Səhər yeməyi

Səhər yeməyi

Səhər yeməyi hər birimiz üçün çox vacibdir. O, tam oyanmağa və əhvalı yüksəltməyə xidmət edir.
Yeni araşdırmalar göstərir ki, yuxudan oyanandan sonra uzun müddət yeməyən insanlarda maddələr mübadiləsi pozulur, qanda şəkərin miqdarı aşağı düşür, yaddaş zəifləyir. Səhər yeməyi üçün ideal vaxt saat 7-dən 9-a kimidir. Həmçinin araşdırmalar göstərir ki, səhər yeməyini yeyənlər günorta və şamda az yağlı və sağlam qidalanır, gecələr orqanizmə zərərli olan çərəz yemək istəyinə rahat qalib gəlirlər. İş ondadır ki, beyində baş verən kimyəvi reaksiyalar insanı axşama doğru daha yağlı qida yeməyə həvəsləndirir. Səhər yeməyi öd kisəsində daş əmələ gəlməsindən qoruyur. Çünki səhər yeməyindən imtina edəndə öd kisəsi xəstəliyinə risk artır.
Əgər orqanizminizə zərər yetirmək istəyirsinizsə, səhər yeməyindən imtina edin. Əks halda, səhərlər sadəcə yeməyə başlayın. Bazar ertəsindən yox, yeni ildən yox, elə sabahdan. Səhərlər iştahanın olmamasına fikir verməyin. 1-3 həftə ərzində mütəmadi olaraq yesəniz, bu sizdə vərdiş halını alacaq. Şam yeməyində az yeyin. Belədə səhərlər ac oyanacaq və qidaya təbii ehtiyacınız yaranacaq.

Səhər yeməyini necə yeməli? Milli səhər yeməkləri, əlbəttə ki, fərqlidir. Klassika isə fransız yeməyi sayılır - kruassan, yağ, yumurta, portağal şirəsi, konfitür (cemin bir növü) və qəhvə. Türk səhər yeməyi - pendirli və göyərtili börək, brınza pendiri, zeytun, pomidor-xiyar və çaydır. İngilis səhər yeməyi yağlılığı ilə seçilir: bekonla (duzlanmış donuz əti) yumurta, kolbasa, qızardılmış paxla. Əlbəttə, bütün ingilislər belə yemirlər. Adətən turist kafelərində verilən belə səhər yeməyi mədəsi sağlam olanlar üçündür. Norveçlilərin səhər yeməyi qabıqla bişirilmiş kartof və kərə yağında hazırlanmış balıqdan ibarətdir. Ümumiyyətlə, soyuq ölkələrdə səhər yeməyi daha doyumlu olmalıdır. Dietoloqlara görə, ideal səhər yeməyi zülalın gündəlik normasının 1/3-ni, karbohidratın 2/3-ni, yağın 1/5-ni, həmçinin vitamin və mikroelementlərdən təşkil etməlidir.

Yulaf yarması
Yulaf qida liflərinin əvəzolunmaz mənbəyidir. Paketdəki «birdəqiqəlik» yarmadan imtina edib südlə bişirilən təbii yarmaya üstünlük verin. Yarmanı kişmiş, alma, portağal və kivi dilimlərilə bəzəyin. Suda yulaf - o qədər də pis deyil. Bunun üçün bir az quşüzümü götürüb şəkərlə qatışdırırıq, üzərinə yulaf lopaları, kişmiş və qara gavalı əlavə edib üzərinə qaynar su tökürük. 10 dəqiqədən sonra inqrediyentləri qarışdırıb yarmanı yeyirik.

Salat

Hamıya məlum olan tərəvəz salatlarının reseptləri ilə bölüşməyə ehtiyac yoxdur. Bir şeyi unutmayın ki, səhər yeməyində mayonez olmamalıdır. Ən pis halda səhər yeməyinə xama yeyin, daha yaxşısı yağsız yoğurt. Klassik «Sezar» salatı «düzgün səhər yeməyi» parametrlərinə tam uyğundur.

Harada yeməli?
Son dövrlər səhər yeməyi günə gözəl başlanğıcdır - meqapolislərdə səhər yeməyini kafelərdə eləmək dəbdədir. Birincisi, kafe şəraiti , xidmət və tam yemək (evdəki kimi yalnız çaydan ibarət olmayan) özünü yüksək qiymətləndirməyə səbəb olur. İkincisi, səhər yeməyinə dostlarınızdan kimisə dəvət edə bilərsiniz. Üçüncüsü də evdə özünüzə yemək hazırlamağa ehtiyac qalmayacaq.

Nümunəvi səhər yeməyi:

Yarım stəkan yulaf yarması
Təzə meyvələr (alma, banan, portağal, giləmeyvə)
Yağsız yoğurt

Mənbə: http://anspress.com
Top