Piy əritməklə arıqlamağın riskləri

Piy əritməklə arıqlamağın riskləri

Son illərdə plastik əməliyyatlar vasitəsilə bədəndəki artıq piyi azaltmaq Azərbaycanda xeyli dəbə minib. Özü də bu yol əl atanlar arasında təkcə müğənnilər, aktrisalar deyil, imkanı olan sıravi vətəndaşların da sayı çoxalmaqddır. Ona görə də cərrah bıçağının iştirakı olmadan həyata keçirilən piy azaltma metodu barədə bu yazı belələri üçün çox maraqlı olar.

Lipodizolv adlı bu metod zahiri gözəlliyin az qala qanuna çevrildiyi Kaliforniya ştatında xüsusilə geniş işlədilməyə başlayıb. Lipodizolv zamanı iynə ilə bədənin piyli yerlərinə xüsusi maddə vurulur və həmin maddə sadəcə piyi əridir. Lakin BBC müxbiri Devid Uillis deyir ki, prosedurun tənqidçiləri də az deyil.

"Sisi adlı bir qadın qapıdan içəri girəndə, sözün düzü onun niyə plastik əməliyyata ehtiyacı olduğun başa düşmək olmurdu. O arıq, nərmənazik, gülümsəyəndə lazerlə ağardılmış dişləri göz-qamaşdıran bir cazibədar qadındır. Lakin Sisi bədənindən razı deyil. Beləki, ayağının bud hissəsində demək olar ki, gözəçarpmayan kiçik bir piy qatı var.
Nə qədər idman eləsə də ondan can qurtara bilmir.

Amma Sisi plastik əməliyyatdan qorxur, ona görə Lipodizolv metodu ortaya çıxanda sevincinin həddi-hüdudu yox idi. Soya paxlasından düzəldilən PCDC adlı kimyəvi maddə bədənə yeridiləndə piy əritməyə başlayır. Bir neçə həftə ərzində bu prosedur piyin sonuna çıxmağa qadirdir.

Kosmetik cərrahlar bunu "möcüzəli çarə" adlandırırlar. Lakin bu müalicə metodu Britaniya daxil olmaqla bir neçə ölkədə qadağandır. Amerikanın özündə də hələki federal səviyyədə ona icazə verilmir. Lipodizolv zamanı bədən yarılmır. Çapıqlar qalmır. Prosedur 15 dəqiqə davam edir.

Dieta və idman kimi dəbdən düşmüş metodlardan fərqli olaraq, nəticələr bir neçə gün ərzində göz qabağında olur.

Yeganə fəsad, deyirlər metodun müəllifləri , iynə vurulan yerin azca şişməsi və qızarmasıdır, amma istisnaların sayı getdikcə artmaqdadır. Bir qadın hamiləlikdən ona miras qalmış piydən azad olmaq istəyirdi. Lakin qarnına vurulan iynə infeksiya yaratdı və piy bir tərəfə, qarnı üzərində tennis topu boyda şiş əmələ gəldi.

Bir həftə xəstəxanada yatmalı olda və hazırda qarnı qaşıq formasındadır.

Amerika Plastik Cərrahlar Cəmiyyətinin üzvü doktor Brayan Kinni lipodizolv metodu barədə sual verir: Yaxşı bəs bu ərimiş piy hara gedir? Hansısa yolla böyrəklərə çatır və sonra sidiklə kənar edilir? Bəlkə qara ciyərə gedir? Yoxsa əzələlərə axır?

Hələki bu proseduru tətbiq edənlər bu suallara cavab verməyiblər. Və bu narahatlıq doğurmaya bilməz. Doktor Kinni deyir ki, bu metod üzərində elmi sınaqlar aparılmalıdır. Beləki, gözəllik əvəzinə eybəcər olmaq riski böyükdür.

Lakin Sisi kimi qadınlar metodun nəticələrini möcüzə hesab edirər və deyirlər ki, bu təbii yolla çəki itirməyə vaxtları və ya iradələri olmayan insanlar üçün ən yaxşı çıxış yoludur".

Mənbə: BBC Azərbaycan

Top