Ac qalım, mədəm kiçilsin
Gün ərzində orqanizm üçün ən mühüm olan, lakin ən çox laqeydlik göstərilən məhz qidalanmadır. Yuxu zamanı uzun sürən aclıqdan sonra tezdən səhər yeməyi yemək günə ac-susuz, dəli, gərgin vəziyyətdə başlamaqdan daha yaxşıdır. Heç kim sizə yağlı qidalar yeməyi tövsiyə etmir. Az-az yeyin, gündə 3 dəfə sağlam qidalanın.
Bu gün yeyim, sabahdan pəhrizdəyəm
Bu sözlərlə özünüzü aldatmayın. Kekslər, piroqlar əla növ yağlı kabablar yemək sizin ən azı 1 həftə geri salacaq. «Can boğazdan gəlir» deməyin, eyni can məhz elə boğazdan da gedir. Zarafatlarla iştahınıza haqq qazandırmağa çalışmayın. Heç kim sizə tikənizin hesabını tutun demir. Yazda gözəl bədən quruluşuna sahib olmaq, mağazalarda «S», «M» ölçülərdəki gözəl libaslara yaxınlaşmaq istəyirsinizsə, bu məhsullardan uzaq durun.
«Light „məhsullar
Bir məhsulun üzərində “liqht» yazısını görürsünüzsə, bilin ki, siz onu görənə qədər bu məhsul çox sayda prosedurdan keçərək təbiiliyini itirib. Onun tərkibində sizə faydalı, orqanizmin ehtiyacı olan heç bir şey yoxdur. Hər zaman təbii olan məhsullara üstünlük verin.
Arıqlama çayı ilə gələn incəlik
Bazarda satılan arıqlama çaylarından uzaq durun. Müxtəlif marketinq texnikləri tərəfindən bazara təqdim olunan bu çaylar sizi arıqlatmır. Əksinə, böyrəklərinizi sıradan çıxarır. Sadəcə çay əvəzinə suya üstünlük verin, nanə dəmləyin, zəncəfil için, bu sizin 7 sm-ə qədər incəlməyinizə kömək edəcək.
Su içmək doğrudur, amma qədərində
Su həyat mənbəyidir. Bədənimizin böyük əksəriyyəti mayedir. İnsan orqanizminin suya olan tələbatı heç vaxt bitməz, xüsusilə də yaya aylarında bu daha da artır. Bol su istehlak etmək olduqca faydalıdır. Tez-tez su içmək metabolizmanı sürətləndirir və daha tez, rahat şəkildə kilo vermənizə kömək edir. Lakin bir səhv etdiyiniz məqam var. Bir dəfəyə orqanizmə 1 litr su istehlak etmək olmaz. Bu, zərərlidir. Gün ərzində ən azı 8-10 stəkan su için. Bu sutka ərzində çəkinizə uyğun suyun tələbatını qarşılayacaqdır.
Başqalarının pəhrizlərini tətbiq etməyin
Hər kəs üçün eyni nəticəni verəcək pəhriz yoxdur. Elə bir həkim də yoxdur. Hər kəsin fərqli orqanizmi olduğu üçün, yazılan pəhrizlər məhz sizə özəl olaraq seçilir. Ətrafınızdakı insanların sizdən tez arıqladıqlarını görüb onların pəhrizlərinə əməl etməyə qaçmayın. Aclıq və məhrumiyyət tələb edən pəhrizlərdən uzaq durun! Mütəxəssislərin sizə yazdığı pəhriz sizin bədəninizə ən yaxşı nəticə verəcək şəkildə hazırlanmışdır. Əmin olun. Sadəcə iradəli olun və artıq çəkilərdən qurtulun.
Könül Cəfərli