Necə qidalanırıq?

Necə qidalanırıq?

Yemək insanın təkcə orqanizminin tələbatını ödəmək vasitəsi deyil; o, həm də sözün əsl mənasında mədəniyyət məsələsidir. İndi dövran dəyişib, insanların əhvalı daha çox güzərançılıq üstə köklənib. Hər bir xalqın həyatında onun mətbəx mədəniyyəti xüsusi yer tutur. Bu, bir həqiqətdir ki, yemək dadlı olmalı, həm də mümkün qədər milli xüsusiyyətləri özündə ehtiva etməlidir. Amma, təəssüf ki, son vaxtlar Azərbaycan mətbəxindən uzaqlaşma hiss edilməkdədir. Hər halda, bu gün əksər azərbaycanlıların süfrəsi rəngarəng deyil; Əsas odur ki, soydaşlarımız zamanın həşirinə uymasınlar, nümayişkaranə şəkildə süfrənin zənginliyinin dalınca qaçmasınlar. Son vaxtlar əhalinin əksəriyyəti qaçaqaçdadır. Gündəlik çörəkpulu dalınca evdən çıxan adamlar çox hallarda qidalanmanın minimal qaydalarına belə əməl etməyə vaxt tapmırlar. Və əslində orqanizm üçün əsl problemlər elə bu mərhələdən sonra başlayır. Daim gərginlik içərisində olan orqanizm lazımi səviyyədə qidalanmadığı üçün onun harmoniyası, ritmi pozulur, nəticədə fəsadlar yaranır.
şaurma
Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov ayaqüstü qidalanmanın insan orqanizminə ziyanlı olmasını bildirir. Belə ki, ayaqüstü qidalanarkən insan qidalanma qaydalarına tam əməl etmir, bu səbəbdən də qəbul edilən qida orqanizmə xeyirdən çox ziyan gətirir. Adətən dədə-babadan qayda belədir ki, insan qidalanma zamanı süfrə arxasına keçir və bu proses müəyyən vaxt aparır. Heç şübhəsiz ki, qidalanmanın özü insandan xüsusi bir durum, əhval, mədəniyyət tələb edir. İnsan yeməkdən, sözün əsl mənasında, həzz almalıdır. Yemək mümkün qədər iştahla yeyilməlidir. Yolda, küçədə, ya da ki, iş başında tələsik yemək yeməyə məcbur olan insanın yeməkdən evdəki kimi həzz almasını demək mümkün deyil. Əslində, müasir insan o qədər vaxt darlığından şikayət edir ki, o, yemək yeməyə belə vaxt tapmır, mədənin «başını aldatmaq» üçün ayaqüstü qidalara üstünlük verir.
Bəs elmi cəhətdən bu cür qidalanmanın ziyanlı tərəfini necə izah etmək olar? İnsan qidalanarkən qan onun mədə-bağırsaq sisteminə instinktiv olaraq daha çox axmalıdır. Əgər insan yeriyə-yeriyə yemək qəbul edirsə, qidalanma üçün lazım olan qan digər işlərə sərf olunur. Nəticədə mədə-bağırsaq qanla tam təchiz olunmur, mədə bu səbəbdən yüklənmiş qalır, üstəlik insanın sinir sistemi də normal işləmir. Tədqiqatlar göstərir ki, Amerikadakı yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti bu səbəbdən baş verir. Belə ki, sükan arxasında qidalanan sürücünün, istər-istəməz diqqəti yayınır və o, qəza törədir. Yaxud ayaqüstü qidalanan piyadanın qanı daha çox mədə-həzm prosesinə cəlb olunduğundan gözləri qaralır, onu yuxu basır, beləliklə də yolla gedərkən yemək yemək ona baha başa gəlir — qəzanın qurbanı olur.
Ayaqüstü qidalanmada nə qədər təmizlik qaydaları gözlənilsə də, yeməyə qarşı bir hörmətsizlik var. Əlini min yerə vuran şəxs aclıq hissinə tabe olaraq, əksər hallarda əlini yumağı da unudur, əslində belədə əl yumağa imkan da olmur.
Son vaxtlar restoranlarda toy mərasimlərinin keçirilməsi qarşısıalınmaz bir qaydaya çevrilib. Azərbaycanlıların bu mərasimlərdə bir-birilərindən geri qalmamaq üçün toy süfrələrini bəzəmələri əsl yarışa oxşayır. Çox zaman toya dəvətli olan şəxs yemək bolluğundan dirsəyini stola dayamağa yer belə tapa bilmir. Təsəvvür edin ki, axşam çağı az yemək qəbul etməli olan insan bu cür mərasimlərdə bir oturuma hətta bir neçə günün yeməyini qəbul edir. Bu isə orqanizmdə yeni-yeni xəstəliklərin yaranmasına gətirib çıxarır. Deməli, qidalanma qaydasına əməl etmək hər zaman zəruridir.

Müəllif: Elçin
Mənbə: Mədəniyyət qəzeti
Top