Əkilən an bar verən ağac

Əkilən an bar verən ağac

Harun ər-Rəşid əyin-başını dəyişdirib saray əyanları ilə kəndlərin birindən keçirdi. Öz bağçasında işləyən bir qocanı gördülər. Xəlifə yaxınlaşıb qocaya salam verdi, nə işlə məşğul olduğunu soruşdu.

Qoca cavab verdi: “Xurma ağacları əkirəm”. Harun ər-Rəşid soruşdu: “Əkdiyin fidanlar neçə ildən sonra bar verəcək?”. Qoca: “İnşaallah, on beş ildən, bəlkə də iyirmi ildən sonra”. Xəlifə heyrət içində idi: “Qoca, düşünürsən ki, 15-20 ildən sonra sağ qalacaqsan? Axı, bu ağacların məhsulunu görmək yəqin ki, sənə qismət olmayacaq”. Ağsaqqal kişi əhvalını pozmadan söylədi: “Nə olsun ki? Bizdən əvvəlkilər ağac əkdilər, meyvəsini özləri yeyə bilmədilər, biz yedik. İndi də mən əkirəm, qoy meyvəsini bizdən sonrakı nəsillər yesin”.

Qocanın alicənablığından təsirlənən Harun ona bir kisə qızıl bağışladı. Qoca qızılları alıb Allaha dua etdi: “İlahi, Sənə şükr olsun. Hamı əkdiyi ağacın bəhrəsini neçə ildən sonra görür, mən isə həmin an ağaclarımın faydasını qazandım”.

Xəlifə gördü ki, qoca həm də dindar, şükr edən, gözütox adamdır. Buna görə ona daha bir kisə qızıl verdi. Qoca yenə əllərini səmaya qaldırıb şükr etdi: “İlahi, Sənə şükr olsun. Hamının ağacı ildə bir dəfə bar verir, mənim ağacım isə dalbadal iki dəfə məhsul gətirdi”.
Harun vəziyyəti belə görəndə əyanlarına qayıtmaq işarəsi verib dedi: “Tez qayıdıb gedək. Bu kişi hər dəfə şükr edəndə mən özümü saxlaya bilməyib ona bir kisə qızıl verəcəyəm. Qorxuram ki, bütün xəzinəmi verib müflis olaram”.

Top