Rafiq Babayev

Rafiq Babayev

Rafiq BabayevBabayev Rafiq Fərzi oğlu (31.03.1937 — 19.03.1994)
Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq Artisti (1993).

Rafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır).

Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır.

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitirərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görmüşdür. Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olur. Onun «Bayatı-kürd» ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir.

Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K.Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstərirdilər.



1991-ci ildə Rafiq Babayev «Cəngi» folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı.

1993-cü ildə Rafiq Babayevə Azərbaycanın Xalq Artisti adı verilmişdir. 1994-cü il martın 19-da onlarca sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Belələrindən biri də Rafiq Babayev idi. Metro stansiyasında baş vermiş partlayış nəticəsində Rafiq Babayev həyatla vidalaşdı.

mk.musigi-dunya.az
Top