Bəstəkar, alim və pedaqoq Oqtay Rəcəbov. Bu görkəmli sənətkarın yaradıcılığı ilə tanış olanda qürur hissi keçirməmək olmur. O, həqiqətən Azərbaycanın mədəniyyətini, musiqisini dünyaya tanıdan sənətkarlardandır. Parlaq istedad sahibi olmaqla bərabər, həm də zəhmətkeş sənətkardır. Bəstəkar kimi daim axtarışda olub, bir-birindən gözəl mahnılar bəstələyib.
“Anam Azərbaycan” (sözləri Adil Babayevin), “Nəğmələr” (sözləri Bəxtiyar Vahabzadənin), “Necə unudum səni?” (sözləri Zivər Ağayevanın), “Zəfəran” (sözləri Nüsrət Kəsəmənlinin), “Daha nə istəyirsən” (sözləri Famil Mehdinin) və sair mahnılar dillər əzbəridir.
Bu mahnılar Şövkət Ələkbərovanın, Mirzə Babayevin, Flora Kərimovanın, Yalçın Rzazadənin ifasında populyarlaşaraq dinləyicilərin və tamaşaçıların könlünü oxşayıb. Eyni zamanda yaradıcılığının ilk vaxtlarından irihəcmli vokal və instrumental əsərlər də qələmə alıb. Uşaqlar və yeniyetmələr üçün xeyli musiqi əsəri yazıb, bir çox musiqi dərsliklərinin müəllifidir.
O.Rəcəbovun yaradıcılıq uğurları görkəmli sənətkarların diqqətini cəlb edib. Bu baxımdan onun görkəmli rus bəstəkarı, akademik D.Kabalevski ilə yaradıcılıq əməkdaşlığını xüsusi qeyd etmək lazımdır. 80-ci illərdə görkəmli bəstəkar Tofiq Quliyev məqalələrinin birində Oqtay Rəcəbovu «Qafqazın Kabalevskisi» adlandırmışdı. O.Rəcəbov D.Kabalevski məktəbinin ənənələrini ləyaqətlə davam etdirir və yayır.
Bəstəkar-pedaqoq O.Rəcəbov İncəsənət Gimnaziyasının yaradıcısıdır. Gimnaziyanın yetirmələri beynəlxalq miqyasda çoxsaylı uğurlar qazanıblar.
O, İncəsənət Gimnaziyasında işlədiyi dövrdə (1992-2001) ölkəmizdə ilk dəfə olaraq uşaqlar üçün opera studiyası və kinostudiya yaradılıb. Orada uşaqlar, məktəblilər opera və operetta janrında olan əsərlərdə aktyor, rejissor və operator kimi çıxış edərək qısametrajlı filmlər çəkilir.
O. Rəcəbov həm bəstəkarlıq, həm də pedaqoji fəaliyyətində özünəməxsus dəst-xətti ilə seçilir və tanınır. Onun 400-dən çox mahnısı müğənnilər və uşaq xor kollektivləri tərəfindən çox maraqla ifa olunur.
20-dək filmə musiqi bəstələyib. Beş simfoniya, üç opera, iki operetta, kantata, instrumental konsertlər, digər janrda əsərlər yazıb. Onun musiqi yaradıcılığına diqqət yetirdikdə görürük ki, balet janrı istisna olmaqla, musiqinin ən müxtəlif janrlarında əsərlər yazıb və böyük uğur qazanıb.
Elmi-tədqiqat işləri onun yaradıcılığında xüsusi bir sahəni təşkil edir. 1984-cü ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib, professor adına layiq görülüb.
O.Rəcəbov ötən il Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Bu, doğrudan da, böyük nailiyyətdir. Xalqımız belə sənətkarları ilə fəxr edə bilər.
Mənbə: anl.az