Xəyyam Mirzəzadə

Xəyyam Mirzəzadə

Bir var sadəcə baxıb, bir də var – Xəyyam Mirzəzadə demişkən “ildırımtək çaxıb” gedəsən!..
Ötən əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, cari yüzilliyin əfsanələrindən biri, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Hadı oğlu Mirzəzadə...

Qırxadək film, otuzadək səhnə musiqisi, sadalaya bilmədiyim sayda estrada və caz nümunələri, xeyli mahnılar yazmış, 55-ci ad günündən başladığı “Violin və orkestr üçün” əsərini 75-ci ad günü (“yubiley” yazmamağımın “nədən”i aşağıda) ərəfəsi tamamlamış bu sənətkarın həyat, yaradıcılıq və dür-düşüncə dünyasından –

Fraqmental notlarXəyyam Mirzəzadə
Doğum ünvanı, ili və anım günü: Bakı, 5 oktyabr, 1935 – 30 iyul, 2018.
Təhsil, iş-güc, qədir-qiymət və “xasiyyətnamə” cizgilərindən: 1957-də bitirdiyi konservatoriyada müəllim, kompozisiya kafedrasının müdiri (1969-1983).

Təbiəti: Müdam nikbin, zarafatcıl, şipşirin atmacalarla danışan, başdan-başa xoş-beş auralı.* Ruhsallığı: Hər yeni il köhnəkilərdən də həyat eşqli. 75-nin tamamı ərəfəsindəki müsahibəmizdə öz diliylə dediyinə görəsə (təbəssümlü bir “bunu yazmayın” sözönlüyülə) – “lap cənnət quşi kimi!”. “-Bəs, yubiley-filan?”, “-Mən “şöhrət quşi kimi” dimədim, ee!.. Təmtəraqlı yubiley məsələsi mərhum dahilərə layiq olan törəndir. Mənimsə, sadəcə, “krupnı” ad günümdür, bunu da ki, ailə çərçivəsində keçirəllər; nəsə bişirib-düşürüb yiyəllər, danışıb-gülüşüb dağılışallar...”

Yaxınlarınasa deyərmiş, “haçan ki gördüz yazmıram, deməli, o söz; yəni, sağlıqla qalın!..”
Ahıl-qocalıq dönəmində hərdən gileylənərmiş ki; “Nöşün məni daha çox “Yeddi oğul istərəm”dəki musiqimlə tanıyırlar?..” Həmsöhbətlərindən: “niyə ki, Sizin “Bizim küçə”, “Arxadan vurulan zərbə”, “Birisigün, gecəyarısı”, “Arxada qalmış gələcək” və sair filmlərə yazdıqlarınız da çox sevilir” kimi təskinliklər eşidəndəsə, “qeyidərmiş” ki; “Yox e, söhbət mənim “zamana sifarişi” ilə komsomolçulara “məhəbbət”i, cümhurçulara “nifrət”i daha da gücləndirən musiqimin bu qədər çox sevilməsindən gedir...”

Görəsən, Xəyyam müəllimə sağlığında deyən oldumu ki, o, Azərbaycan musiqisi aləmindəki nəhəng YEDDİLƏRdən biridir!..
Əvvəllər bu bəstəkarın həmin o “gileyli” filmdəki bəzi “qonq”vari (qara-qorxulu) taktlarını eşitdikcə fikirləşərdim: “o sayaq mədəni-elitar görünüşlü bir adam hara, bu cür “qara-qışqırıq”çılıq hara?!”. On il öncəki müsahibəmizdən sonrakı qənaətimsə belə: o notlar öz müəllifilə müqayisədə – nəymiş ki!..

Onunla söhbətləşdikcə gördüm bu sənətkar xüsusi “kod”lulardanmış; doğal istedad və Üzeyir bəy+Qara Qarayev təsirli təhsil qatqarında formalaşmış kod!..

O, bu məsələyə (həmkarlarımdan birilə müsahibəsində) öz adının “açma”sı konusunda da toxunub: “Xəyyam – çadır qurana deyirlər. Bu, siz bilənlərdən – “beş-on bəndəlik” çadırlardan deyil a, kürreyi-ərz tutumlu məsələdir. Ömrüm uzunu bu adı doğrultmağa çalışsam da...” Və o onillik “retro”-müsahibəmizdən –

Həmişəmüasir özəklər
“Hansı sənət olur-olsun, yüksək səviyyədə olmalıdır. Sənətkarlıqçün mütləq mühit və fədakarlıq lazımdır; təhsil aldığın məktəb, tanış olduğun adamlar sənin şəxsiyyət kimi formalaşmağında əsas amillərdəndir. Bəxtim onda gətirib ki, ziyalı ailə mühitində böyümüşəm. Uşaqlıq illərim müharibə dövrünə düşsə də, konservatoriya nəzdindəki musiqi təmayüllü orta məktəbdə skripka dərsi almış, sonra, Üzeyir bəyin Moskva, Sankt-Peterburq kimi əla sənət ünvanlarından yaxşı müəllimlər dəvət etdiyi və həmin sənət məbədləri təhsilindən qayıtmış Q.Qarayev, C.Hacıyev kimi nəhənglərin dərs dedikləri Dövlət Konservatoriyasında oxumuşam. Qara Qarayev sinfinin özü bir məktəb idi”.

“Qırxa yaxın filmə, 30-a qədər tamaşaya musiqi yazmışam, amma heç zaman heç bir kinoçu-teatrçıya deməmişəm ki, lentinizin musiqi məsələsini mənə verin. “Yeddi oğul istərəm” ekranlara çıxıb dillərə düşəndən sonra kolleqalarımdan ikisi gedib T.Tağızadənin ayağına ki, bəs, eşitdim yeni film başlamaq fikrindəsən, sənin kimi ustadın titrlərində görsənmək bizimçün çox xoş olardı...” 
“B.Vahabzadənin sözü olmasın, özümdən narazı olsam da, həyatımdan razıyam. Bəyan edim ki, Mədəniyyət Nazirliyi mənim arxivimi aldı. Çox yaxşı iş oldu; evimdə necə olacaqdı – bilmək olmaz, oradasa sağ-salamat saxlanacaq...

Ancaq “problem”im də var. Məsələ bundadır ki, bəzi adamların xoşuna gəlmirəm. Bunun məni qətiyyən narahat etməməsi isə o fağırlarçün problemə çevrilir...”
“Yaradıcılığım boyu – “icad”a çalışmışam. Həmişə də fikirləşmişəm ki, bunun fərqinə varanlar mütləq olacaq. Bu “sort” yaradıcılığın “çort”una gedə bilməyənlərdən isə “incimirəm”; mən, dünyada auditoriyası “balaca” olan böyük yazıçı, rəssam və bəstəkarların çox olduğundan xəbərdar “hərif”lərdənəm.
İndilər yalnız mahnı yazıb, “xalqa bağlı sənətkaram” mahnısı çalanlar çoxalıb. Elələri nəzərə almırlar ki, artıq zaman (məlum peşəkar musiqiçilik dövrümüzədək qoşulub-cilalanmış) “xalq mahnıları” zamanı deyil. Sürətlə irəliləyən dünya mədəniyyəti qatarının daimi sərnişini olmalıyıq. Mənə, opera yazmamağımla bağlı eyham edənlərəsə sözüm budur ki, bizim tamaşaçı sferasında bu janra o qədər də maraq yoxdur; 41-45 müharibəsinin əjdaha qəhrəmanlarından tanıdıqlarım vardı ki, bu gidi dünyanı “Koroğlu” kimi şedevri bir kərə də olsun ziyarət etməmiş tərk etdilər!..”



“Musiqişünaslıq – bəstəkarların yaradıcılıq lokomotivini hərəkətə gətirən gücdür. Ancaq bu vacib sahənin çağdaş nümayəndələrinin əksəriyyəti, sadəcə, “dissertasiyaşünaslıq” edir. Məsələn, Konservatoriyada Avropa musiqisi, müasir harmoniya kursu aparan birisinin xalq musiqisi haqda dissertasiya yazması barədə haçansa yazmaq istəsəniz, demaqogik müsahiblərinizdən biri mən!..

O cümlədən, tənqid; indilər qəzet və jurnallarda tənqidi məqalələr, yoxdur. Belə getsə, haçansa, bir musiqi janrı və ya incəsənət növünü də “məmnuniyyətlə” unuda bilərik...”

“Bəzən sizlərdən yazan olur ki, mən notlarımda təzadları çox qabardıram. Hansı ki, dünya elə təzadlardan ibarətdir. Dünya beləcə anadan olub; inkişaf – mübarizəsiz mümkün deyil…

Danışanlar var ki, konservatoriya yaxşı bəstəkar hazırlamır. Elə deyil. Mümkün ola bilməz ki, beş nəfər tələbə qəbul edib, beş də vunderkind buraxasan. Onlardan bircəsi belə normal fazaya yetişsə, mədəniyyətimizçün qazancdır. Xəyalınız siyasi-iqtisadi müstəqilliklə sənət-incəsənət “müstəqil”liyini səhv salanların dediklərinə getməsin. Necə ki, ədəbiyyatda şairlər də var, qafiyədüzənlər də. Uşaqlıqda hamımız şeir yazmışıq, böyüyəndəsə, başa düşmək lazımdır ki, şeir oyun-oyuncaq deyil! Vaxtilə pullu birisi (dərs alıb bəstəkar kimi də məşhurlaşmaqçün) müraciət etdiyi İ.Stravinskidən belə bir cavab almışdı: “Siz də əvəzində mənə pulu necə qazanmağı öyrədərsiz...”

Üzeyir Hacıbəylilər, Qara Qarayevlər gündə doğulsaydı, “dahilik” statusunun özü də cılızlaşardi!..”



Tahir ABBASLI
Top