırmaq vacibdir. Q.Poçepsov yazır: «Biz isə hələ də totalitar kommunikasiya qanunları ilə yaşayırıq. Bu qanunlara görə, xalqın yalnız onun əvəzinə qəbul olunmuş qərarları dəstəkləmək hüququ var. Ümumiyyətlə, əhalinin hakimiyyət strukturlarına etibar etməməsini müstəqillik dövrünün problemlərindən biri kimi qəbul etmək olar… Məhz buna görə də mətbuatda villalar, geniş mənzillər, xarici maşınlar haqqında məqalələr baş alıb gedir. Adamlar əmindirlər ki, hakimiyyətə yiyələnən şəxslər sadə camaata «kəmərlərini bərk çəkməyi» məsləhət gördükləri halda, özləri naz-nemət içərisində yaşayırlar...»
Ukraynanın bir PR mütəxəssisi demişkən, «bizim hökumət adamlarına akvarium içində balıq kimi yaşamağı öyrənmək lazımdır».
Müəllif: Rafiq İsmaylov
Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı