Bir-biri ilə dostluq edən iki əsgər vardı. Bunların biri vaxtı-vaxtında namazlarını qılır, hətta ən çətin şəraitlərdə belə, ibadətindən qalmırdı. O biri əsgər isə, əksinə, nəinki namaz qılmır, hətta dostunu qınayırdı:
“Neçənci əsrdə yaşayırıq? Dindarlıq vaxtıdır? Niyə özünü zəhmətə salıb gündə beş dəfə namaz qılırsan?”.
Dindar əsgər səbrlə dözür, cavab vermirdi. Nəhayət, bir gün yenə eyni söhbət düşəndə uzaqdakı zabiti dostuna göstərib soruşdu: “O zabiti görürsən? Niyə hər dəfə onun yanından keçəndə özünü toplayır, şax yeriyir, hərbi salam verirsən? Sənə hər nə əmr etsə, niyə yerinə yetirirsən,“qaçaraq” komandası versə qaçır, “farağat” komandası versə farağat durursan? O da sənin kimi bir adam deyilmi? Onun da iki əli, iki ayağı, iki gözü var. Niyə sən ona tabe olursan?”.
Dostu heyrətlə cavab verdi: “Guya özün bilmirsən niyə? Doğrudur, o da mənim kimi adamdır, amma çiynində ulduzu var!”.
Dindar əsgər gülümsədi: “Qardaş, çiynində bir dənə ulduzu var deyə, özün kimi birisinə tabe olursan, buyurduqlarını yerinə yetirisən. Amma mən yerdəki qum dənələri qədər kainatda ulduzları olan, bunların hamısını öz qüdrət və hikməti ilə idarə edən Allahın buyurduğuna tabe olub namaz qılanda sənə qəribə gəlir?”.