Dietik çay

Dietik çay

Deyilənə görə, qədim hindular köklüyün qarşısını almaq üçün razyana çayından istifadə ediblər. Mütəxəssislər də təsdiq edir ki, bu çay vasitəsilə arıqlamaq mümkündür. Razyana bədəndəki yağları hətta yaşıl çaydan belə tez əridir.

Bəs bunu necə edir?
1. Razyana toxumu maddələr mübadiləsini sürətləndirdiyindən, gün ərzində daha çox kalori xərcləməyinizə səbəb olur.
2. Toxumun tərkibindəki maddələr iştahanı azaldır, daha az yeməyə başlayırsınız.
3. Razyana toxumu qanı təmizləyir. Bu da qaraciyərin fəaliyyətini yaxşılaşdırır və orqanın bədəndəki yağları daha tez atmasına səbəb olur.
4. Razyana detoks effekti verir. Yəni, bədəni toksinlərdən və ödəmdən təmizləyir. Bu da özünüzü daha yüngül və arıq hiss etmənizə səbəb olur.
5. Razyana həm də sidikqovucudur. Bütün sidikqovucu vasitələr kimi razyana da bədəndəki şişkinliyi azaldaraq arıq görünməyi təmin edir.

6. Razyana orqanizmin daha çox melatonin hormonu ifraz etməsinə səbəb olur. Bu hormon yuxu rejiminizi qaydaya salır. Araşdırmalar göstərib ki, 8 saatlıq yuxu rejiminə əməl edənlər daha arıq olurlar.

Razyananın tərkibində bir çox mineral və vitamin var. Kalsium, maqnezium, fosfor, A və C vitamini, həmçinin, liflə zəngin olan razyana çayı sadəcə arıqlamağınıza deyil, həm də özünüzü daha sağlam hiss etməyinizə səbəb olacaq.

Razyananın bu faydalarından yararlanmaq üçün nə etməli?
Bunun üçün ən yaxşı üsul razyananı çay kimi dəmləyib içməkdir.
1 litr suyu qaynadın. Qaynayan suya 2 xörək qaşığı qurudulmuş razyana ( və ya bir az təzə razyana) töküb ocağın altını söndürün.

Qabın ağzını örtün. Otaq temperaturuna gəlməsini gözləyin. Bu çaydan gündə 3-4 stəkan içə bilərsiniz.
Razyana bəzi insanlarda allergiyaya səbəb ola bilər. Odur ki, bu çayı içməzdən öncə həkiminizlə məsləhətləşin.

publika.az
Top