Mən ritmin quluyam

Mən ritmin quluyam

Uşaqlığım yaxşı keçib, qardaşlarımla çox əylənirdik, amma nədənsə həmişə özümü tənha hiss edirdim.

Mən qara amerikalıyam. Öz irqimlə, kimliyimlə fəxr edirəm.

Əgər Hollivudun plastik əməliyyat edən bütün sakinləri şəhəri tərk etsə, orada heç kim qalmayacaq.

Heç vaxt bir işdən sona qədər razı qalmıram. Mən perfeksionistəm. Əlbəttə ki, özümdən razı insan da deyiləm, bu səbəbdən, güzgüyə az-az baxıram.

İsaya bənzəməyə və onun nəsihətləri ilə yaşamağa çalışıram. O, bizə uşaqları sevməyi, onlar kimi təmiz və günahsız olmağı, dünyaya uşaqların gözü ilə baxmağı və ətrafımızdakı hər şeydə möcüzə axtarmağı vəsiyyət etmişdi.

Dünyada ən güclü şey insan və onun duasıdır.

Cəsarət səmimiyyət üçün lazımdır...

Bu günə qədər bulud və qürubun görünüşünə heyranam. Göy qurşağı və axan ulduz görəndə arzu tuturam. Mən meteorit yağışı da görmüşəm, dünya möcüzələrlə doludur.

Heç vaxt mahnılarımda ədəbsiz leksikadan istifadə etmirəm. Məncə, yaşlı nəsilə hörmətlə yanaşmaq lazımdır. Əgər belə mahnım olsa və zalda yaşlı bir xanım əyləşsə, özümü günahkar hiss edəcəm. Pərəstişkarların dəstəyini hiss etmək o qədər xoşdur ki… Heç vaxt onların sevgisini təbii hal kimi qəbul etməmişəm. Təkəbbürlü insan deyiləm və belə deyək, özümü ranço qonşumdan yüksək tutmuram. Sevilmək gözəl hissdir. Bütün yaradıcılığım buna hesablanıb. Səhnədə çıxış etmək üçün beyin yox, hiss lazımdır.

Gözlər görmür, ürəklə baxmaq lazımdır.

Mən ritmin quluyam, palitraya bənzəyirəm. Özümü bu saniyə necə hiss edirəmsə, o cür də rəqs edirəm. Əgər düşünməyə başlayırsansa, hər şey bitdi, sən artıq cəsədə çevrilirsən.

Evimdə özümə hava şarlarından qala düzəltmişəm. Burada gülləsi sudan olan toplar, şar atan quşatanlar var. Qalamda, həmçinin, gizlənməyin mümkün olduğu körpü və gizli guşələr də var. Buranı çox sevirəm.

Həyatımda heç vaxt uşaq zorlamamışam. Mən heç bir uşağa zərə verə bilməzdim. Ürəyimdə belə bir şey üçün yer yoxdur.

Pop-musiqi kralı adını özümə mən verməmişəm. Elizabet Teylor bunu, deyəsən, “American Music Awards” mərasimində elan etmişdi. O dedi: “Hesab edirəm ki, Maykl pop, rok və solunun kralıdır”. Mətbuat da bu sözdən yapışdı.

Öz bacarıqlarıma əminəm və tamamilə sarsılmazam. Əgər beynimə bir fikir gəlibsə, heç kim məni saxlaya bilməz.

Unutmayın, mətbuat – biznesdir. Qəzet və jurnalları gəlir götürmək üçün buraxırlar. Bəzən dəqiqlik, hətta həqiqətin olmaması da təbiidir...

Məhəbbət təsvir üçün maraqlı mövzudur. Onu hiss etmək elə asandır ki, fəqət onun barədə danışanda sanki əlindən sürüşür. Vanna otağında əlində tutduğun sabun kimi. O, əlindədir, ta onu bərk-bərk sıxdığın ana qədər… Bəzi insanlar sevgi axtarışındadırlar, sevgini özlərindən kənarda axtarırlar. Onlar düşünürlər ki, onu tutub saxlaya biləcəklər. Amma sevgi yaş sabun parçası tək əllərindən sürüşüb düşür.

Sevgini əlində saxlamaq hissi elə də pis şey deyil, sadəcə, onu əlində incə, qayğı ilə tutmağı bacarmalısan. Uçmaq istəyirsə, izn ver, uçsun. Əgər məhəbbət azaddırsa, o, həyatı canlı, sevincli və təravətli edəcək. Bu, musiqimin, rəqsimin əsası, enerjisidir...



Özünə inam hissi qorxmağın normal bir hiss olduğunu anladığın andan başlayır. Qorxmaq problem deyil. Axı hər kəs bəzən, qorxu, inamsızlıq hissi keçirir. Hər hansı şübhə və inamsızlıq hissi keçirdiyim anlar ətrafa daha açıq oluram. Qorxunun üstünə getdikcə, daha dərinə baş vurduqca, insan daha güclü olur və özünün qorxu hissindən daha güclü olduğunu başa düşür.

Ən vacibi, özün və yaxınlarınla səmimi olmaq və çoxlu çalışmaqdır. Bu gün olan sabah olmayacaq. Cəsarətli ol, mübarizə apar. Öz istedadını üzə çıxar. Etdiyin işdə ən yaxşısı özün ol.

Bir insan haqda özünüz təmasda olmadığınız müddətdə hər hansı bir nəticəyə gəlməyin. İnsanla üzbəüz ünsiyyətdə olduğunuz an onun kimliyini anlaya bilərsiniz.

Məni həmişə ittiham edirdilər ki, gizliyəm və bu, düzdür. Əgər sən məşhursansa, daim diqqət mərkəzindəsən. Sənə kənardan baxır, hər hərəkətini izləyirlər. Bunu başa düşmək olur, amma heç də həmişə xoş olmur. Məndən niyə həmişə tünd eynək taxdığımı soruşa bilərsiniz. Cavab verirəm – çünki insanların gözlərini mənə zilləmələrindən xoşum gəlmir. Tünd eynək gizlənməyin bir yoludur. Ağıl dişimi çəkəndə diş həkimi evə gedənə qədər mikrob düşməsin deyə ağzımı sarımışdı. Bu sarğıdan çox xoşum gəldi, əla idi, hətta tünd eynəklərdən daha yaxşı! Mənə elə gəlir ki, başqalarına daha çox aidəm, bu səbəbdən, bədənimin hansısa hissəsini gizli saxlayanda rahat oluram. Bilirəm, bu, qəribə səslənir, amma təkliyi sevirəm.

İnsanların xətrinə dəyməyin. Heç vaxt heç nə xahiş etməyin, başqalarının hesabına yaşamayın. Bütün bunlar bizim evimizdə günah sayılıb.

Heyvanları təbii təmizlikləri və səmimiyyətlərinə görə sevirəm. Onlar səni mühakimə etmir, sadəcə, dostun olmağa cəhd edirlər.

Gülüş və təbəssüm günəş və hava kimidir. Onlar qəlbinizdən kədər və tənhalıq hissini qovacaq…

Aytən Cavanşir
Top