Yayda yemək yeyərkən

Yayda yemək yeyərkən

Yay səbirsizliklə gözlədiyimiz fəsillərdən biridir. Bu da təbiidir. İstirahət etmək, yaxşı dincəlmək üçün çox adam bu fəsli seçir. Lakin yayda müəyyən təhlükələrdən də qorunmaq lazımdır. İstilər düşən kimi həm günəşin yandırıcı şüalarından, həm də müxtəlif qida zəhərlənmələrindən məlumatsız adamlar əziyyət çəkirlər. Ərzaq məhsullarından zəhərlənmə yüngül, orta və kəskin şəkildə olur. Təhlükəli yoluxmalardan və xəstəliklərdən qorunmaq üçün hamı gün ərzində təmizliyə, fərdi gigiyenik qaydalara daha çox əməl etməlidir. Bir sıra məsələlərə isə xüsusi diqqət yetirilməlidir.
Çay və xörək hazırlayarkən bulaq suları işlətmək məsləhətdir. Krandan aldığınız suyu qaynatmamış içməyin.
Qida zəhərlənmələrinin bir qismi meyvə-tərəvəzlərlə bağlı olur. Bazardan aldığınız meyvələri və tərəvəz məhsullarını soyuq su ilə təmiz yuyun. Bəzi meyvələri qaynar su ilə yumaq məsləhətdir.
Onu da bilmək vacibdir ki, yeməyə hədsiz meyilli olanlar izafi qəbul edilən müxtəlif salatlardan da zəhərlənirlər. Hətta qədərsiz yeyilən pomidordan, çiyələk və üzümdən də zəhərlənmək mümkündür. Ona görə də istixana məhsullarından və herbisidlərlə "doyuzdurulmuş" bitkilərdən sui-istifadə məqbul sayılmır.
Yayda müxtəlif salatların əksəriyyəti hazırlandıqdan 3-4 saat sonra təhlükəli olur. Bəzi şadlıq saraylarında isə bir neçə gün əvvəl hazırlanan salatlarla masaları təkrar bəzəməkdən çəkinmirlər. Odur ki, toylarda daha ehtiyatlı olmaq lazımdır.
Vaxtı ötmüş ərzaqlar da təhlükəlidir. Soyuducuda saxlanılması tələb olunan qida məhsullarını açıqda saxlamayın. Ət məhsullarını soyuducuda digər qida məhsullarından ayrı saxlayın. Ət bıçağından başqa məqsədlərlə istifadə etmək məsləhət deyil.
Təbiətin qoynuna dincəlməyə çıxarkən tez xarab olan qida məhsullarını günəş düşən yerdə saxlamayın. 4 saatdan artıq açıq və isti havada qalan xörəklərdən imtina edin.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya əhalisinin yarısı müxtəlif mənşəli qida zəhərlənmələrinə məruz qalır. Yay fəslində qidadan zəhərlənənlərin sayı qışa nisbətən bir neçə dəfə artır. Ona görə də dükanlardan aldığınız ərzaq məhsullarının saxlama müddətinə fikir verin. Əgər istədiyiniz malın üstündə istehsal tarixi və istifadə müddəti göstərilməyibsə, almayın. Dondurmanın tamı acıdırsa, deməli, vaxtı ötüb, yemək olmaz.
Ümumiyyətlə, yay mövsümündə zəhərlənmələrin əksəriyyəti heyvan mənşəli ərzaq məhsulları ilə bağlı olur. Ona görə də ət xörəklərini azaldın, meyvə və tərəvəzlərə üstünlük verin, daha çox təmiz havada dincəlməyə çalışın. İstirahət edərkən nədən nə qədər yeməyi yox, harada nə qədər gəzəcəyinizi planlaşdırın. Çünki insan orqanizmi üçün qanı oksigenlə zənginləşdirən qidalardan biri də təmiz havadır.

Mənbə: "Azərbaycan"
Top