Arıqlamaq üçün nə yeməli?

Arıqlamaq üçün nə yeməli?

Qreypfrut

Tədqiqatlar göstərir ki, qreypfrut pəhrizi artıq piylərin ərinməsi ilə mübarizədə real vasitədir. Bu metodun əsas mahiyyəti hər qida qəbulundan əvvəl qreypfrutun yarısının yeyilməsindən ibarətdir... Əgər siz şam yeməyindən həddindən artıq qida qəbul etmisinizsə, o zaman qreypfrut yeyə bilərsiniz. Mədədə hiss etdiyiniz ağırlıq tez bir zamanda keçib gedəcək. Meyvənin yarısında cəmi 39 kalori vardır. Əgər tam nəticə almaq istəyirsinizsə, o zaman qreypfrutdan sonra kalorisi 800-dən artıq olan qida qəbul etməyin. Deyirlər ki, bu meyvənin fermentləri məhz bu qədər kalorini parçalaya bilir.
Bundan əlavə, qeyd edək ki, qreypfrutun tərkibində xərçəng hüceyrələri ilə mübarizə aparan maddələr vardır. 2006-cı ildə İsrail həkimləri tədqiqat apararaq aşkar etmişlər ki, qreypfrutun qırmızı növündə digər növlərinə nisbətən daha çox faydalı maddələr vardır. Qanda xolesterinin səviyyəsini aşağı saldığından ürəyin işemik xəstəliyindən əziyyət çəkənlər üçün məsləhətdir. Lakin çoxları bilmir ki, qreypfrut şirəsini bəzi dərman preparatları ilə birgə qəbul etdikdə hətta insan həyatı üçün təhlükəli olan vəziyyət yarana bilər. Belə ki, bu şirə bəzi dərmanların təsirini dəyişidirir: azaldır, artırır və ya uyğunsuzluq yaradır. Ona görə də məsləhət görülür ki, dərman preparatları qəbul etmək məcburiyyətində olanlar müvəqqəti olaraq qreypfrut şirəsindən imtina etsinlər.

Balqabaq

Arıqlamaq istəyənlər üçün əla tərəvəzdir. Onun tərkibində 40 kalori vardır, onun strukturu liflidir ki, bu da olduqca xeyirlidir. Çoxsaylı tədqiqatlar göstərir ki, lifli məhsullar nəinki sağlamlıq üçün, eləcə də arıqlamaq üçün də faydalıdır. Bundan əlavə, balqabaq tez bişən tərəvəzdir. Onu darçınla, cövüzlə, badamla bişirdikdə ləzzətli olur. Dadlı, faydalı və az kalorilidir.

Mal əti

Əslində yağsız mal əti arıqlamaq üçün tətbiq olunan pəhrizlərdə xüsusi yer tutur. Əvvəla, bu məhsul sağlamlıq üçün vacib olan zülallarla zəngindir. İkincisi isə, zülallar karbohidratlara nisbətən daha yaxşı həzm olunurlar. Həm də bir parça ət insanı daha tez doydurur və aclıq hissini aradan qaldırır. Zülallar metobolizmi stimulə edir, uzun müddət doyma hissiyyatını qoruyub saxlamış olurlar.

Yaşıl çay

Onun tərkibi antioksidantlarla zəngindir və orqanizmə müsbət təsir edir. Bundan əlavə, arıqlamaq üçün istifadə olunan ən yaxşı təbii vasitələrdən biridir. Yaşıl çay orqanizmdə maddələr mübadiləsini gücləndirir, həzmi sürətləndirir, piyləri parçalamağa kömək edir, nəticədə də bədənin xarici görünüşündə yaranan problemlər aradan qalxmış olur. Bəzi tədqiqatlar göstərmişdir ki, gün ərzində 5 fincan yaşıl çay içmək artıq qidalanmanın mənfi nəticələrindən qoruya bilər. Yaşıl çay həmçinin stresslə mübarizədə sizə yardımçı ola bilər. Bütün bu deyilənlərə əməl olunarsa, həm sağlamlığı qorumaq, həm də artıq piylərdən azad olmaq mümkün olar.

Qeyd edək ki, arıqlamaq üçün dieta həm də idman hərəkətləri (aerobika, şeypinq) ilə birgə kompleks şəkildə həyata keçirilməlidir.

Müəllif:S. Aytən
Mənbə: İqtisadiyyat qəzeti

Top