Son illərdə bitki çayları ilə müalicə dünyada xeyli genişlənib. Məlumdur ki, bu gün dünya aclıqdan daha çox, toxluqdan əziyyət çəkir. Bu gün ABŞ-da hər dörd adamdan biri köklükdən əziyyət çəkir və yeməkdən üç dəfə çox arıqlamaq üçün pul xərcləyir. Bu gün dünyanın bir tərəfi aclıq içində qıvrılarkən, 1 saniyədə 5 körpə acından ölərkən, dünyanın başqa yerlərində, əsrlər boyunca istismarla, işğalla məşğul olmuş ölkələrdə köklük ən böyük bəlalardan biri kimi cəmiyyətin qarşısında dayanır. Birinin aclığı o birinin ifrat köklüyünə çevrilir və hər iki tərəf də əziyyət çəkir, biri yoxluqdan, biri çoxluqdan. Alimlər yazırlar ki, kökəlməyə qarşı sərt müdaxilə, yəni cərrahi əməliyyat və ya bu cür yanaşmalar həmişə müsbət effekt vermir, fəsadlarla nəticələnir. Onu da vurğulayırlar ki, insan tədricən, özü də təbii yolla arıqlamağa çalışmalıdır. Bu üsulların ən effektli sayılanlarından biri bitki çayları ilə arıqlamaqdır.
Bir vaxtlar Şərq ölkələrində - Çində, Yaponiyada, Hindistanda sağlamlıq məqsədi ilə geniş istifadə olunan bitki çayları yenidən dünyanın gündəminə gəlir. Məlum olur ki, bu çaylar bədənin müqavimətini gücləndirməklə yanaşı, həm də ciddi müalicəvi əhəmiyyətə malikdir, üstəlik də, arıqlamaq üçün ən uğurlu yollardan biridir.
Bu gün Azərbaycanda əksər şəfalı bitkilərdən istifadə olunmur. Çay dedikdə, ən çox ağlımıza çay bitkisi ilə yanaşı, kəklikotu, çayçiçəyi və qantəpər gəlir. Halbuki bir vaxtlar elə Azərbaycanın özündə onlarla növ bitkidən bu məqsədlə geniş istifadə olunmuş, hamısı da müsbət nəticə vermişdir. Heyva puçuru, böyürtkən kökü, meşə alması, adaçayı, cökə, palıd qabığı bunlardan bəziləridir. Arıqlamaq üçün istifadə edilən bitkilərin komponentini dəqiq bilmək lazımdır. Ona görə də bu məsələdə mütəxəssislərə məsləhət etmədən işə girişmək bir qədər də zərərli ola bilər. Çünki bitki çaylarından istifadə etməzdən əvvəl həmin adamın qan təzyiqi, ürək-damar sistemi, bədənin müqaviməti öyrənildikdən sonra onun üçün xüsusi bitki reseptləri müəyyən edilir. Məsələn, təzyiqi aşağı olanlara siz itburnu çayını məsləhət görsəniz, başgicəllənməsinə səbəb ola bilər.
Arıqlamaq üçün məsləhət görülən reseptlərdən biri belədir:
Yaşıl çay+kəklikotu+funda kolunun yarpağı (süpürgə otu)+bibəriyə (bibər növlərindən biridir)+adaçayından hazırlanmış qarışıq. Bildirilir ki, bu qarışıqlar düzgün qəbul olunarsa, insan ay ərzində 5-6 kilo arıqlaya bilər. Özü də bu arıqlama onda hər hansı fəsada səbəb olmaz.
Hər bitkidə bir şəfa, bir nemət var. Bizim üçün önəmli olan özümüzü və bizi əhatə edən təbiətdəki bitkiləri doğru-düzgün öyrənib istifadə etməyi bacarmaqdır. Allah şəfa versin!