Adətən hamilə qadının çox yeməyinə təbii baxırlar, deyirlər axı ikicanlıdır, iki nəfərin yerinə də yeməlidir. Qətiyyən belə deyil!!! Ələlxüsus da hamilə qadının öz çəkisi normadan artıqdırsa. «Hamiləyə iki nəfərlik yemək təklifi mərdimazarlıqdır» — amerikalı həkimlər xəbərdarlıq edirlər.
«Mayami Herald» qəzetində Brendan Doyle bu barədə yazır.
Ekspertlər narahatdır ki, hamilələr arasında yuxarı çəkililərin sayı əməlli-başlı artmaqdadır. Artıq çəki qeysəriyyə kəsiklərinin sayını artırır, üstəlik, çox vaxt hamilənin «qazandığı» çəki doğuşdan sonra da qalır. Artıq çəki yarımçıq doğuşları da sürətləndirir, azçəkili, yaxud da əksinə, normadan kök uşaqların doğulmasına yol açır.
ÇƏKİYƏ NECƏ NƏZARƏT ETMƏLİ
Çıxış yolu varmı? Həkimlər tövsiyə edirlər ki, kök qadınlar hamiləlik vaxtı 10 kilodan artıq kökəlməsinlər.
Hazırda Amerikada hamiləlik vaxtı orta çəki artımı təxminən 15 kilodur. Bunu Kornel Universitetinin alimi Katlen Rasmussen deyir. Hamilələr üçün təklif olunan çəki hədləri isə bunlardır:
— Az çəkili qadınlar üçün: 14-20 kilo
— Normal çəkili qadınlar üçün: 13-17 kilo
— Yuxarı çəkililər üçün: 8-13 kilo
— Həddən artıq köklər üçün: 5-10 kilo
K.Rasmussen deyir ki, bu qaydalara əməl edən qadınların çəkisi normal qalır.
ÇƏKİNƏ BAX, HAMİLƏ QAL
Alimlər onu da təklif edirlər ki, uşağa qalmamışdan çəkini sağlam həddə gətirmək, həkimlə çəkini müzakirə etmək gərəkdir. Çünki ananın çəkisi həm özünə, həm də bətnindəki körpəyə təsir edir.
«Ən yaxşı uğur onda qazanılır ki, çəki qaydaları qadınlara fərdi uyğunlaşdırılsın. Qadınların şəxsi xüsusiyyətləri nəzərə alınmadan onlara təlimat verilməsi isə daha tez-tez baş verir» — bunu isə Şimali Karolina Universitetinin ana-uşaq sağlamlığı üzrə alimi Çapel Hill deyir.
Mənbə: Azadlıq radiosu Müəllif: Arifə Kazımova